Müasir "Şeyx Nəsrullah"lar YAZI

11:35 - 16 Dekabr 2014

Allah sizə rəhmət eləsin, Mirzə Cəlil

 

“Xəbər çıxdı ki, bu gün naçalnik gəlir kəndə və sonra məlum oldu ki, pristavın arvadının ad qoyulan günüdür. Kənddə şuriş düşdü. Kənd əhlindən bu gün çöl işinə gedən olmadı. Camaatın yarısı çıxmışdı kəndin kənarına və təpələrə dırmaşıb boylanırdılar ki, görsünlər gəlirmi naçalnik. Camaatın yarısı pristavın mənzilini əhatə edib durmuşdular. Qıraq kəndlərdən də camaat baxəbər olub yavaş-yavaş gəlirdilər”. Bu sözlər rəhmətlik Mirzə Cəlilin “Qurbanəli bəy” hekayəsindəndir. Hekayə ilə oxuyacağınız yazının  mövzuları üst-ütsə düşməsə də, nədənsə, “Barselona” futbol məktəbinin məşqçilərinin Bakıya gəlməsi və burada gənc futbolçulara kurslar təşkil etməsi yadıma Mirzə Cəlili, “Qurbanəli bəy”i saldı. Bir gün şəhərə xəbər yayıldı ki, “Barselona”nın futbol məktəbinin məşqçiləri Bakıya gəlir. Aləm dəydi bir-birinə. Hər kəs istəyirdi onun övladı kurslarda iştirak etsin. Zarafat deyil, dünyanın ən yaxşı klublarından birinin akademiyasının məqçiləri uşaqlarımıza futbolu necə oynamağın sirlərini öyrədəcəkdilər...

 

İspanlar Bakıya niyə gəlmişdilər?

 

Onları dəvət etmişdilər. Kimlərin dəvət etməsinə gəlincə, turnirin təşkilatçısının adı kimsəyə tanış olmayan ACG şirkəti idi. Şəhərin mərkəzində bir neçə yerdə elanlar yerləşdirilmişdi. Ki, noyabr-dekabr aylarında klubun uşaq futbolunda ad çıxaran 3 məşqçisi Bakıda kurslar təşkil edəcək, gənc futbolçularla məşğələlər aparacaqlar. İlk baxışda əla layihə kimi görünə bilər. Əlbəttə, uşaq futbolunun mərkəzlərindən hesab edilən Barselonada, ələlxüsus da Lamasiyada işləmiş, böyük təcrübəyə malik mütəxəssislərdən nəsə öyrənməyə dəyərdi. Amma... Amması ondan ibarətdir ki, kurslar pullu idi. Başqa sözlə, kommersiya xarakteri daşıyırdı. Bu da o deməkdir ki, məşqlərə qatılmağa çoxlarının maddi imkanı çatmırdı. Kurslarda 6 yaşından 16 yaşına kimi gənclər iştirak edə bilərdilər. Bunun üçün hər valideyn 180 manat xərc çəkməli idi. Əvəzində uşaqlar həftədə 5 gün olmaqla 2 həftə, 3 saatlıq 10 məşq keçməklə yanaşı, idman forması və topla təmin olunacaqdılar. Bu gün heç də hər bir valideynin bu məbləği ödəməyə imkanı çatmır. Bu səbəbdən iştirakçıların əksəriyyətinin imkanlı ailələrdən olduqlarını söyləmək mümkündür. Təəssüf ki, valideynlər arasında ayağını yorğanına görə uzatmayan, digərləri ilə bəhsə girənlər də tapılırdı. Hətta onlardan biri kirayədə yaşamasına baxmayaraq, göstərilən məbləği həvəslə ödəmişdi. Maraqlıdır ki, 3 gündən sonra nə həmin adamı, nə də övladını stadionda görmədim.

