"9 komandayla çempionat keçirmək bizə yaraşmaz"
AFFA İcariyyə Komitəsinin son iclasında Məşqçilər Komitəsinin yaradılmasına qərar verilməsi bizi illər öncəyə qaytardı. Fuad Musayevin AFFA-ya rəhbərlik etdiyi dönəmdə də oxşar qurum yaradılmış, ölkənin təcrübəli mütəxəssisləri bir araya gəlmişdi. Ümumiyyətlə, onun yarıxoş, yarızor AFFA-dan uzaqlaşdırılmasından sonra futbolumuzda əsaslı dəyişiklik hiss edilmədi. Əvvəllər tez-tez mətbuatda görünən Fuad bəydən xeyli vaxt idi xəbər yox idi. Harda olmasıyla maraqlandıq, "evdəyəm, istəsəz, görüşə bilərik” dedi. Evini tapmaq çətin olmadı. Qapıda məni özü qarşıladı. Əvvəlcə çay, sonra meyvə təklif etdi. "Yoldan gəlmisən, hələ söhbətə tələsmə. Bir çayımızı iç” deyincə sözündən çıxmadım. Elə çay içə-içə söhbətə körpü salmağa başladıq. Masanın üzərində "Futbol+" qəzetinin müxtəlif saylarından saxladığı yazılar, rusca idman nəşrləri və ən əsası, Azərbaycan futbolunun tarixini əks etdirən fotoşəkillər vardı. Şəkillərə baxdıqca özüm də keçmişə qayıdıram. İsveçrə üzərindəki ilk qələbəmiz, slovakları şoka saldığımız gün... Bu da Türkiyə yığmasının Bakıya ilk səfərindən çəkilib, Lıçkinin "parlayan” başından bilinir... İndi az qala veteran saymağa başladığımız futbolçuların gəncliyi, yeniyetmə dövrü fotolardan boylanır. Çoxusunda da Musayev onların arasındadı. Şəkillərə baxa-baxa özü də kövrəlir, xatirələrini danışır: "Görürsüz, mən bu uşaqların arasında kostyumda, qalstukda gəzmirdim. Onlara sifariş etdiyim geyimlərdən özümə də alırdım. Təlim-məşq toplanışlarına gedəndə gecələr də gözüm onların üstündə idi”.
- Deyəsən, futbolsuz darıxırsız.
- Mən özümü futboldan kənarda saymıram. İndi də baş verənləri izləyirəm, qəzetləri oxuyuram. Mümkün qədər televiziyada göstərilən oyunlara baxıram. Koloskov 13 il Rusiya Futbol İttifaqına rəhbərlik elədi. Vəzifəsindən gedəndən sonra da ona iş otağı ayırdılar, hər bir işdə onun təcrübəsindən, məsləhətlərindən yararlanmağa başladılar. Amma bizdə elə deyil. Azərbaycan futbolunun ən çətin dönəmlərində çiyinlərimi ağır yükün altına verdim, nə qədər yuxusuz gecələr keçirdim. 20 ildən çox ölkə idmanı üçün çalışmışam. Sanki bütün bunlar olmayıb. Elə bir rəy formalaşdırmışdılar ki, Fuad Musayev futbolun inkişafına imkan vermir. 11 ildi mən kənara çəkilmişəm. Nə dəyişib? İndi üzdə olan 5-6 futbolçu da bizim dövrümüzdə yetişənlərdi.
- İllərdi müşahidə edirsiz. Azərbaycan futbolu, AFFA-nın fəaliyyəti, futbolumuzun problemləri sizə necə görünür?
