"Qoy səsim batsın, amma "Qarabağ" qalib gəlsin" MÜSAHİBƏ

18:15 - 6 Noyabr 2014

"Tamaşaçıları ələ almaq böyük qabiliyyət tələb edir"

 

Sənan Şəfizadə: “Qarabağ” Azərbaycan tamaşaçısını stadionlara qaytardı”

Sənan Şəfizadəni hamımız ATV-nin idman xəbərlərindən tanıyırıq. Son illər isə o, həm də müxtəlif idman tədbirlərində aparıcılıq edir.
Sənan Səfizadəni “Qarabağ”ın avrokubok oyunlarında da aparıcı kimi görürük. Klub tərəfindən ona gələn dəvəti tərəddüd etmədən qəbul edib. O, hər matçdan əvvəl azarkeşləri qələbəyə səsləyir.
Qol.Az-ın müxbiri bu gün keçiriləcək “Qarabağ” – “Dnepr” oyunundan əvvəl S.Şəfizadə ilə görüşərək onun həm aparıcı kimi faəliyyəti, həm də oyunla bağlı fikirlərini öyrənib.

 

- Yəqin ki, biz bu gün də səni “Qarabağ”ın oyununda görəcəyik.

- Bəli. Sabahkı oyunun aparıcılığını yenə mən edəcəm. İnanıram ki, azarkeşləri bu oyunda möhtəşəm şou gözləyir. Bu gün biz “Qarabağ”a elə dəstək olmalıyıq ki, klubumuz bizdən əlavə güc alsın və meydanı qələbə ilə tərk etsin. Çünki Azərbaycan futbolunun buna ehtiyacı var.

 

- Gələk idman tədbirlərində aparıcılığına. Nə vaxt aparıcılığa başlanmısan?

- Bu sahədə ilk sınağım hələ orta məktəb illərinə təsadüf edir. 6-ci sinifdən başlayaraq orta məktəbdə tədbirlərə aparıcı kimi dəvət alırdım. Aparıcılığımı bəyənirdilər. Bu da məni hər zaman sevindirirdi. Sonradan bu sahəyə marağım artdı və jurnalistika ixtisasına yiyələndim. 2003-cü ildən ATV kanalında aparıcılıq edirəm. İlk dəfə isə sərbəst güləş üzrə Azərbaycan çempionatında tədbirin aparıcısı olmuşam. Tədbirlərdə aparıcılıq etmək mənim arzum olduğu üçün bu təklifi qəbul etdim. Amma bu sahadə ilk uğurum  AFFA-nın Gəncədə keçirdiyi bir tədbirdə oldu. Bundan sonra çox tədbirə dəvət aldım.

 

- Ancaq idman tədbirlərində aparıcılıq edirsiz?

- Əvvəllər bir çox idman növlərində keçirilən yarışlarda, futbol klublarımızın oyunlarında aparıcılıq etməyə başladım. Bu sahədə ilk uğurlarımı qazandıqdan sonra sponsor tədbirlərinə, bəzi şoulara, müxtəlif brendlərin təqdimat mərasimlərinə də dəvət aldım. Əvvəlcə belə tədbirlər mənə qəribə gəlirdi. Amma getdikcə alışdım və çox sevdim. Hətta bəzən dostlarım mənə deyirdilər ki, mən artıq şou tədbirlərinə maraq göstərirəm. Amma yox. Sadəcə bu təklifləri yaxşı dəyərləndirdim və razılıq verdim. Düzü idmanda olan emosionallıq aparıcılığıma mane olmur. Mən minlərlə insanın olduğu auditoriyanı, orada yaşanan həyəcanı sevirəm.

 

- Aparıcılıq zamanı başınıza hansısa maraqlı hadisə gəlibmi?

- Əlbəttə. Məsələn, bir dəfə “Baku Fires” boks klubu Fransa komandasıyla qarşılaşırdı. Hesab 2:1 bizim xeyrimizə olarkən azarkeşlər meydançaya kənar əşyalar atmağa başladılar.O zaman təşkilatçılar tamaşaçıları sakitləşdirməyi mənə tapşırdılar. Mən də müxtəlif yollardan istifadə etdim, rinqə çıxıb tamaşaçılara bizim qonaqpərvər xalq olduğumuzu dedim. Bundan sonra onlar sakitləşməyə başladılar. Bir də şərhçilik zamanı maraqlı bir şey olub. “Birlik kuboku”nda “İnter” (Bakı) - “Mika” (Ermənistan) oyunundan sonra erməni mətbuatı yazmışdı ki, “azərbaycanlı şərhçi  elə emosional idi ki, elə bil Çempionlar Liqasının oyununu şərh edir. O aparıcının müalicəyə ehtiyacı var”.

