Elnur Məmmədov "Neftçi"dən istefa vermək istəmirsə, Rövnəq Abdullayev onu niyə qovmur?

17:57 - 5 Mart 2016

Ölkənin ən köklü klubu göz görə-görə əldən gedir

 

Artıq uduzmağa adət etmiş, Premyer Liqamızın sıradan bir komandasına çevrilən “Neftçi”də bu gün növbəti baş məşqçi istefası gerçəkləşdi. Samir Əliyevin yerinə baş məşqçi postuna gələndə böyük-böyük danışan, bərkdən-bərkdən o olan yerdə əcnəbi baş məşqçiyə nə ehtiyac olduğunu deyən Əsgər Abdullayev, bu gün səsini içinə alıb, sakitcə istefa verdiyini açıqladı.

 

Əsgər Abdullayevin “Neftçi” kimi adlı-sanlı komandaya uyğun məşqçi olmadığı az qala hamıya məlum idi. Di gəl ki, Çingiz Abdullayev – Elnur Məmmədov tandemi özlərindən Amerika və ya yeni Əsgər kəşf eləmək istədilər, alınmadı, heç alınmayacaq da. Çünki bir klubun başında yanlış, futboldan bixəbər adamlar dayanıblarsa, kim gəlir-gəlsin alınmayacaq. Heyətinə və imkanlarına görə ən pis halda ölkədə üçüncü olan klub bu gün evdə “Qəbələ”yə məğlub olandan sonra artıq yeddinci pilləyə yuvarlanıb.

 

Əsgər Abdullayev getdi, bəs digərləri? “Neftçi”nin uğursuzluqlarında əsas səbəbkar Elnur Məmmədov niyə istefa ərizəsini yazmır? Axı, hamı bilir ki, “Neftçi”nin uğursuzluqlarının əsas günahkarı odur. Amma icraçı direktor vəzifəsindən bərk-bərk yapışan Məmmədov AFFA-dakı day-dayları hesabına ələ keçirdiyi postu belə rahat buraxmayacaq, bunu artıq anlamışıq. O zaman Rövnəq Abdullayev onu niyə qovmur? Kağız üzərində bu qərarı Müşahidə Şurası verməlidi. Ancaq hamı yaxşı bilir ki, bizdə qərarlar hansısa şuranın fikrinə uyğun verilmir, yuxarıdan gələn göstərişlər əsasında həyata keçirilir.

 

Ölkənin ən köklü klubu göz görə-görə əldən gedir. Rövnəq Abdullayevin yenidən “Neftçi”yə əl qoymaq zamanı çatıb. Çünki bu gedişlə “Neftçi” hələ uzun müddət autsayderlər qrupunun sakini olacaq.

 

Sportal.az 

Xəbər xətti