Şahin Diniyev: "Xəzər Lənkəran" hər dəfə bizə problem yaradır"

19:13 - 12 Mart 2016

"Bunlar bizə problem yaradır"
 
Azərbaycan Premyer Liqasının XXV turu çərçivəsində martın 13-ü Gəncə şəhər stadionunda  “Xəzər Lənkəran” ilə qarşılaşacaq “Kəpəz” bu gün keçirilən məşqlə qarşıdakı matçın hazırlığını tamamlayıb.
 
Sportal.az xəbər verir ki, məşqdən sonra “sarı-göylər”in baş məşqçisi Şahin Diniyev mətbuata oyunla bağlı fikirlərini bölüşüb:
 
"Rəvan" üzərindəki qələbədən sonra uğurlu çıxışımızı sürdürmək üçün “Xəzər Lənkəran”a qarşıda görüşdə də qələbə qazanmaq istəyirik. Liderlər qrupundan uzaqlaşmamaq üçün üç xala ehtiyacımız var. Amma bu o qədər də asan olmayacaq. Rəqibin heyəti gənc və təcrübəli oyunçulardan qurulub”.
 
Təcrübəli məşqçi “Xəzər Lənkəran” ilə əvvəlki oyunlara da toxunub: “Lənkəran klubu hər dəfə bizə problem yaradır. Çempionatda cənub təmsilçisini məğlub etsək də, kubokda bizi mübarizədən çıxartdılar. “Neftçi” ilə kubok oyununda da evdə qələbə qazandılar. Bu onu göstərir ki, asan rəqib deyillər. Onların müdafiəsini yarmaq üçün xeyli güc sərf etməli olacağıq. Meydana üç xal üçün çıxacağıq, amma qələbə qazanmaq asan olmayacaq. Bunun üçün meydanda mübarizə aparmalıyıq”.
 
Şahin Diniyev heyətdəki itgilər haqda da danışıb: “Müdafiə xəttinin cinahlarında çıxış edən futbolçular sarıdan heyətimiz kasaddır. Cinah müdafiəçilərinin cəzalı olması və onların mövqeyində oynayan ehtiyat futbolçumuzun olmaması bizə problemlər yaradacaq. Amma “Kəpəz” yalnız bu oyunçulardan ibarət deyil. Çalışacağıq ki, onların yerini dolduraq”. 

Xəbər xətti