- Problemlər o qədər çoxdu ki, onları görmək üçün elə də çox kənara çəkilmək tələb olunmur. Əlbəttə, iş olan yerdə problem də olacaq, nöqsan da. Amma çalışmaq lazımdı ki, onlar aradan qaldırırlsın. Əsas problemləri sadalayım, sonra onların həlli yollarına da toxunarıq. Bizdə futbolun inkişafıyla bağlı konkret proqram yoxdu. AFFA İcraiyyə Komitəsinin hər iclasında bir-birini təkzib edən qərarlar qəbul edilir. Uşaq məktəbləri bərbad günə salınıb. Regional federasiyaların işi formal xarakterlidi, hansısa konkret fəaliyyət görünmür. AFFA PFL-i yaratmaqla milli çempionatın keçirilməsindən, orda baş verən nöqsanların məsuliyyətindən yaxasını kənara çəkib. Öz ölkəsində belə heç kəsin tanımadığı ikinci dərəcəli mütəxəssislər Azərbaycana gətirilir, onlarla bərabər yararsız legionerlər klublara doldurulur. Legioner limiti günümüzün tələblərinə cavab vermir. Əcnəbilərin bolluğunda perespektivli yerli gənclər elita klublarında oynamaq, ustalıqlarını artırmaq imkanı qazanmırlar. Yerli gənclərin potensialı zamanında kəşf olunmur. Məşqçilər Komitəsi yaradılır, amma onların nə isə dəyişdirməyə, yekun söz deməyə hüquqları yoxdu. Şagirdlər və tələbələr arasında futbol yarışları, müsabiqələr mütəşəkkil qaydada keçirilmir. AFFA və milli komandanın üzvləri arasında münasibətlər hüquqi əsaslarla, müqavilə ilə tənzimlənmir. İndiyə qədər milli komandaların təlim-məşq bazası yaradılmayıb. Biz "Şəfa” stadionunu məhz bu məqsədlə inşa etmişdik, gələcəkdə tikintini davam etdirmək, infrastrukturu sözün tam mənasında baza standartlarına uyğunlaşdırmağı düşünürdük. Hanı indi o "Şəfa”? Daim istedadlı yetirmələriylə öyünən Gəncə, Tovuz, Şəmkir və Mingəçevirdə bu gün böyük futbol, elitada oynayan komanda yoxdusa, Azərbaycan futbolunun inkişafından danışmaq da yersizdi.
- Prinsipcə bütün ciddi problemləri sadaladız. Bu problemlərin həlli ciddi konspepsiya, onlara köklü yanaşma tələb edir. Sizin bu istiqamətdə hansısa təklifləriniz varmı?
- Əbəs yerə qeyd etmədim ki, problemlərdən qorxmaq yox, onların həlli üçün çalışmaq lazımdı. Milli komanda ölkə futbolunun güzgüsüdü. Azərbaycan yığması ili 135-ci pillədə başa vurur. Deməli, vəziyyət bizim düşündüyümüzdən də pisdi. Hazırda vəziyyət elədi ki, əcnəbi çalışdırıcı bizim milliylə uğur qazana bilməz. Özümüzü aldatmayaq. AFFA Foqtsu göndərəndən sonra yenidən xaricidən məşqçi gətirməkdə tələsdi. Vəziyyət tələb edir ki, Kazbek Tuayevin rəhbərliyi ilə məşqçilər korpusu yaradılaydı. Təşkilatçılığı, nizam-intizam yaratmaq qabiliyyəti Tuayevə komandada vacib olan ruh düşkünlüyünü aradan qaldırmağa yardım edər. Bilavasitə futbolçuların taktiki və texniki hazırlığı ilə isə Nazim Süleymanovla Vaqif Sadıqov məşğul olmalıdı. Hazırkı futbolçu nəslinə yaxından bələd olan Mahmud Qurbanov da onlara kömək etməlidi. Futbolçular psixoloji böhrandan xilas etmək lazımdı.
