"Əliyarın da səhv etməyə ixtiyarı var"
"Ötən axşam toyda olduğum üçün oyuna baxa bilmədim. Dedilər ki, baş hakim Əliyar Ağayev "Qəbələ" lehinə penalti təyin etməyib. Hər yerdə səhvlər olur. Əliyarın da səhv etməyə ixtiyarı var. Həqiqətən də yanlış qərar veribsə, cəzalanacaq".
Sportal.az xəbər verir ki, bu sözləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan kubokunda "Neftçi" və "Qəbələ" komandaları arasında keçirilmiş ilk yarımfinal oyununun hakimliyini dəyərləndirərkən deyib.
Qonaq komandanın FİFA referisi Əliyar Ağayevin idarəçiliyindən narazı qaldığı əsas epizod 74-cü dəqiqədə baş verib. Ə.Ağayev meydan sahiblərinin qapıçısı Aqil Məmmədovun Aleksey Qayı cərimə meydançası daxilində yıxmasına baxmayaraq, gözü qarşısında baş verən kobudluğu penalti kimi dəyərləndirməyib. Əvəzində o, "Qəbələ"nin futbolçusuna sarı vərəqə göstərib. R.Musayevin sözlərinə görə, belə epizodlar zamanı hakimin durduğu yerdən baxış bucağı da önəmli rol oynayır:
"Deyirsiniz ki, epizod hakimin gözü qarşısında baş verıb. Amma mən dəqiq fikrimi epizoda baxdıqdan sonra bildirəcəyəm".
Qeyd edək ki, "Neftçi" - "Qəbələ" matçı 1:1 hesablı heç-heçə ilə nəticələnib. Cavab görüşü mayın 4-də Qəbələdə olacaq. (Report)
saytlarin hazirlanmasi