“Neftçi” – “Xəzər Lənkəran” matçı ilə bağlı DİN-ə müraciət olundu

14:10 - 30 Oktyabr 2013

Rəqib klubun azarkeşləri stadiona buraxılmayacaq
 
Peşəkar Futbol Liqası (PFL) noyabrın 2-də “Neftçi” və “Xəzər Lənkəran” komandaları arasında keçiriləcək Topaz Premyer Liqasının XI tur matçı ilə əlaqədar Daxili İşlər Nazirliyinə və Bakı şəhər Baş Polis İdarəsinə müraciət edib.
 
Sportal.az xəbər verir ki, bu barədə PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev məlumat verib.
 
Onun sözlərinə görə, son illərin ən prinsipial rəqiblərinin üz-üzə gələcəyi oyunda təhlükəsizlik tədbirlərinə böyük önəm veriləcək. A. Şahgəldiyev “Neftçi” və “Xəzər Lənkəran” arasındakı oyunlara qonaq komanda azarkeşlərinin buraxılmayacağına dair AFFA İntizam Komitəsinin qərarını xatırladıb. PFL rəsmisi bildirib ki, matçın keçiriləcəyi “Bakcell Arena”da “Xəzər Lənkəran” azarkeşləri üçün sektor ayrılmayacaq. Eyni zamanda, Lənkərandakı oyunda “Neftçi” azarkeşləri üçün də sektor müəyyənləşdirilməyəcək: “Biz İntizam Komitəsinin qərarını hər iki kluba xatırlatmışıq. Həm “Neftçi”, həm də “Xəzər Lənkəran” rəhbərliyi qərardan məlumatlı olduğunu bildirib”.
 
Qeyd edək ki, oyun saat 19:00-da başlanacaq.
 
mənbə:Lent.az

Xəbər xətti