 

İki mərhələdən ibarət kursların 1-ci mərhələsinə maraq bir qədər çox idi. Deyəsən, “Barselona”nın adı camaatı əməlli-başlı şirnikləndirmişdi. Məşqlər “İnter” PİK-ə məxsus “İnter Arena”da təşkil olunurdu. Nəyə görə “İnter Arena”da? Məsələ burasındadır ki, təşkilatçılar Beynəlxalq Bankın rəhbər şəxsləri ilə razılıq əldə etdikdən sonra onlara bu stadionda işləmələri üçün şərait yaradılmışdı. “İnter”in uşaq futbolunda çalışan məşqçiləri ilə yanaşı, tibbi personal da proses iştirakçılarına qoşulmuşdular. Əvəzində, hər mərhələdə klubun 2 yaş qrupunun 12-14 nəfər futbolçusuna pulsuz məşq keçiləcəkdi. 

 

Kursların xeyri nə oldu?

 

İlk mərhələni mütəmadi izləyən və futboldan azacıq da olsa anlayışı olan bir şəxs kimi kursların uşaqlara heç bir xeyrinin dəymədiyini deyə bilərəm. Səbəblərini birər-birər göstərməyə çalışacam.

 

Neçə illərdi idman mətbuatındayam və uşaq futbolunda baş verənləri yaxından təqib edirəm. Həmişə futbolumuzda var olan 3 məqama qarşı çıxmışam – millidə milliləşdirilmiş futbolçuların oynamasına, “lipa”laşdırmaya və pullu futbol məktəblərinin fəaliyyətinə. Bu üzdən kursların ödənişli olması ilə razılaşa bilməzdim. Layihənin kommersiya xarakterli olduğunu nəzərə alsaq, bu, bir qədər başadüşüləniydi. Gəl ki, məşqlər bizim məşqçilərin keçdiklərindən heç nə ilə fərqlənmirdi. Hətta bəzi məqamlarda maraqsız idi. Adi bir misal çəkim - gənc futbolçunun məşq zamanı uzun müddət hərəkətsiz qalaraq başqalarının təmrin yerinə yetirməsini gözləməsi məşqçinin işində nöqsan kimi qəbul edilir. Tər içində olan azyaşlının 10-15 dəqiqə dayanmasının onun səhhəti üçün ziyan olduğunu bizim məşqçilər yaxşı dərk edirlər. Görünür, ispanlarda bu, adi hal hesab olunur. Xülasə, məşqlərdə futbolçulara topla rəftar, müxtəlif təmrinləri yerinə yetirmək aşılanırdı ki, bunları gündəlik olaraq öz məşqlərimizdə də görürdük. Üstəlik, gənclərin hər gün 4 saatdan çox stadionda olmaları da həm valideynlər, həm də uşaqların özləri üçün əlavə problemlər yaradırdı. Onlardan birincisi və ən vacibi təhsillə bağlı idi. Belə ki, günorta başlayan məşqdə iştirak etmək üçün uşaq məktəbdən həmən sonra stadiona gəlməli və axşama kimi orada qalmalı idi. Təşkilatçılar onların dərslə nə vaxt məşğul olacaqlarını nəzərə almamışdılar. Təkcə, dərsləmi? Elə günlər oldu ki, kurslar yağışlı və küləkli havada keçirildi. 6-12 yaşlı körpələrin 3 saat açıq havada məşq keçmələri nə dərəcədə məntiqə uyğun idi? Arqument gətirilə bilər ki, futbolçu uşaq vaxtından istənilən hava şəraitində oynamağa öyrəşməli, bədəni möhkəmlənməlidir. Amma bu qədər də yox. Yağmurlu havada təşkilatçıların uşaqlara hədiyyə etdikləri sintetik köynəklərləmi? Köynək demişkən, iştirakçıların hər birinə köynəklə yanaşı, şort, getr və top bağışlanmışdı. Qiyməti də 80 avro göstərilirdi. Əgər həmin idman ləvazimatlarının dəyəri 80 avro idisə, o halda mən yazının girişində andığım Mirzə Cəlildən yaxşı yazıçıyam. Sağlamlıqla bağlı başqa bir neqativ məqam da var idi. Bildiyim qədər təşkilatçılar iştirakçılardan sağlamlıqları ilə bağlı arayış tələb etməmişdilər. Bu da bir anormallıq.

