"Qarabağ"dan sonra ən çətin oyunumuz "İnter" ilə olacaq"
Bu gün Gəncə şəhər stadionunda “İnter” ilə qarşılaşacaq “Kəpəz” bu oyunun hazırlığını tamamlayıb.
Sportal.az xəbər verir ki, “dağlılar”ın baş məşqçisi Şahin Diniyev qarşıdakı matçla bağlı fikirlərini bölüşüb:
“İki uğursuz oyundan sonra qeyd etmişdim ki, komandada fiziki və psixoloji durum yerində deyil. Bu da anlaşılandır. 11 futbolçu ilə çempionatı keçirmək çətindir. Həftə boyunca fiziki və psixoloji vəziyyəti düzəltmək üçün bu yöndə işlədik. Eniş dövründən çıxmağa çalışdıq”.
Təcrübəli çalışdırıcı qarşıdakı matçın əhəmiyyətindən də bəsh edib: “İnter” ilə görüş bizim üçün üçüncü yer uğrunda əsas mübarizə oyunlarından biridir. Hələ heç nə itirilməyib. Qalib gəlməklə üçüncü yeri özümüzə qaytara bilərik. Bu rəqiblə oyunlar həmişə çətin olub. Əvvəlki üç matçdan bir xal götürmüşük. Əlimizi yanımıza sallamayacağıq. Yəqin ki, liderlərə yaraşan bir oyun olacaq. Görüşdən qələbə gözləyirik. Amma bu o qədər də asan olmayacaq. Qalib gəlmək üçün daha çox güc sərf etməliyik. Mənə elə gəlir ki, "Qarabağ"dan sonra ən çətin oyunumuz "İnter" ilə olacaq”.
Şahin Diniyev zədə səbəbindən matçı buraxacaq Namiq Ələsgərovun yoxluğu haqda da danışıb: “Əsas heyətin bütün futbolçuları heç də həmişə sıralarımızda olmur. Cəza və ya zədə səbəbindən hansısa futbolçu oyunu buraxmaq məcburiyyətində qalır. Hər dəfə kiminsə kənarda qalması bizə təsir edir. İndi də Namiqin xidmətindən məhrumuq. Ehtiyat qüvvənin geniş olmaması oyunumuza təsirini göstərir. Çalışacağıq ki, Ələsgərovun yoxluğunu digər futbolçularla sığortalayaq. Onun yoxluğu görünəcək, bu, sürətin aşağı düşməsinə gətirib çıxara bilər. Amma bu gün meydana səbəblərlə yox, qələbə əzmi ilə çıxacağıq”.
saytlarin hazirlanmasi