"Sanki Avropa meydanlarında oynayırıq"
Bu gün “Kəpəz”in əsas komandasının futbolçusu Şəhriyar Rəhimovun doğum günüdür. Rəhimovun 27 yaşı tamam olur.
Sportal.az xəbər verir ki, doğum gününü qeyd edən futbolçu klubun rəsmi saytına müsahibə verib.
- Şəhriyar, ilk öncə səni təbrik edirik...
- Doğum günümü unutmadığınıza və təbrikə görə minnətdaram. İnşallah, bu il mənim üçün uğurlu olar. Əsas arzularım “Kəpəz” ilə bağlıdı. Komandamızın Avropa Liqasına vəsiqə qazanmasını istəyirəm. Belə imkan qazansaq, bu, mənim üçün hədiyyə olar. Yeri gəlmişkən, qitə miqyaslı turnirdə oynamaq tək mənim yox, hamının arzusudur.
- “Kəpəz”ə keçməklə karyeranda yeni bir səhifə açdın...
- Gəncə klubuna keçməklə yanılmamışam, düzgün addım atmışam. Mehriban kollektivimiz var. Yerli və ya gəlmə futbolçu fərqi yoxdur, hamı eyni məqsədi həyata keçirmək üçün bura toplaşıb. “Kəpəz” mənim karyeramda yeni komanda olsa da, tarixi zəngin klubdur, titulları var. Böyük komandanın futbolçusuyam. “İnter” ilə Çempionlar Liqasının təsnifat mərhələsində oynamışam, indi isə “Kəpəz” ilə Avroliqada çıxış etməyi arzulayıram. Bunun öhdəsindən gəlmək üçün bütün gücümüzü səfərbər etmişik. Bu, azarkeşlər üçün də mövsümün hədiyyəsi olar.
- Azarkeşləri qeyd etmişkən, dolu tribunlar önündə oynamaq sizlərə hansı hissləri yaşadır?
- Azarkeşlər bizim “12-ci oyunçu”muzdur. Komandamızın çıxışında onların da rolu var. Sağ olsunlar, bizə çox yaxşı dəstək verirlər. Bu qədər tamaşaçının önündə oynamaq məsuliyyətlidir. Onların qarşısında özümüzü əsl futbolçu hiss edirik. Sanki Avropa meydanlarında oynayırıq.
- Çempionatın debütantı olan Gəncə klubundan bu cür çıxış gözlənilmirdi. Nəyin hesabına komanda ümidləri doğrultdu?
- Bizim uğurlu çıxışımızda bir sıra amillər var. Klub rəhbərliyi, məşqçilər korpusu, futbolçular və azarkeşlər bir məqsəd üçün çalışırlar ki, bu da bizi güclü edir. Hamı uğurlu çıxışımızda əmək sahibidir.
saytlarin hazirlanmasi