 

Kurslarda ilk dəfə futbol məşğələlərinə qatılan 5-6 yaşlı uşaqlarla yanaşı bayaq qeyd etdiyim kimi müxtəlif klubların futbol məktəblərini təmsil edən futbolçular da iştirak edirdilər. Bu da həmin futbolçuların öz klublarındakı məşqlərdən uzaq düşməsi demək idi. Futbol məktəblərinin məşqçiləri ilə söhbətimdə  kursların onların işinə törətdiyi əngəllərdən giley-güzar etdilər. 

 

Qısası, layihəni alqışlamaq olardı. İki halda. Birincisi, məktəblərdə tətil olduğu müddətdə, özü də isti aylarda və pulsuz təşkil edilsəydi. İkincisi isə, ümumiyyətlə, təşkil edilməsəydi...

 

Bir az təbəssüm

 

Təşkilatçılar layihənin elə ilk mərhələsinin gedişində səhv addım atdıqlarını başa düşdülər. 3-4 məşqdən sonra iştirakçılar “buxarlanmağa” başladılar. Valideynlərin bir hissəsi gec də olsa, onların pul tələsinə düşdüklərini, kursların övladlarına heç nə verməyəcəyini anladıqlarından uşaqlarını məşqlərə gətirmirdilər. İkinci mərhələdə isə iştirakçıların sayı birincidən qat-qat az idi. Deməli, gözlənilən vəsait yığılmamışdı və bu halda rentabellikdən söhbət gedə bilməzdi. Məşqçiərin qonorarı, otel xərcləri, idman ləvazimatlarının alınması, reklam işləri və digər işlərə xərclənən pullar “180 manat”lardan qat-qat artıq idi. Bu da o deməkdir ki, gələcəkdə bu cür layihələri ənənə halına salmaq istəyən təşkilatçılar bir də çətin ki, bu səhvi təkrar edərlər. 

 

Gülüş doğuran məqamlardan biri də ikinci mərhələnin ilk günündə baş verdi. Deməli, ilk mərhələdə “İnter”in futbolçularına bağışlanan köynəklər geri yığıldı və klubun ikinci mərhələdə iştirak edən üzvlərinə paylandı. Çünki, onlara verilməyə forma, formaya verilməyə ilə pul qalmamışdı. 

 

Daha bir tragikomik vəziyyət məşqlərin birinin gedişatında yaşandı. Yadınızdadırsa, dekabrın ilk günlərində Bakıda soyuq və yağışlı hava var idi. Məşqin gedişində verilən 10-15 dəqiqəlik fasilə bitdikdə ispanlar stadiona heç kimin qayıtmadığını gördülər. Hamı evinə dağılışmışdı. Təbii ki, bu məqam bizə başucalığı gətirmədi. Amma reallıqla da barışmaq lazımdır. 

 

Mirzə Cəlilin ən məşhur əsəri “Ölülər”di. Onun hələ ötən əsrin əvvəllərində yaratdığı Şeyx Nəsrullah, Kefli İsgəndər obrazlarına bu günkü cəmiyyətimizdə də rast gəlmək mümkündür. Nəinki cəmiyyətdə, hətta futbolumuzda da. İspan “Şeyx Nəsrullah”lara aldanmayın. Çünki, onlar “ölüləri diriltməyəcəklər”. Xahiş edirəm, fikrimi səhv anlamayın. Demək istəyirmə ki, pulla, rüşvətlə heç kimin övladı Messi, Ronaldo olmayacaq. İspanlar Bakıya pul qazanmağa gəlmişdilər və məqsədlərinə çatdılar. İtirən isə biz və “qaz vurub qazan doldurmaq” istəyən təşkilatçılar oldular. Onlarınsa əvvəlcədən bildirdikləri kimi kursların davamiyyətli olacağını bildirmələrinə baxmayaraq, bir də bu işin qulpundan yapışacaqlarına inanmağım gəlmir. Yapışsalar belə, növbəti Şeyx Nəsrullahlara aldanmayın.

 

İlqar TAĞIYEV “Het-trik news” qəzeti

 

P.S. Məşğələlərin sonunda futbolçulara kurslarda iştirak etdiklərinə görə möhürlü-imzalı sertifikat da verildi. Sevincdən lap gözlərim yaşardı...

Xəbər xətti