Sağlam 13 cüdoçu və yalnız 1 gümüş medal
Bu gün Avropa Oyunlarında Azərbaycan növbəti qızıl medalını qazandı. Bəlkə də, bu medala sevindiyim qədər heç birinə sevinmədim. Bu hərbi xidmətdə yaralandıqdan sonra görmə qabiliyyətini itirən İlham Zəkiyevin yox, cəmiyyətdə “ikinci təbəqə” kimi yanaşılan fiziki qüsurlu insanların qələbəsi idi . Özüdə 26 iyun Azərbaycan Silahlı Qüvvələrinin yarandığı gün. Atəşlə aydınlığa həsrət qalan gözlərin sahibi bununla sanki görməyən gözləri ilə əsl yaylım atəşini açdı. Cüdoçularımız mübarizə apardı. Sağlam 13 cüdoçu və yalnız 1 gümüş medal. Üç paralimpiyaçı cüdoçu və nəticəyə baxın: 1 qızıl, 1 gümüş, 1 bürünc. Yadıma bir hekayə düşdü.
Kəndə gələn bir nəfər xeyli gəzdikdən sonra yol kənarında dayanan avtomobilə yaxınlaşır. İçəridə, arxa oturacaqda əyləşən uşaqdan kənddəki təndirin yerini soruşur. Uşaq da kəndə yeni gəldiyini deyir, amma sağ tərəfə getməli olduğunu da vurğulayır. Qonaq gələn adam uşağın buranı tanımamasına baxmayaraq ona yol göstərməsinə təəccüblənir və soruşur. Hardan bilirsən bəs? Uşaq: Çiçəklərin qoxusunu duymursunuz? Quşların cəh-cəhi də ordan gəlir. Qonaq bir qədər də təəccüblənir və soruşur ki, sən nə bilirsən ki, bu bir ağacdan gələn iy deyil? Uşaq cavab olaraq bildirir ki, bir ağacdan yalnız bir iy gələ bilər.Güllərin ətri bir-birinə qarışıb. Birazda dərindən nəfəs alsanız, təzə bişən çörəyin qoxusunu da hiss edəcəksiniz. Qonaq uşağa əlini uzadıb təşəkür etmək istəyən vaxt anlayır ki, balacanın gözləri görmür. Körpə vəziyyəti anlamış kimi soruşur: Sizin gözləriniz görür? Qonaq məyus halda cavab verir: Artıq əmin deyiləm. Əmin olduğum tək şey, məndən daha yaxşı görməyindir.
İndi durum budur. On üç cüdoçunun edə bilmədiyini paralimpiyaçılarımız etdi. İlham Zəkiyevin bir müsahibəsini oxumuşdum. Deyirdi ki, ən böyük arzum heç vaxt üzlərini görmədiyim övladlarımı görməkdir.
İndi İlham məndən də, səndən də, ən əsası isə digər 13 cüdoçudan da daha yaxşı görür.
İlkin Baba
saytlarin hazirlanmasi