"Bəzilərinin zəif saydığı “Ayntraxt” Avroliqada rəqib tanımır"
"Qarabağ" klubunun baş koordinatoru Emin Abbasovun müsahibəsi
“Qarabağ” vahid liderliyə yüksəldi. Çoxları düşünür ki, “Qarabağ” bu mövsüm nəhayət çempion olacaq. Sən necə düşünürsən?
Çempionluq haqqında danışmaq hələ çox tezdir, qarşıda hələ daha 3 dövrə var. Ancaq “Qarabağ”ımız bu mövsüm həqiqətən də əla çıxış eləyir. Son 3 oyunda ardıcıl 3 qələbə qazandıq və hər üç oyunda 3:0 hesablı qalibiyyətə sevindik. Lənkəranda çətin oyun olacağını bilirdim. Allaha çox şükür ki, oradan inamlı qələbə ilə qayıtdıq. Matçdan sonra “Xəzər Lənkəran”ın təcrübəli məşqçisi Con Toşak “Qarabağ”ın çox güclü komanda olduğunu dilə gətirdi. Bu sözləri eşitmək bizim üçün qürurdu.
Ancaq Avroliqada “Ayntraxt”ı keçə bilmədiyi üçün də “Qarabağ”ı qınayanlar az olmadı...
Biz də istəyirik ki, “Qarabağ” qrup mərhələsində çıxış etsin. Təəssüf ki, hər dəfə qarşımıza çox güclü rəqib çıxır. O vaxt deyirdilər ki, “Qarabağ” “Brügge”ni niyə keçmədi? Həmin “Brügge” Avroliqada qrup mərhələsini 1-ci yerdə bitirdi. Bu dəfə çoxları “Ayntaxt”ı keçiləsi rəqib kimi görürdü. Ancaq bir az real olmaq lazımdır. Bu gün Bundesliqanın səviyyəsi çox yüksəkdir və Almaniya çempionatından Avroliqaya vəsiqə qazanan klub heç vaxt zəif ola bilməz. Bəzilərinin zəif saydığı “Ayntraxt” Avroliqada rəqib tanımır. “Ayntraxt” ilk oyunda evdə “Bordo”ya, daha sonra isə səfərdə APOEL-ə 3 cavabsız qol vurdu. Üçüncü oyunda isə “Makkabi”ni 2:0 hesabı ilə məğlub etdi. Almaniya çempionatında isə “Ayntraxt”ı 4-cü yerdən cəmi 6 xal ayırır.
“Qarabağ”ın Premyer Liqada uğurlu çıxışı Qurban Qurbanovu millidə görmək istəyənləri yenə fəallaşdıracaq?
Mən bu barədə fikirlərimi dəfələrlə demişəm və daha bu haqda danışmaq istəmirəm. Hələ illər əvvəl onun Azərbaycan futbolu üçün nə qədər önəmli olduğunu demişdim, bu gün də deyirəm, inkişaf istəyiriksə, Qurban Qurbanova dəstək olmalıyıq. Çünki Azərbaycan futbolu onun simasında güclü mütəxəssisə yiyələnib. Futbol başbilənlərimiz də bunu anlayacaqlar. Gün gələcək, Qurban Qurbanovun güclü mütəxəssis olduğunu hamı etiraf edəcək. Şəxsən mən, Qurban Qurbanovla fəxr edirəm. Super infrastrukturu, böyük büdcəsi, çox bahalı oyunçuları olan Premyer Liqa klubları ilə üz-üzə gəldi, acı məğlubiyyətlər də yaşadı, parlaq qələbələr də qazandı. Ancaq heç zaman çıxıb şikayətlənmədi, özünü heç kimlə müqayisə etmədi və illərboyu öz zəhməti hesabına böyük hörmət qazandı. Belə insanlara həmişə hörmət etmişəm.
“Qarabağ”ın Futbol Akademiyasında işlər necə gedir?
Klub işində ən çətin sahə uşaq futboludu. Sadəcə, burada görülən işlər əsas komandanın çıxışı fonunda kölgədə qalır. Çünki hər bir klub rəhbəri üçün prioritet məsələ əsas komandanın çıxışıdır. Bizim akademiyada 200-ə yaxın uşaq var və artıq demək olar ki, onların əksəriyyətini şəxsən tanıyıram. Bu gün onlarla maraqlanmasaq, onların problemlərini həll etməsək, sabah bu uşaqlar özünü “Qarabağ”ın bir hissəsi hesab etməyəcəklər. İlk növbədə ideoloji xətt yaratmaq lazımdır və mən məhz bu məqam üzərində ciddi işləyirəm. Akademiyamızda yetişən uşaqlar “Qarabağ”da çıxış etməyin vacibliyini, "Qarabağ" adının qazandığı pulun miqdarından daha üstün bir dəyər olduğunu anlamalıdırlar. Mən onlar üçün böyük qardaş olmağa çalışıram. Ola bilər ki, bu gün mənim iş metodikam kənardan çoxları üçün anlaşılmaz görünsün. Ancaq bir gün gələcək, real transfer qiyməti yüksək olan istedad “Qarabağ”ın adına görə daha aşağı şərtlərlə müqaviləyə imza atacaq və bununla fəxr edəcək. Bax, o zaman mənim bu gün nə üçün çalışdığımın mahiyyətini anlayacaqlar. Təbii ki, bu, işin bir hissəsidir. Digər vacib məsələ kimi, uşaq futboluna peşəkar yanaşma təfəkkürünü tətbiq etməliyik. Bunun üçün böyük işlər görürük və zamanla akademiyada yeni-yeni istedadlı uşaqlar üzə çıxacaq.
Şahin Oğuz
saytlarin hazirlanmasi