Övladlarımızın savadını futbola qurban verməyək
Kamran Abbasovun 20 yaşı var. Futbolla uşaq vaxtlarından məşğul olmağa başlayıb. 16 yaşına kimi “Neftçi”nin müxtəlif yaş qruplarının üzvü olub. Hücumçu olan Kamran istedadlı uşaq idi. Bacarığına görə 16 yaşında “Qəbələ”nin seleksionerlərinin diqqətini cəlb edib və Qəbələyə aparılıb. Bir il orada oynadıqdan sonra klubun əvəzedici komandasına düşə bilməyib və yenidən Bakıya qayıtmalı olub. Yeni komandası “Rəvan”ın əvəzedici heyətində 6 ay oynadıqdan sonra çiynindən ağır zədə alıb, birinciliyin ikinci dövrəsini boşa verib.
Kamran da hər bir uşaq kimi məktəbdə oxuyub. Qapısının kandarından içəri girdiyi ilk təhsil ocağı “Zəngi” liseyi olub. Aşağı siniflərdə valideynlərinin təkidi ilə təhsilə fikir versə də, böyüdükcə oxumaq arxa plana keçib. Çünki, futbolçu olmaq istəyirdi. Arzusu məşhurlaşmaq, böyük pullar qazanmaq idi. Elə Kamranın atası Namiq kişi də oğlunun peşəkar futbolçu olacağına, qazandığı pulla ailəsinə və özünə bir gün ağlayacağına inanırdı. Kamran Qəbələyə gedəndə məcburiyyətdən təhsilini orada davam etdirməli oldu. Etdirdimi? Məncə, yox. Əgər oxumaq fikri olsaydı, “Rəvan”a gələndə adını Qəbələdəki məktəbdə saxlatdırmazdı və təhsilini davam etdirərdi.
Kamranın arzusu məşhur futbolçu olub yaxşı pul qazanmaq idi. Amma alınmadı. Zədə peşəkar futbol, savadsızlıq isə ali təhsil yolunu bağladı. 2012-ci ildə Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olmaq istəsə də, lazım olan balı yığa bilmədi. Həmin ilin oktyabrında hərbi xidmətə yollanan Kamran əsgərlikdən bu ilin əvvəllərində qayıdıb. Atasına kömək edir. Gününü kiçik dükanda və I Divizion komandalarının birində məşq etməklə keçirir. Yenə də bir neçə il əvvəlki kimi böyük futbolçu olmaq arzusundadır. Yaradanın işinə qarışa bilmərəm. Amma fikrimcə, gecdir. Təhsil heç ikinci planda da yoxdur. Oxumaq isə futbolçu olmaqdan fərqli olaraq heç vaxt gec deyil.
Vaxtilə böyük ümidlərlə top qovan Kamran uşaqlıq arzusundan uzaq düşməklə yanaşı iki böyük problemlə üz-üzə qalıb – işsizlik və savadsızlıq. Bu gün övladının bu problemlərlə qarşılaşmasına ən çox üzülən Kamranın atası Namiq kişidir. Vaxtında övladının təhsilinə barmaqarası baxan və oğlunu düzgün yönləndirməyən ata Abbasov və onun səhvi nəticəsində savadsız qalan oğul Abbasov kimi insanlar çoxdur. Gələcəkdə də olmaması üçün indidən tədbir görmək lazımdır.
Futbolun övladlarımıza xeyri nədir?
