Bir dəfə Moskvada YAZI

13:05 - 8 Sentyabr 2014

Həyatımda ilk dəfə idi ki, Moskvada olurdum. Nəinki Moskvada, heç Rusiyanın digər şəhərlərini də görməmişəm.  Bir vaxtlar vətənim saydığım SSRİ-nin paytaxtını daha çox kriminal hadisələri, skinxedləri, tıxacları ilə məşhur olan şəhər kimi tanıdığımdan nə vaxtsa oraya gedəcəyimi, Kremli, Moskva çayını, Lenin “baba”nı görəcəyimi ağlıma belə gətirmirdim. Ondansa, Avropanın hansısa kiçik qəsəbəsində olmaq mənə daha maraqlı gəlirdi. Yanılmışam.
 
Bakıda istidən qovrulduğumuz bir vaxtda Moskvada artıq payızdır. Ağlım kəsəndən payıza nifrət eləmişəm. Moskvada isə ilk dəfə payıza vuruldum. Bu şəhərdə soyuq və yağışlı havanın başqa yeri var. Azərbaycan əhalisinin bəlkə də yarısı nə vaxtsa Moskvada olub, ora haqqında məndən qat-qat artıq informasiyaya malikdir. Bü üzdən şəhər haqqında nəsə məlumat verməyi yersiz hesab edirəm. Təkcə onu deyə bilərəm ki, şəhər həqiqətən gözəldir, möhtəşəmdir. Ən çox da təəccübümə səbəb olan məqam şəhərin yaşıllıqlar içində itib-batmasıdır.
 
Moskvanın tərifi
 
Bir şeyin məzmununu, mahiyyətini, əsas xüsusiyyətlərini qısa şəkildə ifadə edən formula tərif deyilir. Bunu hələ orta məktəb dərsliyində keçmişik. Moskvada olduğum müddətdə özüm üçün  bu şəhərin tərifini “kəşf” etdim. Düzdür, bir qədər əndazəni aşdım. Yəni, tərif qısa alınmadı. Hər halda... Kremli, Mavzoleyi, Moskva çayı və digər görməli yerləri ilə məşhurlaşan, tıxacları ilə ad çıxaran, səliqəli və təmiz küçələrində siqnal səsləri eşidilməyən, avtomobillərdən küçəyə zibil atılmayan, kiminsə geyiminə və “qeyri-adi” hərəkətlərinə fikir verilməyən, hələ də trolleybus, tramvay və “elektriçka”ları olan, metro və avtobuslarda telefonla oynamaq əvəzinə kitab oxunan, köhnə sovet avtomobillərinin görünmədiyi... 12 milyona yaxın əhalisi, 2 min 510 min kv.km ərazisi, 867 yaşı olan qeyri-adi şəhərə Moskva deyilir.
 
Heç Moskvaya 2 günlük  səfərimin məqsədi haqqında danışmadım. Rusiyanın paytaxtına futbol üzrə Azərbaycan yığma komandasının Rusiya millisi ilə yoldaşlıq görüşü ilə əlaqədar getmişdim. Səfər AFFA-nın təşkilatçılığı ilə baş tutmuşdu və bəri başdan assosiasiya rəhbərliyinə təşəkkürümü bildirim ki, sonradan yaddan çıxar, yaxşı alınmaz.  Səfərin ilk günü o qədər də maraqlı olmadı. Yol yorğunluğu və soyuq hava şəhəri gəzməyə imkan vermədi. Əvəzində yığmamızın baş məşqçisi Berti Foqtsun mətbuat konfransı gözləniləndən  xeyli maraqlı keçdi. Alman mütəxəssis ruslarla baş tutacaq oyunda  meydana ancaq qələbə üçün çıxacaqlarını dedi. Zarafat deyil, indiyə kimi bu ölkənin millisi ilə 4 dəfə qarşılaşmışıq və onların 2-də oyun heç-heçə başa çatıb. Digər 2 oyunda isə ruslar yığmamıza çətinliklə qalib gəlmişdilər. Bir sözlə, Azərbaycan Rusiya üçün asan rəqib deyildi. Məhz buna görə Foqtsun bu açıqlamasına inanmaq istəyirdik.
 
