Juninyo: "Şahin Diniyev necə oynamalı olduğumuzu bildirdi"

19:31 - 2 May 2016

"Oyuna nəzarət əlimizdə idi"
 
"Bizim üçün oyundan üç xalla ayrılmaq lazım idi. Avroliqa yolunda evdə oynadığımız görüşdə yalnız qələbə qazanmalı idik. Başqa nəticə bizi qane etməyəcəkdi. Şükürlər olsun ki, məqsədimizə çatdıq”.
 
Sportal.az xəbər verir ki, bu sözləri "Kəpəz"in futbolçusu Junior Martins Osvaldo klubun rəsmi saytına açıqlamasında deyib. 
 
Braziliyalı futbolçu Topaz Premyer Liqanın 32-ci turunda evdə "Rəvan"la görüşdə qazanılan qələbənin (3:2) komandaya asan başa gəlmədiyini vurğulayıb:
 
"Görüş ərzində səhvlər də buraxdıq. Xüsusən də birinci və ikinci hissənin sonlarında rəqibə oynamaq imkanı yaratdıq. Qonaqlar iki dəfə qapımıza qol da vurdular. Bu da müdafiə xəttində yaranan anlaşılmazlıqdan irəli gəldi. "Rəvan" hesab arasındakı fərqi azaltsa da, biz vacib olan nəticəni qoruya bildik”.
 
Legioner futbolçu fasilədə baş məşqçinin tapşırıqlarının həlledici olduğunu və bunun sayəsində matçdan üç xalla ayrıldıqlarını əlavə edib:
 
“Oyunun əvvəlindən təşəbbüsü ələ aldıq, hətta rəqib qapısına tezliklə qol da vura bildik. Sonradan vəziyyət dəyişdi. Fasilədə Şahin Diniyev necə oynamalı olduğumuzu bildirdi. Beləcə ikinci hissədə görüş sanki yenidən başladı, daha inamlı çıxış edib iki qol vurduq və nəticəni xeyrimizə dəyişdik. Oyuna nəzarət əlimizdə idi”.

Xəbər xətti