Futbol ilk növbədə sağlamlıqdır. Hər bir valideyn övladının idmanla məşğul olmasına şərait və həvəs yaratmalı, onu düzgün istiqamətə yönləndirməyi bacarmalıdır. Bu məqamda söhbət təkcə futboldan getmir. İdmanın bir çox başqa növləri var ki, Azərbaycanda xeyri populyardır. Məsələn, güləş, dzü-do, boks və digərlərini misal gətirə bilərəm. Sadəcə, bu gün bütün dünyada olduğu kimi Azərbaycanda da futbol ən populyar idman növü sayılır və bu sahəyə axın digərlərinə nisbətdə xeyli çoxdur. Hər bir uşağın hansısa idman növünə istedadı var. Başqa sözlə, uşağın daxilində gizlənən istedadı üzə çıxarmaq lazımdır. Bu da ilk növbədə valideyndən asılıdır. Mövzudan uzaq düşməyim, futbolun uşaqların sağlamlığına təsirindən bəhs edirdim. Təbii ki, hər bir idman növü kimi futbol da övladlarımızın sağlam böyüməsində əvəssiz rol oynayır. Gəl ki, Azərbaycanda bu sahədə xeyli çatışmazlıqlar mövcuddur. Məsələn, bəzi məşqçilər gənc futbolçuları fiziki cəhətdən yükləyirlər. Bu da uşağın inkişafda olan orqanizminin gələcəkdə fəsadlarla üzləşməsinə səbəb olur. Və ya götürək onların məşq keçdikləri idman meydançalarını. Əksər klublarda uşaqlar süni örtüklü meydançalarda futbolla məşğul olurlar. Belə meydançalar isə uşaqların zədə almasına və fiziki yükləmələrdə olduğu kimi orqanizmin düzgün inkişaf etməməsinə gətirib çıxarır. Qısası, burada da yük valideynin üzərinə düşür. Hər bir valideyn övladını futbol məşğələlərinə yazdırmamışdan əvvəl onun necə və harada məşq keçəcəyinin, məşqçisinin savadlı olub-olmamasının fərqinə varmalıdır. Bu gün Azərbaycanda xeyli sayda əldəqayırma futbol məktəbləri fəaliyyət göstərir. Onların arasında bir çox tanınmış klubların adlarından istifadə edən işbazlar var. Cəlbedici reklamlara aldanan valideyn böyük həvəslə övladlarını həmin məktəblərə yazdırırlar. Təbii ki, burada informasiya azlığı da rol oynayır ki, onu da aradan qaldırmaq üçün futbol sahəsinə cavabdeh olan şəxslər və qurumlarla yanaşı bizim – mətbuatın da günahı az deyil. Bu haqda bir qədər sonra.
Futbolun övladlarımıza başqa bir xeyri də onların düzgün tərbiyə almalarına yardımçı olmasıdır. Hər bir uşaq boş vaxtını daim nə iləsə məşğul olmaq istəyir. Təbii ki, valideynin bütün günü övladına vaxt ayırması qeyri-mümkün olduğundan onun tərbiyəsinə diqqət yetirməsi də çətinləşir. Asudə vaxtını nə iləsə yola vermək istəyən uşaq müəyyən məqamlarda valideyn nəzarətindən yayına bilər ki, bu da onun tərbiyəsində nöqsanların yaranmasına səbəb olar. Loru dildə desəm, uşaq məktəbdənkənar vaxtını ya kompüter qarşısında keçirəcək, ya həmyaşıdları ilə əylənəcək, ya da nəsə başqa bir məşğuliyyət tapacaq. Bu məqamda onun internetdə yaşına uyğun olmayan nəyisə izləməsi və ya küçədə özündən böyüklərin təsiri altına düşməsi qaçılmazdır. Bu yerdə dadımıza idman çatır. Məhz boş vaxtın azlığı övladlarımızın düzgün tərbiyə olunmasına səbəb olur. Başqa sözlə, uşaq başını pis vərdişlərə aludə olmaqla deyil, idmanla qatır. Və nəhayət, düzgün iş aparıldığı və istedadının olduğu təqdirdə gələcəkdə həmin uşaq peşəkar idmanda uğur qazana bilər. Bu isə ailənin rifahi ilə yanaşı, ölkəmizin də baş ucalığıdır.