Səfərin 2-ci günü xeyli boş vaxtımız olduğundan həmkarım, Lider TV-dən yaxşı tanıdığımız, hazırda CBC kanalında çalışan Şəmsəddin Abbasovla şəhəri gəzməyə çıxdıq. Yeri gəlmişkən, Şəmsəddin istedadlı jurnalist olduğu qədər də yaxşı yol yoldaşıdır. Onunla, ilk gedəcəyimiz ünvan hələ Bakıda olarkən planlaşdırdığımız Qızıl Meydan idi. Kremli, Moskva çayını, sovet vaxtından məşhur olan QUM-u görə bilsək də, Mavzoleydə olmaq, Lenin “baba”ya baş çəkmək istəyimiz ürəyimizdə qaldı. Buna da səbəb həmin gün Qızıl Meydanda Moskvanın təməlinin qoyulmasının ildönümü münasibətilə keçiriləcək konsert proqramına hazırlıq işlərinin aparılması idi. Məlum oldu ki, hər il sentyabrın ilk şənbə günü  bütün şəhər bu bayramı təmtəraqlı şəkildə qeyd edir.  İlk dəfə “şəhər günü” 1847-ci il aprelin 4-də (bəzi mənbələrdə yanvarın 1-də – İ.T.) mitropolit Filaret, yazıçı Konstantin Aksakov və şəhərin o vaxtkı general-qubernatoru Aleksey Şerbatovun təşəbbüsü ilə Moskvanın yaranmasının 700 illiyi ilə əlaqədar təşkil edilib və düz 100 il göstərilən tarixdə qeyd olunub. Moskvanın 800 illiyində Stalinin qərarı ilə bayram tədbirinin tarixi  bayaq da qeyd etdiyim kimi, sentyabrın ilk şənbə gününə dəyişdirilib və günümüzə kimi keçirilir. 
 
Gəldi oyun zamanı...
 
Nəhayət, ruslarla oyunun vaxtı gəlib çatdı. Qarşılaşma “Ximki” stadionunda keçirilirdi. Bu arena 18 min tamaşaçı tutumuna malik olsa da, oyunu izləməyə cəmi 3500 azarkeş təşrif buyurmuşdu. Bilmirəm, buna  rusların 2 ay əvvəl başa çatmış son mundialda  qrupda qalmaları və ya yığmamızla oyunun maraqsız olması səbəb idi. Amma fakt budur ki, azarkeşlər az qala antirekorda imza atacaqdılar. Rusiya millisinin tarixində ən az tamaşaçı 1992-ci ildə keçirilən Rusiya – Lüksemburq matçında olub – 3 min azarkeş. Demə, bizim kimi onlar da azarkeş baxımından problem yaşayırlar. Hətta oyundan sonra Rusiya millisinin baş baş məşqçisi Fabio Kapello bu problemlə təkcə millinin yox, klubların da üzləşdiklərini söylədi. Kapellodan söz düşmüşkən, qarşılaşma başa çatdıqdan sonra komandamızın futbolçularının soyunub-geyinmə otağından çıxmasını gözləyirdim. Bu məqamda Kapellonun mənə yaxınlaşaraq hirslə əlimdə olan matçın proqramını isətəməsindən çaş-baş düşdüm. Görəsən, nə olmuşdu? Kapello tərcüməçisinə proqramdakı şəklini göstərərək yüksək tonda nəsə deyirdi. Cangüdənindən nə baş verdiyini soruşduqda, don Fabionun proqramdakı şəkildə yaxşı düşmədiyini və bu haqda RFF-nin prezidentinə şikayət edəcəyini dedi. Adama deyən lazımdır, necə varsan, elə də düşmüsən.
 
Foqtsa şükür!
 
