Bu nə seçim, bu nə oyun?
Millimizin bu il keçirdiyi ilk yoxlama oyunu bərbad alındı. Məğlubiyyət bir yana, millimizin ortaya qoyduğu futbol ürək bulandırdı əməlli-başlı. Qazaxıstana 0:1 hesablı məğlubiyyətə təhlil verməzdən əvvəl Robert Prosineçkinin bu oyuna dəvət etdiyi futbolçuların sıyahısına bir daha nəzər salmaq yerinə düşər.
Heyəti Prosineçki müəyyənləşdirir, yoxsa Elxan Məmmədov?
Robert Prosineçki Azərbaycan millisinə gəldiyi ilk vaxtlar israrla deyirdi ki, klubunda oyun praktikası olmayan futbolçu yığmaya dəvət almayacaq. Ancaq zaman keçdikcə onun vədinə xilaf çıxdığını gördük. Elə bu toplanış zamanı da Prosineçki sözünün üstündə durmadı. Məlum səbəblərdən “Qəbələ”nin heyətində oynamaq imkanı olmayan, yalnız məşqlərlə kifayətlənən Pavel Paşayev nə üçün milliyə dəvət almışdı? Misal üçün, həmin Paşayevin əvəzinə, bu mövsüm “Kəpəz”in heyətində sabit oyunuyla seçilən sol cinah müdafiəçisi Şəhriyar Rəhimovu sınamaq olmazdımı? Elə onun adaşı Şəhriyar Əliyevi də bu toplanışa dəvət etmək olardı. Birinci hissə Rəşad Sadıqov-Bədavi Hüseynov, ikinci hissədə isə “Kəpəz”in mərkəz müdafiəçiləri olan Şəhriyar Əliyev-Tərlan Quliyev tandemini sınamaq olardı. Ancaq Prosineçki Tərlana dəvət göndərsə də, hal-hazırda yaxşı formada olan Şəhriyarı milliyə layiq görmədi. Hər dəfə Nurlan Novruzov məsələsi gündəmə gələndə, xorvat mütəxəssisin Foqtsun yoluyla getdiyini görürük. Axı, necə ola bilər ki, AZAL-dan Murad Səttarlı, “Sumqayıt”dan Ağabala Ramazanov, “Qarabağ”da az-az oynayan Cavid Tağıyev milliyə dəvət alır, Premyer Liqada 2-ci yerdə gedən “Zirə”nin əsas oyunçularından olan Nurlan Novruzov Prosineçkiyə lazım olmur? Bunun adı qərəz deyilsə, nədir? Artıq futbol ictimaiyyəti arasında heyətin Prosineçki tərəfindən yox, yuxarılardan tərtib olunduğuna dair fikirlər də formalaşmağa başlayıb.
Araz Abdullayev təəccübləndirə bilərdi, amma...
Robert Prosineçkinin Qazaxıstanla oyuna buraxdığı ilk onbirlikdə ən diqqətçəkən məqam Araz Abdullayevin həmişəki kimi cinahda yox, orta sahədə yer alması idi. Ümumi götürdükdə, Araz yaxşı oynadı, ancaq... Araz Abdullayev xüsusən ilk hissədə millinin heyətində ən yaxşılardan idi. Başgicəlləndirici fəndləri, driblinqi hesabına qazaxıstanlı futbolçuları çaş-baş sala bilirdi. Lakin bəzi epizodlarda fərdi oyuna o qədər aludə olurdu ki, vaxtında ötürmə verməyə, zərbə vurmağa gecikirdi. Elə buna görə də, onun fəallığı nəticə vermirdi. Bu çatışmazlığı aradan götürsə, oyun qurucusu kimi millimizə xeyir verə bilər.
Qazaxıstan qarşısında aciz milli
Millimiz 2016-ya məğlubiyyətlə başladı. Nəticəni bir tərəfə qoyaq, göstərdiyimiz oyun ümid vermədi azarkeşlərə. Cinah ötürmələrindən sonra hava mübarizələrində uduzurduq, qapımıza təhlükəli zərbələr vurmağa imkan verirdik. Hesabın daha da böyük olmamasına görə Kamran Ağayev və qapı tirinə minnətdar olmalıyıq. Qazaxıstan futbolçuları dəfələrlə müdafiədən hücuma necə sürətli çıxmağı, kəsərli hücum qurmağı göstərdilər bizə. Biz isə...
Bu milli ilə uzağı Qazaxa getmək olar
Bizim millimizin böyük məqsədlər üçün qurulmadığını artıq hər kəs anlayıb. AFFA prezidenti Rövnəq Abdullayev hər nə qədər AVRO-2020-nin final mərhələsində Azərbaycan millisini görmək istədiyini desə də, reallığı hamıdan yaxşı bilir. Başqa məsələdir ki, Rövnəq bəy reallığı dilə gətirə bilmir. Çünki bu halda Robert Prosineçkiyə 1,2 milyon illik məvacibi nə üçün verdiklərinə cavab tapa bilməyəcək. Təsəvvür eləyin, Rumıniya futbol federasiyasının rəhbərliyi millini Avropa çempionatının final mərhələsinə çıxaran məşqçiyə illik 120 min maaş verir, biz isə məqsədi olmayan millimizin baş məşqçisinə 1,2 milyon avro. Səbəbi sadədi – Elxan Məmmədov. Əcnəbilərə və azərbaycanlıların rus dilli təbəqəsinə qibtə edən, sıravi azərbaycanlılara ikinci növ kimi baxan Məmmədov AFFA-da olduğu müddətdə milliyə yerli mütəxəssis rəhbərlik etməyəcək!
SPORTAL.AZ
saytlarin hazirlanmasi