Əyyub Əliyev: "Heç kim debüt oyunda qol buraxmaq istəməz"

15:15 - 10 Mart 2016

"Qapını toxunulmaz saxlamağa çalışacağam"
 
Azərbaycan Premyer Liqasının XXIV turu çərçivəsində keçirilən “Rəvan” – “Kəpəz” (1:3) oyunu Gəncə klubunun qapıçısı Eyyub Əliyevin karyerasına bir ilk kimi düşüb.
 
Sportal.az xəbər verir ki, gənc qolkiper həm “Kəpəz”in heyətində birinci oyununa çıxıb, həm də elitada debüt edib.
 
Gənc qolkiper klubun saytına fikirlərini belə bildirib:
 
“Kəpəz”in heyətində ilk matçımı keçirməyim mənim üçün də sevindirici oldu. Ümumiyyətlə, ilk dəfə idi ki, Premyer Liqada oynamaq imkanı əldə edirdim. Bu vaxta kimi hazırkı klubumda və əvvəllər çıxış etdiyim komandalarda ehtiyatda otursam da, nəhayət ki, meydana çıxdım. İnşallah, bunun davamı gələr və daha çox oynayaram. Bunun üçün əlimdən gələni edirəm. Oynamaqla komandama daha çox xeyir vermək istəyirəm. Məşqçilər korpusuna da etimad üçün minnətdaram”.
 
Əliyev debüt oyununda qapısından qol buraxsa da, son nəticə uğurlu olub, “Kəpəz” üç xala sevinib. Bu mənada qapıçının debütü ilk qələbə və ilk buraxılan qolla yadda qalıb:
 
“Açığı, heç kim debütdə qol buraxmaq istəməz. Sadəcə, qismət belə alındı. Qarşıdakı oyunlarda şans verilsə, qapını toxunulmaz saxlamağa çalışacağam. Qol buraxmağıma baxmayaraq, “Kəpəz”in qələbəsi ürəyimcə oldu. Qolkiper qapısından qol buraxsa da, komandanın yekunda qələbə qazanması əsasdı”.
 
“Kəpəz”ə mövsümün əvvəlində cəlb olunan Eyyub bir qayda olaraq yoxlama matçlarında meydana çıxıb. O, “Rəvan”a qarşı görüşdə 65-ci dəqiqədə oyuna daxil olmaqla 25 dəqiqə forma geyinib:
 
“Kimin nə qədər oynamasının yox, komandanın qələbəsi vacibdir. Məşqlər və oyunlar zamanı qolkiperlə işləyən məşqçimiz Nadir Şükürov, eləcə də komanda yoldaşım Tadas Simaitisdən çox şey öyrənməyə səy göstərirəm. Tadas legionerdir, yaşca məndən böyükdür, təcrübəlidir. Hələ öyrəniləsi çox şey var. “Kəpəz”ə layiqli futbolçu olmaq üçün öz üzərimdə işləyirəm”.

Xəbər xətti