Mülkiyyət söhbəti YAZI

17:03 - 25 Fevral 2016

Gəncə stadionu AFFA-nın şəxsi mülkiyyətidir?

 

Bildiyiniz kimi, bir neçə gün əvvəl “Bakı"nın icraçı direktoru Yaşar Seyidov AFFA-ya məktub yazmış və klubun bazasına, futbol akademiysına yardım göstərilməsini xahiş etmişdi. Müraciət formasında olan həmin xahişə cavab gecikmədi. AFFA-nın baş katibi Elxan Məmmədov “Bakı"nın Təlim-Məşq Bazasının üzləşdiyi vəziyyətlə əlaqədar klubun vitse-prezidenti Yaşar Seyidovun müraciətini cavablandırdı və bazanın şəxsi mülkiyyət olduğunu əsas gətirərək AFFA-nın bu idman qurğusuna heç bir təsiri olmadığını bildirdi. Başqa sözlə, baza şəxsi torpaq, şəxsi mülkiyyətdir və federasiya bu məsələdə heç nə edə bilməz. İlk baxışdan baş katib haqlıdır. Ən azı hüquqi baxımdan.

 

Bəli, dünyanın heç yerində görünməyib ki, futbol federasiyası klubun bazasını təmir etdirsin, onun futbol akademiyasına sərmayə qoysun. Amma məsələnin digər tərəfi də var. Bəs, harada görünüb ki, klub öz bazasını təmənnasız olaraq federasiyanın ixtiyarına versin? Harada görünüb ki, ölkəyə gələn milli komandalar hansısa çempionat boyu bütün məşqlərini həmin klubun bazasında keçsinlər? Özü də təmənnasız. Görəsən, AFFA qızlar arasında dünya çempionatı zamanı ölkəyə gələn bütün yığmaların “Bakı"nın bazasında məşq etməsini xahiş edəndə düşünmürdü ki, bu, şəxsi mülkiyyətdi və həmin şəxsi mülkiyyətdən istifadə üçün “Bakı"ya pul ödənməlidir? O zaman Hafiz Məmmədov ürəyiaçıqlıq elədi və federasiyadan qara qəpik də istəmədi. Amma bu gün “Bakı"ya kömək lazım olduğu anda Elxan Məmmədovun yadına şəxsi mülkiyyət düşür. Həm də necə olur, federasiya I Divizinda 8 klubu birdən maliyyələşdirə bilir, “Bakı"ya gələndə pulu qurtarır?

 

Bundan başqa, necə olur AFFA Gəncədə “Kəpəz", Tovuzda “Turan Tovuz" üçün meydan tikə bilir, süni örtük hədiyyə edir, “Bakı"nın bir meydannına kömək edə bilmir? Yoxsa, Gəncə stadionu və ya Tovuz stadionu AFFA-nın şəxsi mülkiyyətidir? Cavab sadədir: “Kəpəz" və “Turan Tovuz" AFFA-nın öz klubudur və həmin bölgələrə futbola nəzarəti tam olaraq federasiya edir. Buna görə də həmin klublar üçün təmənnasız stadion inşa olunur. Baş katib eyni zamanda bildirib ki, “Bakı"nın bazasından AFFA da, klublar da istifadə etməyi çox istərdilər. Çünki orada gözəl meydanlar var. Hətta Yaşar Seyidova da irad tutub ki, o, klublarla birbaşa danışıq aparsaydı və anlaşma əldə etsəydi, müsbət cavab alardı. Beləcə, bu gün o bazaya kimsə baxardı: “Heç kim razı olmaz ki, özü pul versin, digəri yararlansın". Əslində Məmmədov bu cümlə ilə “Bakı"ya niyə kömək etməmələrinin səbəbini də açıqlamış olur. Yəni, bazanı vaxtında verərdiniz bizə, baxardıq. Heç kimə də sirr deyil ki, “Bakı"nın bazasını ələ keçirmək və oradan yığma komandaların bazası kimi istifadə etmək məqsədilə AFFA uzun müddət müxtəlif vasitələrdən istifadə elədi. Lakin buna nail olmayınca, Mərdəkandakı bazanın tikintisini davam etdirməyə məcbur oldu. Amma baş katibin “Heç kim razı olmaz ki, özü pul versin, digəri yararlansın" sözləri istənilən halda obyektiv açıqlama deyil. Çünki bu zaman baş katibə sual verərlər ki, ay Elxan müəllim, bəs, nə üçün vaxtı ilə Hafiz Məmmədov pul verirdi siz də havayı yararlanırdınız, Bakıya gələn milli komandaların hamısını məşq üçün “Bakı"nın bazasına göndərirdiniz? Diqqət çəkən daha bir məqam da var. “Bakı"nın stadionunda işlərin hələ tam bitmədiyini deyən Məmmədov məhz bu səbəbdən, orada 2012-ci ildə 17 yaşadək qızlar arasında dünya çempionatının rəsmi oyunlarını keçirə bilmədiklərini və məşq meydanları kimi istifadə olunduğunu xatırladıb.

 

Baş katib eyni zamanda deyib ki, bazada işıq problemləri var idi. Yəni, təşkilati işlərlə məşğul olduqları vaxt kommunal məsələlərin həlli üzərində çalışmaq əlavə çətinlik yaradardı. Baş katibin bu açıqlaması da bəhanədən başqa bir şey deyil. “Bakı"nın bazasının açılışı 2012-ci ilin 8 sentyabrında olub və açılışda ölkə prezidenti İlham Əliyev də iştirak edib. Qızlar arasında dünya çempionatı isə bundan 2 həftə sonra, sentyabrın 22-də start götürüb. Stadionda işlər tam bitməmişdisə ölkə prezidenti açılışda necə iştirak edib? Həm o dövrün fotoları, videoları indi də saxlanılır və hər kəs gözəl bilir ki, bazada bütün işlər yekunlaşandan sonra prezident açılış etdi. Demək, qızlar arasında dünya çempionatının oyunlarını da ora salmaq olardı.

 

Əgər AFFA rəhbərliyi Hafiz Məmmədovla prinsip apardığı üçün “Bakı"nın bazasını həmin çempionatdan kənar qoyubsa, bunu başqa bəhanə ilə stadionun üstünə atmasın. O bazada “Bakı" çempionat oyunlarını keçirirdi, Portuqaliya millisi, Madrid “Atletiko"suməşq edib. Əgər şərait olmasaydı, dünya ulduzları o meydanda məşqə necə çıxardılar? Təkrar edirik, bu, sadəcə, Məmmədov üçün bəhanədir. Məşhur filmdə deyildi kimi, vaxt var idi Əlişə “atam" deyirdin. O ki, qaldı su, işıq probleminə, bunu klub özü də həll edər. Siz heç olmasa akademiya üçün əlinizdən gələn köməyi əsirgəməzdiniz. Ən azından sabah o akademiyadan çıxacaq və yığma səviyyəsinə qədər yüksələcək futbolçular futbolumuza xeyir verəcəklər.

 

Anar XANLAROV

“Het-trik news”qəzeti

Xəbər xətti