"Mövsümün sonunda taleyimə aydınlıq gələcək"
Azərbaycan Premyer Liqasının XXV turu çərçivəsində keçirilən “Kəpəz” – “Xəzər Lənkəran” oyununda (2:0) Əli Səmədov Gəncə klubunun heyətində debüt edib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, görüşün sonuna artırılan vaxtda meydana daxil olan 19 yaşlı yarımmüdafiəçi doğma şəhərinin klubunda ilk oyununa çıxıb:
“Oynamağım mənim üçün sevindirici oldu. Bir müddət idi ki, baş məşqçimizdən şans gözləyirdim. Şahin Diniyevə də təşəkkür edirəm ki, az da olsa, bu imkanı mənə yaratdı. Meydana çıxmağım əlavə stimul verdi. Oynamaq üçün əziyyət çəkmək, məşqlərdə yorulmadan işləmək lazımdı. Hələ heç nə etməmişəm, irəli getmək üçün səylə çalışmalıyam”.
İlk vaxtlar əvəzedici heyətdə məşq edən futbolçu qış fasiləsindən sonra əsas komandaya götürülüb. Bununla belə, Səmədov oyun təcrübəsi qazanmaq üçün “dubl”a da kömək edir: “Premyer Liqa oyunları tamam fərqlidir, amma sizə bildirim ki, oyuna çıxarkən həyacanlı deyildim. Çünki həm görüşün sonları idi, həm də matçın nəticəsi artıq həll olunmuşdu, üzərimdə yük yox idi. Əsas heyətdə oynasaydım, 100 faiz həyacan olacaqdı. Çoxlu sayda tamaşaçının önündə ilk dəfədir ki, çıxış edirdim, azarkeşlərin adımı çəkməsi və alqışlaması gözəl hisslər yaşatdı”.
Gənc yarımmüdafiəçi futbolçu ailəsində anadan olub. Onun atası İlham Səmədov vaxtilə peşəkar səviyyədə futbolla məşğul olub, ölkəmizin bir sıra klublarında, o cümlədən “Turan”, “Kür” (Samux), “Ağrıdağ” (Gəncə), “Şəmkir” və s. komandalarda çıxış edib. Amma “Kəpəz”də oynamaq imkanı əldə etməyib: “Müəyyən səbəblərə görə atam istəyi olsa belə “Kəpəz”in formasını geyinə bilməyib. Yəqin ki, qismətdəndir. Mən bu klubda oynamaqla həm də onun arzusunu həyata keçirmiş oldum (gülür). Stadiondan oyuna baxırdı, matçdan sonra məni təbrik edib, xoş sözlər söylədi”.
Əli Səmədov “Kəpəz”də icarə əsasında çıxış edir. Gəncəli futbolçu “Qəbələ”nin futbol akademiyasının yetirməsidir və bu klubdan mövsümün sonuna kimi icarəyə götürülüb: “Müqavilə ilə “Qəbələ”yə məxsusam. Geri çağırsalar, dönməliyəm. Amma hələ ki, “Kəpəz”in heyətindəyəm və burada rahatam. Onu da deyim ki, “Qəbələ” də mənim üçün doğmadır. Mövsümün sonunda taleyimə aydınlıq gələcək”.
saytlarin hazirlanmasi