Nikolay Adam: "Belə olan halda mən də Azərbaycanı seçdim"

18:12 - 21 Mart 2016

"Halbuki, həmin dövrə qədər orada heç bir məşqçilik təhsili yox idi"
 
Azərbaycanın U-15, U-16 və U-19 yığmalarının sabiq baş məşqçisi, hazırda Hindistanın U-17 yığmasını çalışdıran almaniyalı mütəxəssis Nikolay Adam ölkəmizdəki fəaliyyəti ilə bağlı xatirələrini bölüşüb.
 
Sportal.az xəbər verir ki, o, "goal.com"-a açıqlamasında  öncə Azərbaycana gəlişindən söz açıb:
 
"Mən vaxtilə məşqçi kurslarında çalışırdım və əsasən Afrika ölkələrinə yollanırdım. Bir dəfə Cənubi Afrika Respublikasından təklif gəldi, qəbul etdim. Amma cəmi iki gün sonra məni Azərbaycana göndərməyə qərar verdilər. Etiraf edim ki, heç Azərbaycanın harada, necə ölkə olduğunu bilmirdim. Bu, mənim üçün yeni bir şey idi. Almaniya Futbol Federasiyası ilə əlaqə saxlayıb, nə etməli olduğumu soruşdum. Onlar isə harada seminar keçmək istəyirsənsə, buna özün qərar verməlisən. Belə olan halda mən də Azərbaycanı seçdim".
 
Adam Azərbaycan futbolunda necə peyda olmasını da açıqlayıb: "Azərbaycanda hər şey yaxşı idi. 2010-cu ildə A kateqoriyalı məşqçi kursları keçirdik. Oktyabr ayında evə qayıtdım. Həmin vaxt AFFA-nın baş katibindən mənə zəng gəldi. O, mənə U-15 və U-16 yığmalarını çalışdırmağı təklif etdi. Dərhal razılıq verdim".
 
"Azərbaycan xalqı çox səmimi və qonaqpərvərdir. Fikrimcə, mən də orada öz izimi, irsimi qoya bilmişəm. İndi onların yüksək məşqçilik kateqoriyalarına malik mütəxəssisləri var. İndi həmin məşqçilik kurslarını elə yerli mütəxəssislər təşkil edirlər. Halbuki, həmin dövrə qədər orada heç bir məşqçilik təhsili yox idi".
 
Adam aşağı yaş qrupu üzrə yığmalarımızdakı fəaliyyətindən də danışıb: "Biz 12-18 yaş aralığında istedadlı futbolçular axtarırdıq. Ən böyük uğurumuz U-19 komandası ilə AÇ-nin elit mərhələsinə vəsiqə qazanmaq oldu. Həmin heyətdə yer alan futbolçulardan biri - Elnur Cəfərov artıq Azərbaycanın əsas millisində də debüt edib. Ötən ilin oktyabr ayında baş məşqçi Robert Prosineçki onu yığmanın düşərgəsinə dəvət etdi. Mən orada keçirdiyim vaxta görə çox fəxr edirəm". 

Xəbər xətti