Yarı zarafat, yarı doğru
Millimizin rusları necə təəccübləndirdiyini hər kəs gördü. Ruslar da qəribə millətdilər, artıq neçənci dəfədi alman Berti Foqtsun qurub-yaratdığı Azərbaycan yığması ilə top qovurlar, amma yenə də ağılları başlarına gəlməyib. Elə hər dəfə nəsə bir möcüzə gözləyirlər.
O gün heç bilmirəm necə oldusa, Rusiyada çap olunan qəzetlərdən biri əlimə keçdi. Qonşu yığmanın qapıçısı İqor Akinfeyev komandamızla keçirilən oyun haqqında fikirlərini bölüşmüşdü. Rusların qapını etibar etdikləri İqorun jurnalistlə müsahibəsini bir balaca tərcümə elədim və təqribən belə alındı.
- İqor, Azərbaycan yığması ilə yoldaşlıq oyununda qapını qoruyurdun. Matç haqqında təəssüratlarını bilmək istərdim...
- Açığını deyim ki, oyuna düz-əməlli baxa bilmədim.
- Niyə?
- Sözün düzü, telefonla mesaj yazırdım.
- Sirr deyilsə, kiminlə mesajlaşırdın?
- Sirr deyəndə ki, təzə rəfiqələrimdən birinə şeirdən-poemadan guppuldadırdım. Sonra radio kanallardan birinin canlı efirinə qoşuldum, viktorinanın suallarına cavab verdim.
- Birinci hissənin sonlarında nədənsə narahat görünürdün. Bunun səbəbi nə idi?
- Nə gizlədim, qarnım dəhşətli dərəcədə ağrıyırdı, gördüm imkan var, özümü verdim ayaqyoluna. Azərbaycanlı futbolçuların xəbəri olmadı, hər halda mən belə anladım.
- Bəs, ikinci hissənin əvvəlində niyə səni oyunda görə bilmədik?
- Sən deyəsən məndə sirr saxlamayacaqsan... Sözün düzünə qalsa, tərslikdən sürücülük vəsiqəmin vaxtı elə həmin gün bitirdi, gördüm fürsət var, matçın şirin yerində milisə gedib bu problemi də həll etdim.
- Berti Foqtsun komandasından hansı futbolçunu xüsusi qeyd etmək istərdin?
- Nə deyim vallah, rəqib futbolçular çox uzaqda olduqlarından heç kimi görə bilmədim. Tribunanın sol tərəfində köhnə qonşularım oturmuşdu, elə onlarla bir az söhbət elədim ki, arada məni yuxu tutmasın.
- Deyəsən, yatmaqla o qədər də aran yoxdur...
- Belə də... Yatağan deyiləm, amma Azərbaycanla, Malta və Lüksemburqla oyunlar zamanı gözümün acısını ala bilirəm, bu da mənə kifayət edir.
- Müsahibələrinin birində demişdin ki, təzə albalını çox sevirsən?
- Sevirsən də sözdü? Sözün açığı, sonuncu yoxlama oyununda birdən yadıma təzə albalı düşdü. Görüşün 70-ci dəqiqəsində özümü verdim stadionun yaxınlığındakı bazara. Fürsət yaranmışkən, niyə də bundan istifadə etməyim?
- Təəssüfləndiyin anlar olurmu? Sonuncu dəfə nə zaman təəssüf hissi keçirmisən?
- Düzünə qalsa, nadir hallarda təəssüflənirəm. Sonuncu dəfə Azərbaycan millisi ilə oyunda belə bir hiss keçirdim. Yeni aldığım evə bahalı divar kağızı yapışdırmalı idim. Oyun zamanı yadıma düşdü ki, yapışqan almalıyam. Elə dükana getməyə hazırlaşırdım ki, özbək hakim matçın bitdiyini bildirdi. Görüşdən sonra da getdim hamama, başım qarışdı. Elə o gündən yapışqan ala bilməmişəm.
- Dünyanın hansı yığmaları ilə oyunda qapını qorumaq istərdin?
- Sözsüz ki, Azərbaycan yığması ilə. Elə düşünürəm ki, bütün həmkarlarım mənimlə eyni fikirdədirlər. Belə komanda ilə kim görüşmək istəməz ki...
İqor Akinfeyevin sözü olmasın, açığı, rus dilini ala-babat bilirəm. Rusiya yığmasında qapı etibar olunan adamın fikirlərini də öz bildiyim kimi tərcümə eləməyə çalışdım. Heç bilmirəm necə alındı...
Etibar Cəbrayıloğlu/“Het-trik news” qəzeti
saytlarin hazirlanmasi