Düzgün seçim aparmaqla, onların bacarığına uyğun məşq prosesləri təşkil etməklə nəticələri yaxşılaşdırmaq mümkündü. AFFA rəhbərliyi sadaladığım tədbirləri görəndən sonra yerli məşqçilərdən ibarət korpusun qarşısına konkret tələblər qoymalıdı. Birdən-birə Avropa çempionatının final mərhələsinə çıxmağı arzulamaq gülünc işdi. Azərbaycanda kifayət qədər bacarıqlı məşqçi var. Qurban Qurbanov, Arif Əsədov, Tərlan Əhmədov, Əsgər Abdullayev sözünü demiş mütəxəssislərdi. Amma indi onların klublarda çalışması daha faydalıdı. Çalışdıqları klublarda milliyə futbolçu hazırlamaqla həmin məşqçilər əvəzsiz xidmət göstərmiş olarlar.
9 komandanın mübarizə apardığı çempionatı keçirmək üçün PFL-ə nə ehtiyac var? AFFA özü çempionatın təşkili üzrə komitə yaratmalıdı. Hər klubda 10-a yaxın legionerin olması bizə nə verdi? İndi məşqçilər U-21-ə və U-19-a futbolçu tapa bilmirlər. Azərbaycan futbolundakı ciddi böhranın əsas səbəblərindən bir də elə bu qədər legionerin ölkəmizə axınıdı. 2015-ci ildə legioner limiti 4 olmalıdı, növbəti mövsümdən isə 3 əcnəbiyə start heyətdə olmaq icazəsi verilməlidi. Gənclər futbol oynaya-oyanaya inkişaf edər, ehtiyat oyunçular skamyasında gün keçirməklə futbolçu olmaq mümkünsüzdü. Diqqət yetirin, təkcə futbolda deyil, digər idman növlərində də eyni problem var. Voleybola, həndbola, baksetbola, hətta güləşə belə xaricdən idmandçılar gətirirlər. Özümüzkülər kənarda qalır. 1992-ci ili, AFFA-nın yaratdığımız ilk dövrləri yadınıza salın. Onda bizim xarici gətirməyə pulumuz vardı? Biz dərhal uşaq məktəbləriylə iş aparmağı, gənclər arasından istedadları ilə fərqlənənləri seçməyi özümüzə prioritet seçdik. Məhz bu siyasətin sayəsində 94-cü ildən 2002-ci ilə kimi onlarla futbolçu üzə çıxardıq. Adlara baxaq: Kamal və Emin Quliyevlər, İlham Yadullayev, Vyaçeslav Lıçkin, Zaur Tağızadə, Elçin Rəhmanov, Rəşad Sadıqov, Fərrux İsmayılov, Ruslan Musayev, Emin İmaməliyev, Samir Əliyev, Romal Hüseynov, Mahmud və Qurban Qurbanovlar, Bəxtiyar Musayev, Mirbağır İsayev, Cahangir Həsənzadə, Aftandil Hacıyev. Siyahını uzatmaq da olar. Bu futbolçular az qala 20 ildi Azərbaycan futbolundadılar. Milli komandada oynayıblar, indi də məşqçilikdə sözlərini deyənlər var. Siz də bilirsiz ki, onların arasında 15-17 yaşlarında əsas milliyə çağırılanlar vardı. Biz işimizi düzgün qurmasaydıq, həmin uşaqlar da itib-batacaqdı. Bütün bu faktlar tarixdi, onları danmaq olmaz. 1997-ci ildə biz U-16 və U-18 komandalarını yaratdıq, hər iki komandanın milli çempionatda iştirakını təmin etdik. Sonradan həmin komandalarda fərqlənənləri "Şəfa”ya topladıq. Həmin dövrdə yaşları 8-dən 15-ə qədər olan 400-ə yaxın uşaq "Şəfa”da məşq edirdi. Kim idi onlar? Kamran Ağayev, Ruslan Abışov, Maksim Medvedev, Elnur Allahverdiyev, Vüqar Nadirov, Araz Abdullayev. Göstərin görək, sonrakı 11 ildə belə futbolçular yetişdirilibmi? Ölkə çempionatı ona görə keçirilməlidi ki, orda azərbaycanlı futbolçular oynasın, milli komanda üçün futbolçu yetişsin. PFL isə legionerlərin çox olmasında maraqlıdı. Çünki hər bir əcnəbiyə görə klublardan pul alırlar.
