"Qarabağ"ın futbolçusu Leandro Andrade Çempionlar Liqası Liqa mərhələsinin 1-ci turunun "Benfika" ilə matçından əvvəl Portuqaliya mətbuatına müsahibə verib.
Sportal.az 25 yaşlı vingerin "O Jogo" nəşrinə müsahibəsini diqqətinizə çatdırır:
- "Estadio da Luz"a səfər ərəfəsində hissləriniz necədir? Sabah necə "Benfika" gözləyirsiniz?
- Açığı, püşk çəkilişindən əvvəl aramızda danışırdıq ki, "Benfika" ilə rəqib olmaq maraqlı olar. Onları asan rəqib hesab etdiyimiz üçün yox, sadəcə "Estadio da Luz"da oynamaq böyük təcrübədir. Heyətimizdə Portuqaliyada çıxış etmiş futbolçular var. "Benfika"nın oyunlarını izləyirəm və bilirəm ki, onlar son matçdakından daha güclü ola bilərlər. "Qarabağ"ın futbolçusu kimi isə arzu edərdim ki, bizə qarşı da o səviyyədə oynasınlar (gülür).
- Bəs "Benfika" "Qarabağ"dan nə gözləyə bilər?
- Baş məşqçimizin dəqiq oyun fəlsəfəsi var. Harada oynamağımızdan asılı olmayaraq, həmişə eyni üslubda çıxış edirik. Topa nəzarət, qısa ötürmələr, qorxmadan pressinq etmək, topu qazanıb sürətli əks-hücumlara çıxmaq oyun planımızdır. Bizim sirrimiz öz oyun fəlsəfəmizi qorumaq, inamla və cəsarətlə çıxış etməkdir.
- Yəni "Luz"da müdafiəyə qapanaraq ehtiyatlı futbol oynamaq fikriniz yoxdur?
- Əlbəttə ki, yox! Biz həmişə eyni tərzdə oynayırıq, rəqibin kim olmasından asılı olmayaraq. "Braqa", "Tottenhem", "Ayaks" kimi komandalar qarşı oynamışıq.
- Tanınmış komandalar "Qarabağ"a qarşı oynayarkən bəzən yuxarıdan aşağı baxırlar?
- Bəli, bu olur. Xatırlayıram, "Braqa" ilə qarşılaşanda Portuqaliya kanallarında oyunöncəsi analizlərdə hər mövqedə futbolçuları müqayisə edirdilər və hamısında rəqibin oyunçularını üstün göstərirdilər. Bu, bizə bir az toxundu, amma əlavə motivasiya da verdi.
- 2022/23 mövsümündə Avropa Liqasında 1/8 finala yüksəldiniz və "Bayer"ə çətin anlar yaşatdınız. Amma 2024/25 mövsümündə yeni formatda sonuncu oldunuz. Səbəb nə idi?
- Çox uğurlu mövsüm keçirməyimiz bizi növbəti il geriyə saldı. Özümüzü olduğumuzdan daha böyük hesab etdik, eqomuz artdı. Sonra reallıqla üzləşdik. Amma bu təcrübə bizə dərs oldu və bu gün faydasını görürük.
- "Ferentsvaroş"la oyunda qol və qol ötürməsi ilə əsas rol oynadınız. "Luz"da da oxşar ssenari mümkündürmü?
- Bəli, demək olar hər gün xəyal edirəm (gülür). Özümə daim bunu təlqin edirəm ki, mən qol vururam və biz qalib gəlirik. İnanıram ki, düşüncə insanı istədiyinə yaxınlaşdırır. Hətta ötən şənbə komanda yoldaşım Kevin Medina ilə söhbət edirdim, ona tez-tez deyirəm ki, bu oyunda qol vuracağam və çox vaxt da elə olur. İndi də həmin hissi keçirirəm.
- Siz əsasən sağ cinahda oynayırsınız və ehtimal ki, qarşınızda Dahl olacaq. Onu necə keçməyi planlaşdırırsınız?
- Mənim əsas üstünlüyüm sürətdir, çox güman ki, bundan istifadə edəcəyəm. Dahlın oyun üslubunu yaxşı tanımıram, amma o, İsveçdə bizim hücumçumuz Musa Qurbanlı ilə bir yerdə oynamışdı. Bu da mənim üçün kiçik bir üstünlükdür.
- Sizin üçün bu oyun daha da xüsusi olacaq, çünki atanızın sayəsində "Benfika" azarkeşi kimi böyümüsünüz…
- "Qarabağ" üçün bu, 2017/18-dən sonra Çempionlar Liqasına qayıdışdır. Mənim üçün isə ilk dəfədir. Bu, çox xüsusi bir an olacaq. Uşaqlıqda xəyal etdiyimiz, amma çox az futbolçunun çatdığı bir yerdir. Üstəlik, bu, "Luz"da olacaq. Çox emosional olacaq, necə reaksiya verəcəyimi bilmirəm. Atam da futbolçu olub və onun təsiri ilə "Benfika" azarkeşi böyümüşəm. Sabah isə ürəyim "Qarabağ"ın yanında olacaq: “Atam üçün ən yaxşı ssenari "Benfika"nın 4:3 hesablı qələbə qazanması, mənim isə het-trik etməyimdir (gülür). Püşk atılanda ondan soruşdum ki, kimə azarkeşlik edəcəksən, az qala məni danlayacaqdı. Amma təbii ki, həmişə oğlunun yanında olur.
saytlarin hazirlanmasi