"Neftçi"nin braziliyalısı: "Mən daha yaraşıqlıyam" MÜSAHİBƏ

01:00 - 28 Aprel 2016

"Qəbələ" bizə qalib gəlməyin asan olduğunu düşünməməlidi"
 
Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunları çərivəsində baş tutan "Neftçi” – "Qəbələ” (1-1) oyunundan sonra "Neftçi”nin müdafiəçisi Jario Rodriges jurnalistlərin suallarını cavablandırıb.
 
Sportal.az həmin müsahibəni təqdim edir:
 
- Qarşılaşma haqqında fikirləriniz...
- Çox çətin oyun oldu. Çünki "Qəbələ” yetərincə məsuliyyətli və yaxşı komandadır. Biz finala vəsiqə qazanan komandanın adını bilmirik. Çalışacağıq ki, cavab oyununda daha yaxşı futbol sərgiləyib finala vəsiqə qazana bilək. 
 
- Ötən həftə "Zirə” ilə oyunda olduğu kimi, bu dəfə də fərqli iki hissənin şahidi olduq. Birinci hissə komandanız rəqibə üstünlük versə də, ikinci hissədə üstünlüyü ələ aldı. Bu, taktiki gedişdi?
- Yox, bu bizim taktikamız deyil. Hər dəfə fərqli oyunun şahidi oluruq. İlk hissədə zəif oynadığımıza görə, ikinci hissədə oyunumuzu düzəldib əlimizdən gələnin ən yaxşısını etməyə çalışdıq. 
 
- Hakim idarəçiliyindən razısanmı?
- Hakim idarəçiliyindən hər hansı narazıçılığım yoxdu. Hakimlər necə oyun aparmaq lazım olduğunu çox yaxşı bilirlər. Hakim qərarları haqqında heç nə deyə bilmərəm. 
 
- Amma rəqib futbolçular idarəçilikdən narazıdı...
- Bu mənim işim deyil. Mən "Neftçi”nin üzvüyəm. "Qəbələ” futbolçularının nə düşündüyü mənə aid deyil.  Mənim işim futbol oynamaqdı. 
 
- Aleksey Qayın qapıçınız Aqil Məmmədovla mübarizəsi zamanı qayda pozuntusu var idimi?
- Mən Aqilin hər hansı səhv buraxdığını düşünmürəm. Cərimə zərbəsindən söhbət gedə bilməzdi. "Qəbələ” bizə qalib gəlməyin asan olduğunu düşünməməlidi. Rəqiblər bizim yetərincə güclü komanda olduğumuzu bilməlidi. Gələn oyunda da bunu sübut etmək üçün əlimizdən gələni edəcəyik. 
 
- "Qəbələ” bir neçə qol epizodundan yararlana bilmədi. Bu gün şansın "Neftçi”nin üzünə güldüyünü düşünmürsən?
- Mənim fikrimcə qarşılıqlı hücumlar şəraitində baş tutan  sürətli oyun keçdi. Şansın bizim üzümüzə güldüyünü düşünmürəm. Düşünürəm ki, hesab oyunun ədalətli nəticəsi idi. 
 
 -Komandanızın finala yüksəlmək şansı nə qədərdi?
- İndi bu barədə fikir bildirmək istəmirəm. İkinci oyunun nəticəsindən sonra hər şey bəlli olacaq. 
 
- "Qarabağ”ın kapitanı Rəşad Sadıqova oxşarlığın var...
- Oxşarlığımız var. Rəşad Sadıqov mənə oxşasa da, mən daha yaraşıqlıyam.

Xəbər xətti