- Son illərdə sizin adlarını çəkdiyiniz futbolçuların səviyyəsində yeni nəslin ortaya çıxmamısının əsas günahkarı kimdi? Bəlkə istedadlar tükənib?
- Əsla ola bilməz. Azərbaycanda həmişə istedadlı, futbola həvəsi olan uşaqlar olub. Onları tapıb üzə çıxarmaq üçün düzgün işlər görülməlidi. Nazirliyin tabeliyində olan bütün məktəblər qapadılmalı, onların idarəçiliyi və büdcəsi AFFA-ya verilməlidi. Belədə saxtakarlığın və özübaşınalığın da qarşısı alınar. Uşaq futboluyla bilavasitə peşəkarlar məşğul olmalıdı. Daha indiki kimi yox. Bölgələrdəki futbol məktəblərinin çoxusunun adı var, özləri yoxdu. Bakıyla yanaşı, Lənkəranda, Gəncədə, Tovuzda, Şəki-Zaqatala bölgəsində internat tipli futbol akademiyaları yaradılmalıdı. Futbolla məşğul olan azyaşlılar məşqlə evin, evlə məktəbin arasında yollarda qalıblar. Bu heç də böyük xərc tələb edən layihə deyil. Belə akdamiyaların yaradılmasında "Barselona”, "Ayaks” kimi klubların təcrübəsindən yararlanmalıyıq. 9 komandayla çempionat keçirmək bizə yaraşmaz. Növbəti mövsümdən Gəncəni, Şəmkiri, Tovuzu, Mingəçeviri təmsil edən klublara diqqət artırılmalı, onların elitada iştirakı təmin olunmalıdı. Zərər yoxdu, qoy ilk iki mövsümdə onlar autsayder olsun, sonuncu pillələrdən yuxarı qalxmasınlar. Hansısa klubun premyer-liqanı tərk etməsi belə lazım deyil. Onsuz da aşağıdan gələn komandaların səviyyəsi hamıya bəllidi. Əvəzində bir-neçə ildən sonra bölgələrdən neçə-neçə istedadlı futbolçu üzə çıxacaq. Birinci dvizionda da əsasən 16-20 yaşlı gənclər oynamalıdı.
- Bu qədər futbolçunu klublar hardan tapacaqlar?
- Bizdə bundan dəfələrlə çox futbolçu var. İnanın sözümə. Ukraynada bütün orta məktəblərdə futbol dərslərə keçirilir. Bizdə niyə belə deyil? Sovet vaxtı məşqçilər məhəllələri gəzir, küçələrdə futbol oynayan uşaqları izləyirdilər. Ona görə də deyirəm ki, məktəblilər arası çempionatlar müntəzəm keçirilməlidi. Belədə görəcəksiz ki, Azərbaycanda nə qədər futbol oynamağı bacaran istedadlar varmış. AFFA məktəbliləri ləvazimatlarla, geyim dəsti və toplarla təmin etməlidi. Əcnəbilərə pul xərcləməkdənsə, bu daha çox fayda gətirəcək. ADBTİA-da işlər düzgün qurulmayıb. Hər il neçə-neçə mütəxəssis oranı bitirir, diplom alır. Sonra hara gedir bu mütəxəssislər? Bölgələrdə fiziki hazırlıq üzrə məşqçilər çatışmır. Futbolla yanaşı, həndbolun, voleybolun sirrlərini uşaqlara öyrədəcək müəllimlər yoxdu. Hanı ADBTİA-nın yetirmələri? Bölgələrdə Olimpiya Kompleksləri tikilir. Amma hamısı yaşayış məntəqələrindən kənarda, magistral yolların kənarlarında. Bu komplekslər görüntü, yoxsa uşaqların idmanla məşğul olmasından üçündü? Axı uşağın maşını yoxdu ki, evindən uzaqdakı kompleksə gəlsin. Valideynlər isə öz qayğılarıyla məşğuldular. AFFA "Şəfa”nı hansı haqla "İnter”ə bağışladı? Faktiki qiyməti 40 milyon olan stadionu10 dəfə ucuza verdilər. Halbuki "Şəfa”dan milli komandaların bazası kimi istifadə etmək olardı. 1983-cü ildə məhz mənim təşəbbüsümlə şəhərin mərkəzində "Neftçi” üçün hər cür şəraiti olan baza inşa olunmuşdu.
