"Əsas odur ki, komandada vəhdət, birlik var"
Xəbər verdiyimiz kimi, Azərbaycan Premyer Liqasının XXVI turu çərçivəsində səfərdə "Neftçi"nin qonağı olan "Kəpəz" 3:2 hesablı tarixi qələbə qazanıb.
Sportal.az xəbər verir ki, Gəncə klubunun rəsmi saytı bu gün doğum gününu qeyd edən "Kəpəz"in məşqçisi Xaliq Mərdanovdan açıqlama alıb:
"Bayram olduğundan ad günüm tamam yadımdan çıxmışdı. Səhər saatlarında zəng edib təbrik etmişdilər, onda yadıma düşdü. Şükür, hər şey yaxşıdı, özümü gümrah hiss edirəm. Bayram-bayrama qarışıb”.
“Neftçi” ilə oyundakı qələbə Xaliq Mərdanov üçün həm Novruz, həm də ad günü hədiyyəsi olub: “Əsas olan qələbə qazanmaq idi. Ona görə də hədiyyə ikinci plana keçmişdi, açığı, heç bu barədə düşünməmişdim də. Sonuncu dəfə 11 il öncə “Neftçi” ilə oyunda sevinmişdik. Həmin vaxt meydanda mən də vardım. Şahin Diniyevin rəhbərliyi altında oynayırdım. Ümumiyyətlə, komandamızın çıxışını müsbət qiymətləndirmək olar. Əsas odur ki, komandada vəhdət, birlik var. Kollektivdə mehribanlıq hökm sürür. Düzgün yolda istiqamətlənmişik, belə də davam etməliyik”.