"Əlimdən gələn kimi futbolçularla söhbət aparıram"
Azərbaycan Premyer Liqasının 31-ci turunda evdə "Zirə"ylə qolsuz bərabarə qalan "Neftçi"nin baş məşqçisi Vəli Qasımov oyunla bağlı fikirlərini bildirib.
Sportal.az xəbər verir ki, Qasımov oyunla bağlı bunları deyib:
- "Zirə" komandası birinci ildi çempionatda oynasa da, stabil oyun sərgiləyir. Məncə, tutduğu yerə layiqdi. Bu komandaya qarşı 4-cü oyunumuzda çox istəyirdik ki, qalib gələk, ancaq alınmadı.
- Komandada nə çatışmır?
- Çox şey çatışmır. Bir az da bəxtimiz gətirmir. Bizim qapıya iki hücum olur və qol vururlar. Bizdə isə 10 hücum olur, qol vura bilmirik. Komandada inam azalıb. 7-ci pillədə gedən komanda ancaq qələbə barədə düşünür. Buna görə də, futbolçular meydanda tələsir. Bunun da nəticəsində qalib gələ bilmirik.
- Futbolçuları oyuna motivasiya edə bilmirsiz?
- Bu, komanda oyunudu. Biz həmişə "Qarabağ"ı tərifləyirik. Ancaq fikirləşmirik ki, bu komanda artıq 7 ildi bir yerdədi. Vaxt lazımdı.
- AZAL-da baş məşqçi 600 manat alan oyunçunu motivasiya edir, siz necə edə bilmirsiz?
- Düzünə qalsa, mən hansısa legionerin bu qədər maaş aldığına inanmıram. Bir də ki, hər şey pulda deyil. Əlimdən gələn kimi futbolçularla söhbət aparıram. Ancaq dediyim kimi, futbolçular meydanda tələsirlər.
- Düşünmürsüz ki, əsas problem baş məşqçidə yox, rəhbərlikdədi? İstefa versən klubda qalacaqsız?
- Bir aydı işləyirəm, nəticə istəyirsiz. İndi Ançelottini, Mourinyonu da gətirsəz nəticə olmayacaq. Rəhbərlik çox iş görür. Mənim işim komandayladı. Ancaq rəhbərliyin işini görmək istəyirsizsə, bazaya gəlin tanış olun.
saytlarin hazirlanmasi