- Artıq azarkeşlər də Azərbaycan futbolundan küsüblər. Millinin oyunlarında tribunalar boş qalır. Belə olan halda futbolumuzun gələcəyinə nikbin baxan valideynlər də azalıb. Valideynlər uşaqlarının oxumasına, savadlı olmasına çalışırlar. Nəinki futbolla məşğul olmasına...
- 15 il bundan əvvəl necəydi? Milli uduzusa da Respublika stadionu dolurdu, azarkeşlər 90 dəqiqə komandanı dəstəkləyirdilər. Çempionat oyunlarında tribunalarda minlərlə azarkeş olurdu. Hanı o adamlar? Azarkeşlər stadiondan qaçaq düşüb. Bu işdə siz jurnalistlərin də üzərinə böyük yük düşür. Televiziyada futbola baxıram, şərhçilərin nitqi qüsurlu, danışıqları rabitəsiz, futbol bilikləri az. Premyer-liqanın mərkəzi oyunları yayınlanmır. Klublar birbaşa telekanallarla müqavilə imzalamalı, Azərbaycan futbolunun təbliğatı genişləndirilməlidi. Oyunların şərhi zamanı peşəkar əməkdaşlarla yanaşı, futbol mütəxəssisləri efirə cəlb olunmalıdı. Evində oturub futbola baxan adam bilməlidi ki, klublarımız və millimiz konkret hədəflər uğrunda yarışır, çempionatda maraqlı mübarizə gedir. Jurnalistlər çətin anlarda futbolçuların yanında olmalıdılar. Düzdü, tənqid yazılmalı, səhvlər araşdırılmalıdı. Amma futbolumuzu gözdən salmaq olmaz. Məşqçiləri və futbolçuları təhqir etmək yolverilməzdi. AFFA-nın da mətbuatla əlaqələri düzgün və sağlam prinsiplər üzərində qurulmalıdı. Hazırda futbolumuz çətin dövrünü yaşayır. Məğlub olan komandalarımızı iztehza obyektinə çevirmək çıxış yolu deyil. İdman jurnalistləri də konkret çıxış yollarını göstərməli, problemləri işıqlandırmalıdılar. Hərdən deyirlər ki, bizdə kollektiv idman növlərinin perespektivi yoxdu, Azərbaycanda futbol olmayıb. Tamamilə yanlış mövqedi. Bu ölkədən Banişevski kimi futbolçu çıxıb. Olimpiya çempionu İqor Ponomoryov Azərbaycanın yetirməsidi. Gənclər arasında dünya çempionu Arif Əsədov, Vladislav Qədirov azərbaycanlıdı. Zamanında Tərlan Əhmədov dünya səviyyəli müdafiəçiydi. Nazim Süleymanovla Vəli Qasımov Rusiyada, Avropada sözünü deməyi bacaranlardı. Samirlə Mahmud Ukraynada hamını heyran qoymuşdular. Azərbaycanda çempionat dayandırılanda bizim gənclər "Birlik Kuboku”na qatılıb, "Şaxtyor”u məğlub etdilər. Millimiz serblərdən iki oyuna 4 xal aldı. Halbuki aramızdakı xainlər həmin dövrlərdə bütün vasitələrdən istifadə edib millinin məğlubiyyətinə çalışırdılar. Deməli, öz gücümüzü, Azərbaycan futbolunun keçmişini layiqincə qiymətləndirməliyik. Fəaliyyətimizi düzgün qursaq, ölkəmizin adını idmanın bütün sahələrində yüksəldə bilərik.
Mənbə: "Futbol+" qəzeti
saytlarin hazirlanmasi