Adil Şükürov: "Oyundan sonra futbolçulara təşəkkür etdim"

17:26 - 9 Mart 2016

"Əvəzini çıxmağa çalışacağıq"

 

Azərbaycan Kubokunun 1/4 finalının cavab matçında "Zirə"ni 5:1 hesabı ilə məğlub edən "Qəbələ" adını yarımfinala yazdırıb.

 

Sportal.az-ın stadionda olan əməkdaşının verdiyi məlumata görə, oyundan sonra keçirilən mətbuat konfransında "Zirə"nin baş məşqçisi Adil Şükürov bunları qeyd edib:

 

- Bu cür məğlubiyyətdən sonra danışmaq çətindi. Yeni komandayıq. İki cəbhədə mübarizə aparmaq bizim üçün çətincdi. Bundan sonra bütün fikrimizi çempionata yönəldəcəyik. Bu oyundan öncə "Qarabağ"la çətin oyun keçirdik. Heyətdə zədəlilərimiz də var. Bundan sonra daha yaxşı mübarizə aparmağa çalışacağıq.

 

- 0:3-dən sonra özünüzü necə hiss etdiz? 

- Əlbəttə, ağırdı. 0:3-dən sonra hesab arasındakı fərqi azaltsaq da, bundan artığını edə bilmədik.

 

- Çempionatda hər iki oyunda "Qəbələ"dən qol buraxmamışdız. Kubokda isə iki oyuna 7 qol buraxdız... 
- Buna səbəb komandanda zədəlilərin çox olmasıdı. Bundan öncə ağır oyun keçirməyimizin də təsiri oldu. Nicat bu oyuna qızdırmayla çıxmışdı. Ümumiyyətlə, heyətdə problemlərimiz var.

 

- Bu cür məğlubiyyətdən sonra heyətdə dəyişikliklər gözlənilir? 
- Biz həmişə heyətdə rotasiyalar edirik. Bundan sonra da dəyişikliklər olacaq.

 

- Sizcə, bugünkü böyük hesablı məğlubiyyətin "Qəbələ"ylə dörd gün sonrakı çempionat oyununa təsiri olacaq? 
- Oyundan sonra futbolçulara təşəkkür etdim. İstəməzdik ki, belə hesab olsun. Əlbəttə, bugünkü oyunun təsiri olacaq. Əvəzini çıxmağa çalışacağıq.

 

- 1:5 hesabıyla uduzan komandaya təşəkkür düşür? Futbolçulara nəyə əsasən təşəkkür etdiz? 
- Nəzərə alaq ki, bu gün 1996-cı il təvəllüdlü futbolçular da oynadı. Onları başa düşmək olar. Futbolçuları sərt tənqid etmək onların gələcəyinə təsir edə bilər.

 

- Bonillanın yayda "Qarabağ"a keçəcəyi deyilir. Sərfəli təklif olsa, legioneriniz göndərilə bilər? 
- Onun bizimlə müqaviləsi var. Transfer məsələsinə rəhbərlik baxır. Bu barədə rəhbərlikdən soruşun.

Xəbər xətti