"Hakimlər bizi çox sıxır"
"Neftçi"nin qapıçısı Aqil Məmmədov "Neftçi" - "Qəbələ" (1:2) matçından sonra Sportal.az saytına müsahibə verib.
- Oyun barədə fikirləriniz?
- Oyuna yaxşı başlamışdıq. Yaxşı da oynayırdıq. Ömər Paşayev çox sağolsun. Belə bir oyunu hər hakim dəyişə bilməzdi. Lakin Ömər Paşayev bunu bacardı. Mən artıq başqa söz deyə bilmirəm. Hakimliyi bacarmırsansa, get başqa işlə məşğul ol.
- Konkret olaraq hansı epizodlarla bağlı narazısan?
- İlk hissədə mənə qarşı rəqib 3 dəfə qayda pozuntusu etdi. 1-ci, 2-ci qalsın qırağa. Bəs, 3-cüdə niyə hakim cəzalandırmadı? Dodo məni vurur və deyir ki, qaydanı pozdum. Amma hakim qeydə almır.
- İkinci hissədə yan xətt hakiminə də yaxınlaşdın...
- Bəli. Baş hakim görmürsə, yan xətt hakimi görməlidir. Mən haqqı deyirəm. Sözün düzünü deyirəm. Əgər bacarmırsansa etmə də hakimlik. Niyə edirsən? Nə cərimələr verilir, nə penaltilərimiz.
- “Neftçi”nin ardıcıl məğlubiyyətlərində sırf olaraq hakimlər günahkardır?
- Xeyr. Bizim də səhvlərimiz var. Mən demirəm ki, bu qədər səhvsizik. Amma bu qədər də olmaz axı.
- Əsgər Abdullayev istefa verdi...
- Vallah çox pis oldum. Bizimlə görüşüb vidalaşdı.
- Komanda bir neçə tur yaxşı gedirdi. Bəs, nə dəyişdi yenidən?
- Hakimlər bizi çox sıxır. Mən heç nə demirəm. Belə olmaz. Əgər “Qəbələ” qələbə qolunu vura bilməsəydi, Ömər Paşayev özü vuracaqdı. Gəlsin sübut edim. Əgər etməsəm əlcəklərimi qoyub gedəcəm.
- Sizcə, komanda uğursuzluqlardan sonra düzələcək?
- Vallah nə deyim... Əsgər Abdullayevlik heç bir şey yox idi. O ağsaqqalımız idi.
- Kubok oyununda “Xəzər Lənkəran”ı məğlub edəcəyinizə inam var?
- Əlimizdən gələni edəcəyik.
saytlarin hazirlanmasi