Orxan Əliyev: "Yəqin ki, əvvəllər tam hazır olmadığım üçün kənarda qalmışam"

18:14 - 14 Aprel 2016

"Belə davam etsəm, düşünürəm ki, mənim üçün yaxşı olacaq"

 

Qış transfer pəncərəsi dövründə “Kəpəz”ə cəlb olunan Orxan Əliyev artıq adaptasiya dövrünü geridə qoyaraq komandaya tam uyğunlaşıb. Turdan-tura əvəzedici heyətdə formasını bərpa edən gənc futbolçu indi əsas heyətin üzvlərindəndir. Baş məşqçi ona son üç turda ilk “11-lik”də yer verib.

 

Sportal.az xəbər verir ki, Əliyev klubun rəsmi saytına hər matçda etimadları doğrultmağa çalışdığını deyib: “Şahin Diniyev meydana hazırlıqlı futbolçunu buraxır. Yəqin ki, əvvəllər tam hazır olmadığım üçün kənarda qalmışam. Mənə bəslənən ümidləri doğrultmağa, məşqçinin hər dediyi göstərişə əməl etməyə çalışıram. Şahin müəllim mənə dəstək verir, yol göstərir. Oyundan-oyuna daha yaxşı oynamağımı istəyir. Belə davam etsəm, düşünürəm ki, mənim üçün yaxşı olacaq”.

 

Orta sahədə çıxış edən futbolçu yarımmüdafiənin hər iki cinahında oynamağı bacarır. Məşqçilər isə ona daha çox sağ cinahda şans verirlər: “Futbola yeni başlayanda sağ və sol cinahlarda mübarizə aparırdım. Sonradan mərkəzə çəkdilər, hücumda oynadım. Mənim üçün harada oynamağımın fərqi yoxdur. Hər iki mövqe rahat olmaqla oynadığım futbola uyğundur”.

 

Orxan Əliyev komandasının aprelin 16-da Gəncədə çempionatın XXX turunda “İnter” ilə keçirəcəyi oyun haqda da danışıb: “Əhval-ruhiyyəmiz yaxşıdır, məşqlərə və qarşıdakı oyuna ciddi yanaşırıq. Fikrimiz qələbə qazanmaqdır. Çünki evdə bizi başqa nəticə qane etmir”.

Xəbər xətti