Bir qədər oyun haqda. Oyun başlamamış Berti Foqtsun meydana buraxdığı ilk 11-liyə nəzər saldıqda bir gün əvvəl onun mətbuat konfransında qələbə üçün meydana çıxacaqlarını deməsinə inam qalmadı. Start heyətində Mahir Şükürovun yerinə İlkin Qırtımovun (matçdan sonra rus kanallarının birində aparıcının İlkin haqqında söylədikləri fikirləri kaş eşitməyəydim), Bədavi Hüseynovun yerinə Rasim Ramaldanovun olması fikrimcə, yanlış addım idi. Üstəlik, Bədavinin həmişə öyrəşdiyimiz dayaq yarımmüdafiəçisi yerinə müdafiənin önündə Ruslan Abışovla yan-yana oynamasını da düzgün hesab etmirəm. Milliləşdirilmiş qeyri-azərbaycanlılar da öz yerində. Ümumiyyətlə, həmişə millidə yerli futbolçuların çıxış etməsinin tərəfdarı olmuşam. Nə qədər ki legionerlər əsas komandamızda forma geyinəcəklər, Azərbaycanın milli yox, yığma komandası olacaq. Doğrudur, 2-ci hissənin ortalarında məndə axır ki, neçə illər sonra meydanda Azərbaycan millisini görmək ümidi yaranmışdı. Son dəyişikliyə əl atan Foqts meydana Araz Abdullayevi buraxanda. Düşünürdüm ki, Araz bu yaxınlarda milliləşdirilmiş Dmitri Nazarovu əvəzləyəcək və illər sonra meydanda ilk dəfə 11 azərbaycanlı futbolçu olacaq. Axır ki, komandamız haqqında “milli” sözündən istifadə edəcəm. Çifayda. Foqts Dimanı meydanda saxladı. Həm özbəklərlə, həm də ruslarla oyunda heç nə ilə yadda qalmayan Nazarovun 90 dəqiqə meydanda olması da Foqtsun qeyri-adi qərarlarından biridir.
 
Matçdan sonra
 
Oyun haqqında uzun-uzadı yazıb qanınızı qaraltmaq isməmirəm. Onsuz da nəticədən və yığmamızın çıxışından xəbərdarsınız. Amma matçsonrası keçirilən mətbuat konfransında Foqstun verdiyi bəzi açıqlamalara toxunacam. Komandamızın bu hesabla məğlub olacağını gözləmədiyini deyən Berti Foqts əvvəlcə Bədavi Hüseynovun ona tanış olmayan mövqedə oynamasına münasibət bildirdi. Onun sözlərinə görə bu, bir eksperimant idi və yoldaşlıq oyunları da məhz belə eksperimentlər üçün nəzərdə tutulub. İlkin Qırtımovun çıxışına gəlincə, onunla yanaşı digərlərinin də oyunlarından razı qalmadığını bildirən mütəxəssis artıq Rusiya ilə oyuna kimi sentyabrın 9-da Bolqarıstanla baş tutacaq matçda meydana çıxacaq start heyətində kimlərin olacağını müəyyən etdiyini söylədi. Alman mütəxəssis bolqarlara qalib gələcəklərinə inandığını  və Avropa çempionatının final mərhələsinə düşə biləcək gücdə olduqlarını deməyi də unutmadı. Necə ki, ruslarla oyundan əvvəl bu sözləri söyləmişdi. Nə deyirəm? Allah ağzınızdan eşitsin, cənab Foqts! Bəndənizin Dimitri Nazarovla bağlı “Dimitri Nazarovu artıq yığmanın əsas heyət oyunçusu hesab edirsinizmi” sualına isə Foqts konkret cavab bildirmədi. Azərbaycanla düz-əməlli bağlılığı olmayan bu futbolçunun hansı keyfiyyətlərinə görə Foqtsun sevimlisi olduğu hələ də mənə qaranlıq qalır.
 
İki günlük Moskva səfərində baş verən maraqlı hadisələr bunlar idi. İstədiyimdən az, elə gözlədiyim qədər. Əsas odur ki, Moskva haqqında formalaşan fikrimin səhv olduğunun fərqinə vardım. Yığmamız üçün isə əsas Bolqarıstanla oyundu. Ruslara məğlub olsaq da olar. Onsuz da birinci dəfə deyil ki.
 
İlqar TAĞIYEV Bakı-Moskva-Bakı “Het-trik news” qəzeti

Xəbər xətti