 

- Aparıcılığın zamanı televiziya kanallarının şərhçiləri ilə problemlərin olurmu?

-  Bəzən olur. Məndən bir az sakit olmağımı istəyirlər ki,canlı yayımda problem yaranmasın. Amma mən də üzərimə düşən işi görməliyəm. Axı, o qədər böyük kütləni diqqətdən kənar qoya bilmərəm. Sonradan bu  işi tənzimlədik. Cihazları elə quraşdırırlar ki, bir-birimizin işinə mane olmuruq.

 

- “Qarabağ”ın oyunları zamanı 30 mindən çox azarkeşlə ünsiyyət qurursan. Bu qədər geniş auditoriyani idarə etmək çətin deyil?

- Tamaşaçıları ələ almaq böyük qabiliyyət tələb edir. Müəyyən sözlərdən və hərəkətlətdən istifadə etməli olursan ki, azarkeşlər səni dinləsin. Bu oyunlarda aparıcılıq etmək həm çətin, həm də həyəcanlıdır. Məsuliyyətim böyük olur. Çünki başa düşürəm ki, kütləni idarə etmək məndən aslıdır.

 

- Sizi meydanda çox emosional görürük. Bu səsinizdə problem yaratmır?

- Olur ki, bir həftə ərzində bir neçə tədbirə dəvət alıram. O zaman çalışıram ki, səsim batmasın. Hətta bunun üçün bəzən səhərlər çiy yumurta içirəm. Bu sahədə daha təcrübəli insanlardan məsləhətlər alıram. Müxtəlif səs tembrləri var ki, tədbirlərdə bundan istifadə edirəm. Mənim üçün bir şüar var: “Qoy səs meydanda batsın, amma idmanımız, idmançılarımız, o cümlədən də “Qarabağ” qalib gəlsin”.

 

- Yəqin ki, “Qarabağ”ın oyunlarından sonra daha çox tanınmağa başlamısız.

- Aparıcılığa başlayandan sonra azarkeşlərin sevgisini daha çox hiss edirəm. Xüsusilə “Qarabağ”ın oyunlarından sonra insanların mənə marağı artıb. İstər sosial şəbəkələrdə, istərsə də şəhərdə gəzəndə məndən qələbə qazanıb-qazanmayacağımızı soruşurlar. Hətta mobil nömrəmi tapıb zəng vuranlar da olur. Elə bugünkü “Qarabağ” - “Dnepr ”oyununda olub-olmayacağımla maraqlananlar da var. İnsanların bu sevgisi məni sevindirir.

 

- Ən çox hansı oyunda həyəcanlanmısan?
 
- Belə oyunlar çox olub. Amma “Qarabağ”-“Zalsburq” (2:1) və “Qarabağ”- “Sent-Etyen” (0-0) oyunları xüsusi qeyd edərdim. Bu oyunlarda elə bir aura vardı ki, bu, məni daha emosional olmağa məcbur edirdi. “Zalsburq”la Bakıda keçirilən oyunda elə bir azarkeş dəstəyi gördüm ki, inanmağım gəlmədi. Amma  ”Qarabağ” - “Sent-Etyen” oyununda tamaşaçılar daha çılğın və möhtəşəm idi. Azərbaycan bayrağının meydanda dövrə vurması, azarkeşlərin həyəcanı, onların bayrağa toxunmaq üçün necə canfəşanlıq etməsi insanı valeh edirdi. İnanın, ağlamamaq üçün özümü güclə ələ aldım.
“Qarabağ”ın qazandığı uğurlardan sonra kluba azarkeş sevgisi artıb və stadionlarda demək olar ki, boş yer olmur.
“Qarabağ” son illərdə Azərbaycan tamaşaçısına futbolu sevdirdi, onları stadiona cəlb etdi. Azərbaycanda kütləvi azarkeş hər oyunda olmur, belə səs-küylü azarkeşlər çox azalıb. ”Zalsburq”la Bakıda keçirilən oyunda isə azarkeşlər sonacan susmadılar və ilk dəfə idi ki, bəlkədə son saniyəyəcən tribunaları heç kim tərk etməmişdi. Hətta “Zalsburq”un baş məşqçisi Adi Hütter Avstriyada keçirilən cavab oyununda mənim sualıma cavab olaraq dedi ki, “Siz azarkeşlərlə oyundan öncə neçə dəfə məşq edirsiz?” Mən “biz məşq etmirik” deyəndə o heyrətləndi. Mənə dedi ki, “ola bilməz, siz elə bir şou yaratmışdız ki, sanki ikinci hissədə meydana helikopter düşürdü”.

Xəbər xətti