Bir az da ziyanından bəhs edək
Bayaq qeyd etdiyim kimi süni örtüklü meydançalarda məşq gələcəkdə gənc futbolçunun sağlamlığında müəyyən fəsadlar yarada bilər. Bundan başqa futbolda məşqçi amili də önəmli yerlərdən birini tutur. Uşağın düzgün tərbiyə olunmasında məşqçinin də əməyi əvəzsizdir. Klublarımızda son illərə kimi məşqçi seçimində müəyyən çatışmazlıqlar var idi və sevindirici hal kimi bu sahədə xeyli irəliləyişlərin olduğunu qeyd edə bilərəm. Klublarımız artıq futbol məktəblərinə müəllim kimi hər yoldan ötəni işə götürmürlər. Onların futbol savadına, təhsilinə və ən vacib amillərdən biri olan pedaqoji bacarığına önəm verirlər. Amma bu sahədə bir çox axsamalar da mövcüddür. Bu axsamalar əsasən haqqında bir qədər əvvəl bəhs etdiyim pullu futbol məktəblərinə aiddir. Bu yaxınlarda maraqlı bir elanla rastlaşdım. Deməli, adını çəkmək istəmədiyim turk klublarının birinin adından istifadə edən “iş adamları” futbol məktəbinə 6-16 yaşlı gənc futbolçuların qəbulunu elan etmişdi. Guya ki, bu uşaqlar Türkiyədən gəlmiş səviyyəli məşqçilərin rəhbərliyi altında futbolu öyrəndikdən sonra həmin klubda oynamaq şansı qazana bilərlər. 6 yaşlı uşağı başa düşdüm. 16 yaşlı gəncin futbola başlaması gec deyilmi? Əlbəttə, gecdir. Sadəcə, bu ironik sual həmin “futbol biliciləri”nə ünvanlanıb. Özü də həmin “futbol məktəbi”ndə məşğələlər pulsuz aparılsaydı, dərd yarı olardı. Məsələ burasındadır ki, həmin işbazlar həftədə 3 dəfə məşqin əvəzində valideyndən 150-200 manat pul tələb edirlər. Bəzi validyenlər isə bu məbləği həvəslə ödəyirlər. Çünki, əksəriyyəti övladlarının böyük futbolçu olacağı fikrindədir və bu yolda uşağın təhsilini, qazandığı pulu, boş vaxtını, əsəbini və s.-ni qurban verməyə hazırdır. Ödəmək imkanı olmadıqda isə uşaq məktəbdən qovulur. Bununla valideynin maliyyə itkisi ilə üzləşdiyini vurğulamaq istəyirəm. Apardığım hesablamaya görə hər bir valideyn övladının belə məktəblərdə futbolla məşğul olması üçün ayda orta hesabla 220-250 manat pul xərcləyir. Bu, ildə 3 min manata yaxın vəsait deməkdir. Klubların nəzdində fəaliyyət göstərən futbol məktəblərində isə validyen demək olar ki, heç bir vəsait xərcləmir. Çünki, məşğələlərin pulsuz olması ilə yanaşı, idman ləvazimatları və geyimləri də gənc futbolçulara havayı verilir. Üstəlik, pullu məktəblərdən fərqli olaraq ildə bir neçə dəfə yarışlara aparılmaq adı ilə pul da yığılmır. Belə yarışlarda iştirak, səfər xərcləri klubların öz hesabına qarşılanır.
Hansı daha önəmlidir – futbol, yoxsa təhsil?
Əslində hər ikisi olsa, daha yaxşıdır. Amma seçim qarşısında qalsam, bir valideyn və vətəndaş kimi təhsilə üstünlük verərdim. Azərbaycanda sayılıb-seçilən futbol akademiyalarından biri Qəbələdədir. Burada müxtəlif yaş qrupları üzrə gənc futbolçular futbolla məşğul olurlar. Təhsillərini isə hamı kimi orta məktəblərdə davam etdirirlər. Valideyn qayğısından uzaq olan uşaqların təlim-tərbiyəsi ilə məşqçilər və akadeymiya əməkdaşları məşğul olur, onların təhsillərini diqqətdə saxlayırlar. Amma bu, ailədəki effekti vermir. Əldə etdiyim məlumata görə “Qəbələ” Futbol Akademiyasının bu ilki “11-ci”lərindən cəmi 7 nəfəri klubda saxlanılıb. Qalanlarının isə taleyindən xəbər yoxdur. Kimisi futbolla vidalaşıb, kimisi isə hərbi xidmətə yollanıb. Çox az qismi müxtəlif ali məktəblərə daxil olaraq təhsillərini davam etdirirlər. Klubda saxlanılan 7 məzundan isə cəmi 1-i tələbə adını qazanıb. O da aşağı balla Bədən Tərbiyəsi və İdman Akademiyasına. Bəs, qalan 6 gəncin gələcək taleyi necə olacaq? Təbii ki, 18 yaşları tamam olan kimi onları hərbi xidmət gözləyir. Əsgərlikdə isə həmin gənclərə futbolla məşğul olmaq və əgər istəyərlərsə, gələcəkdə tələbə adını qazanmaq üçün vacib olan elmlə məşğul olmağa akademiyadakı kimi imkan yaradılmayacaq. Deməli, bu gənclər vaxtında təhsil almamaqla necə böyük səhv etdiklərinin fərqinə varacaqlar. Vaxtında tələbə adını qazansaydılar, ən azı 4 il hərbi xidmətdən azad olunacaqdılar ki, bu da onların həm savadlı kadr kimi yetişməsində, həm də karyeralarında dinamikliyin pozulmamasına kömək edəcəkdi. Gerisi isə Allaha pənahdır.
