"Tino Peres gedəcəyini 3-4 ay əvvəl demişdi"

17:17 - 19 Aprel 2016

"Belə bir məşqçi ilə yolumuza davam etmək istərdik"
 
Xəbər verdiyimiz kimi, futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Tino Peres istefa verib.
 
Sportal.az xəbər verir ki, Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov “Qafqazinfo”ya açıqlama verərək Peresin istefasını səbəblərini izah edib:
 
“Əslində 3-4 ay öncə bizim onun gedəcəyindən xəbərimiz var idi. Amma məsələ tam dəqiqləşməmişdi. Peresin ailəsində müəyyən problemlər var idi. Buna görə də 3-4 ay əvvəl bizə dedi ki, müqaviləm bitdikdən sonra gedə bilərəm. Dünən də onunla görüşdük və danışdıq. Bildirdi ki, o mütləq getməlidir. Əlbəttə ki, belə bir məşqçi ilə yolumuza davam etmək istərdik. Ona görə də qalması üçün israr etdik. Bildirdim ki, əgər mümkündürsə, qal işlə. Çünki dünya çempionatı öncəsi bu bizim üçün də yaxşı olardı. Amma mümkün olmadığını dedi. Sizin vasitənizlə ona bir daha təşəkkür edirəm. Bizim üçün çox iş gördü”.
 
Federasiya rəhbəri yeni məşqçi axtarışları barədə də fikirlərini açıqlayıb:
 
“Biz sentyabrda Kolumbiyaya dünya çempionatının seçmə mərhələsinə gedəcəyik. İyunun 15-i də komanda təlim-məşq toplanışına yığışacaq. Düzdür, 3-4 ay öncə Peresi getməsi ilə bağlı söz-söhbətlər olsa da, tam dəqiq olmadığı üçün baş məşqçi axtarışı etməmişdik. Amma bu gündən işlərə başlayacağıq. Ümid edirəm ki, hər şey qaydasına düşəcək”.

Xəbər xətti