Juninyo: "Məni əvəz edən oyunçular var"

15:44 - 5 Mart 2016

“Ümid edirəm ki, meydana çıxa biləcəyəm”

 

“Kəpəz”in zədəli futbolçusu Junior Osvaldo məşqlərə başlayıb. Bununla belə, braziliyalı futbolçunun müalicəsi hələ də davam edir.

 

Sportal.az xəbər verir ki, Junior zədəsi ilə bağlı klubun rəsmi saytına açıqlama verib: “Ötən həftə məşqdən sonra ayağımda ağrı hiss etdim. Müayinədən keçdim, diaqnoz qoyuldu və bundan sonra müalicə başlandı. Artıq hazırlıq prosesində iştirak edə bilirəm. Tibb personalı məni hazır vəziyyətə gətirmək üçün əlindən gələni edir. Zədəli olmaq futbolçu üçün arzuolunan hal deyil. Amma bəzən zədədən qaçmaq olmur”. 

 

Juninyo məşqlərə başlasa da, onun çempionatın XXIV turunda “Rəvan” ilə qarşılaşmada meydana çıxıb-çıxmayacağı müəyyənləşməyib. Hər şey həkimlərin verəcəyi qərardan asılı olacaq: “Oynamağı çox istəyirəm və ümid edirəm ki, meydana çıxa biləcəyəm. Özümü 90 faiz hazır sayıram. Qarşıdakı matç “Kəpəz” üçün çox vacibdir. Ona görə meydana çıxmağı çox arzulayıram”.

 

Təcrübəli yarımmüdafiəçi zədə səbəbindən “Sumqayıt” ilə ötən turun oyununu da buraxmaq məcburiyyətində qalmışdı. Futbolçunun adı protokola salınsa da, ayağında ağrılar hiss etdiyindən meydana çıxa bilməmişdi: “Düşünmürəm ki, oynamamağm komandamızın çıxışına mənfi təsir edir. Məni əvəz edən oyunçular var. “Sumqayıt” ilə Gəncədəki görüşdə çıxış etməsəm də, komanda yoldaşlarım yaxşı oynadılar. Sadəcə, qol vura bilmədilər. Rəqibdən üstün mübarizə aparmağımıza baxmayaraq, ələ düşən fürsətləri dəyərləndirmək mümkün olmadı”.

Xəbər xətti