Respublikamızda daha bir idman məktəbi fəaliyyət göstərir – Respublika Olimpiya İdman Liseyi. Bu təhsil ocağı hələ SSRİ dövründə yaradılıb. Daha dəqiq, 1963-cü ildə. 52 yaşlı liseydə idmanın bir neçə növü üzrə qruplar fəaliyyət göstərir. İdmançıların ROİL-də yaşamaları, təhsil almaları və məşq keçmələri üçün hər bir şərait yaradılıb. Maraq üçün qeyd edim ki, bir çox tanınmış idmançılarımız ROİL-in yetirmələridir. Onların arasında futbolçulardan Şahin Diniyev, Tərlan Əmədov, Arif Əsədov, Vəli Qasımov və digərlərinin peşəkar futbolçu kimi yetişməsinə ROİL səbəbkardır. Olimpiya çempionlarımız Elnur Məmmədli, Nazim Hüseynovun adını çəkməmək insafsızlıq olardı. Bununla ROİL-in nümunəvi təhsil ocağı olduğunu göstərmək istəyirəm. Hazırda ROİL-də idmanın müxtəlif növləri ilə məşğül olan 70-dən çox 11-ci sinif şagirdi var. Bir neçə aydan sonra onlar orta məktəb təhsilini başa vuracaqlar. Sonrası necə olacaq? Məlum məsələdir ki, onlardan bir neçəsi gələcəkdə Azərbaycanın adını yüksəklərə qaldırmaq gücündə olan gənclərdir. Amma böyük qismi nəticə qazana bilməyəcəklər və bu halda tədricən idmandan uzaq düşəcəklər. Üstəlik, onların hər biri ali məktəb tələbəsi olmaq arzusundadır. Amma idmana ayrılan diqqət qədər təhsilə fikir verilmədiyindən əksəriyyəti tələbə adını qazana bilməyəcək. Yəni, savadsız olmaları buna imkan verməyəcək. Bunları özümdən kəşf etmirəm, faktlara əsaslanıram. Bu il məktəbi bitirən şagirdlərin cəmi 25-i tələbə adını qazanıb. Qəbul olanlardan 75 faizindən çoxu Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olublar. Başqa sözlə, 72 məzundan cəmi 5-6 nəfəri idmandankənar təhsil ocaqlarına daxil olmaqla gələcəkdə ikinci sənətə yiyələnmək imkanı əldə ediblər. Əminliklə deyə bilərəm ki, həmin 72 nəfərdən heç 5-i də gələcəkdə məşhur idmançı olmayacaq. Amma heç olmasa yarısı savadlı vətəndaş kimi yetişə bilərdi. Bununla ROİL-i günahlandırmaq fikrində deyiləm. Düzdür, onlar da məsuliyyət daşıyırlar. Amma quyuya su tökməklə orada su olmayacaq. Oxumaq, savadlı olmaq hər bir insanın daxilindən gəlməlidir.
Bir qədər əvvəl futbolçuların hərbi xidmət keçmələrinə toxundum. SSRİ dövründə hər respublikada ən azı 1 Ordu İdman Klubu (OİK) fəaliyyət göstərirdi. Burada müxtəlif idman növlərində uğurlar qazanan və perspektiv vəd edən gənclər hərbi xidmət keçməklə yanaşı, məşqlərini də davam etdirirdilər. Bu da onların formadan düşməmək şərtilə hərbi xidmətdən yayınmamaları demək idi. Bu gün Azərbaycanda Mərkəzi Ordu İdman Klubu var və fəaliyyət göstərir. Orada isə yerlər məhduddur. Fikrimcə, bu tip klubların sayı artırılmalı və idmançıların “itməməsi” və təhsil almaları üçün şərait yaradılmalıdır.
