Araz Abdullayev "Neftçi"də qalsın, yoxsa buralardan getsin?

12:00 - 21 Aprel 2016

Karyerasında yeni səhifə açmasa...

 

Araz Abdullayev həmişə diqqət mərkəzində olub. Gah oynadığı futbolla, gah da futboldan kənar hadisələrlə. Araz yenə gündəmi zəbt edə bilər. Bizdə olan bilgiyə görə, Rusiyanın aparıcı klublarından biri onu heyətinə qatmaq istəyir. Ölkə kubokunun yarımfinal mərhələsində keçiriləcək “Neftçi” – “Qəbələ” matçını həmin klubun nümayəndələri də izləyəcəklər. Məhz bundan sonra tərəflər danışıq masası arxasına əyləşəcək.

 

Alınmayan İngiltərə, qısa Yunanıstan karyerasından sonra Araz Abdullayevin üzünə yenə Avropaya pəncərə açıla bilər. Hələ ki, ortada rəsmi heç nə yoxdur. Bəs təklif gəlsə, Araz xaricə getsinmi, yoxsa “Neftçi”də qalsın?

 

Araz Abdullayev istedadına görə hal-hazırda azərbaycanlı futbolçuların bəlkə də hamısından üstündür. Lakin o, heç də həmişə istedadından maksimum yararlana bilmir. Son zamanlar isə onun performansındakı qeyri-sabitlik özünü daha qabarıq şəkildə göstərməyə başlayıb. Düzdür, bu gün nəinki Arazda, demək olar “Neftçi”nin əksər futbolçularında geriləmə var. Lakin Abdullayevin oyununda illərdir sezilən qeyri-sabitliyi bütünlüklə indiki məşqçilər korpusunun üzərinə atmaq doğru olmazdı.

 

İndiki halda Araz bir yerdə dayanıb, inkişaf hiss olunmur. Potensial var, irəliləyiş isə yox! Hiss olunur ki, “Neftçi”də məşqçilər korpusunun da ona güvəni azalıb. Lakin “Neftçi” və ya başqa bir klub olsun, Araz Abdullayev ilk növbədə həyat tərzinə diqqət etməli, atdığı hər addımı dəqiq hesablamalıdır. Yəqin onun özünə də sirr deyil ki, mətbuat nümayəndələri tərəfindən sevilməyən simadır. Lakin biz onun kimi bacarıqlı futbolçunun göz qabağında sönməsini istəmədiyimiz üçün Araz Abdullayevə yol göstərməyi borc bildik. Bu, bəlkə də Abdullayev üçün son şansdır. O, Rusiya Premyer Liqasında özünü isbatlasa, irəliyə böyük addım atmış olacaq. Hətta bu keçid baş tutmasa da, Araz Abdullayev başqa bir ölkəyə getməyə cəhd etməlidir. Karyerasında yeni səhifə açmasa, kitabı yaxın illərdə beləcə bağlanıb gedəcək.

 

SPORTAL.AZ

Xəbər xətti