Budaq Nəsirov: "Kumirim Felipe Melodur, ondan motivasiya alıram"

14:57 - 1 Aprel 2016

"Əsas arzumuz Avroliqaya yollanmaqdır"

 

Azərbaycan Premyer Liqasının XXVII turunda Gəncədə “Zirə” ilə oyunda qazanılan 2:0 hesablı qələbədə Budaq Nəsirovun da əməyi az olmadı. 62-ci dəqiqədə rəqib qapısına doğru irəliləyən gənc yarımmüdafiəçinin cərimə meydançasında kobudluqla dayandırılmasından sonra oyunu idarə edən baş hakim 11 metrlik cərimə zərbəsi təyin etdi. Topun arxasına keçən “Kəpəz”in kapitanı Tural Axundov isə hesabı açdı.

 

Sportal.az xəbər verir ki, Nəsirov klubun saytına “Zirə” ilə oyun haqda danışarkən məlum epizodla bağlı bunları deyib:

 

“Mən komanda üçün oynayıram. Əsas olan komandanın qələbəsidir, kimin qol ötürməsi verməsinin və qol vurmasının fərqi yoxdur. Azarkeşlərimizə qələbə bəxş etdiyimizə görə sevinirik. Əsas arzumuz Avroliqaya yollanmaqdır. Bu yolda yavaş-yavaş irəliləyirik”.

 

“Kəpəz” – “Zirə” oyunundakı nəticə gəncəlilərin Premyer Liqada rəqib üzərində ilk qələbəsi kimi tarixə düşdü. Çempionatın debütantlarının əvvəlki iki dövrədəki qarşılaşmaları heç-heçə (1:1, 2:2) nəticələnmişdi: “Onlara bundan öncəki matçlarda iki xal verib, özümüz dörd xaldan məhrum olmuşduq. Fikrimcə, əvvəlki oyunlarda da qələbə qazanmalıydıq, çünki buna çox yaxın idik. Rəqibdən üstün ola-ola heç-heçə oynamışıq. Bu dəfə nəhayət ki, üstünlüyümüzü hesabda da əks etdirə bildik”.

 

Budaq Nəsirov Bakı klubu ilə görüşdə sarı vərəqə almaqla mövsümdə üçüncü dəfə cəzalı duruma düşdü və o, qarşıdakı turda meydana çıxa bilməyəcək: “Aqressiv oynamağı çox sevirəm. Kumirim də Felipe Melodur, ondan motivasiya alıram. Melo fantastik futbolçudur, onun davamçısıyam (gülümsəyir). Hər oyunda komandama kömək etmək istəyirəm. Mübarizələri uduzmağı sevmirəm, ona görə də vərəqələrsiz keçinmək olmur”.

Xəbər xətti