Vəziyyətdən necə çıxmaq olar?
Bu gün hər klubun nəzdində müxtəlif yaş qruplarında 300-ə yaxın gənc futbolla məşğul olur. Onların heç onundan biri gələcəkdə böyük futbolda olmayacaqlar. Kimin futbolda qalacağını isə Allahdan başqa kimsə bilə bilməz. Bizdə isə qəribə tendensiya hökm sürür – hər bir valideyn məhz onun övladının gələcəkdə futbolçu olacağını düşünür və bu yolda çox şeyi, o cümlədən təhsili qurban verir. Təbii ki, bu, səhv yanaşmadır. Yaxşı futbolçu olsa belə, təhsil heç kimə ağırlıq etmir və uşaqların savadlı böyüməsi vacibdir. Övladının təhsili ilə ilk növbədə valideyn məşğul olmalıdır. Bundan başqa klublar da uşaqların təlim-tərbiyəsi ilə yaxından maraqlanmalıdır. Bu yöndə əcnəbi klublardakı təcrübədən yararlanmaq olar. İki misal gətirəcəm. Birincisi, bu ilin yayında Qəbələdə keçirilən “Qəbələ Cup”da iştirak edən Belçikanın “Anderlext” klubunun gənc futbolçularının tədrisə münasibətini görəndə təəccübləndim. Hər bir futbolçu oyun və məşqdən sonra dərs oxumaqla məşğul idi. Həmin turnirdə iştirak edən təmsilçimiz “Neftçi”nin futbolçularından isə kimsənin kitab oxuduğunu, yazı yazdığını görmədim. İkinci misal isə alman mətbuatında oxuduğum bir məlumatdan ibarətdir. 17 yaşlı qızlar arasında keçirilən son Dünya Çempionatında Almaniya Futbol İttifaqı qızların təhsildə axsamamaları və dərslərinə nəzarət etmələri üçün 2 pedaqoq ayırmışdı. Həmin pedadoqlar çempionata görə məktəbdən kənar qalanlara tərtib olunmuş xüsusi proqram üzrə dərs keçməklə yanaşı, onların oxuduqlarını necə mənimsəmələri ilə bağlı AFİ və məktəb rəhbərliyinə raport verməli idilər. Nəsə, bizdə indiyə kimi bu və ya buna oxşar halla rastlaşmamışam.
Klublar gənc futbolçuların tərbiyəsi, sağlamlığı ilə yanaşı onların təhsilinə də həssaslıqla yanaşmalıdırlar. Bu mənada hər bir klubda bir neçə təcrübəli pedaqoq-məşqçinin işləməsi vacibdir. Onlar futbolçuların təhsil aldıqları məktəblərlə əlaqə saxlamalı, uşaqların dərslərə davamiyyətini və tədris olunan mövzuları necə mənimsədiklərini bilməli, valideynlərlə maarifləndirici iş aparmalı və yaranan hər bir problemi vaxtında həll etməyə çalışmalıdırlar. Bundan başqa səfərlərlə əlaqədar məktəblərdən ayrı düşən şagirdlər üçün dərslərindən geri qalmamaları məqsədilə xüsusi proqram hazırlanmalı və bu proqram əsasında gənc futbolçular dərslərini məktəbdə də olmasa davam etdirməlidirlər. Bayaq alman qızlar haqqında misalı əbəs yerə gətirməmişdim. Təəssüf ki, bu gün klublarımızda və futbol akademiyalarında sırf bu işlə məşğul olan mütəxəssislər yoxdur. Futbolla məşğul olanların hamısı peşəkar futbolçu kimi yetişməyəcəklər. Bu, yazılmamış qanundur. Amma gələcəkdə hansı sənəti seçmələrindən asılı olmayaraq, həmçinin Kamranın aqibətini yaşamamaq üçün savadlı olmaları şərtdir. Hətta futbolçu olsalar belə.
Alman mütəfəkkiri Volfhanq Höte deyib: “Təbiət insanı zülmətlə əhatələyir və onu daim işığa doğru getməyə məcbur edir. Bu işıq isə elmdir”. Gəlin millətimizin gələcəyini korlamayaq və gənc nəsli işığa doğru aparaq.
İlqar TAĞIYEV “525-ci qəzet”
saytlarin hazirlanmasi