Kərim Diniyev: "Oynamayanda stress keçirirsən"

15:35 - 5 May 2016

"Başqa nəticə bizi qane etmir"

 

“Hər bir futbolçu üçün komandasının oyununa kənardan baxmaq çox çətindir. Adam istər-istəməz həyacanlı olur. Meydançada olanda heç nə hiss etmirsən, amma oynamayanda stress keçirirsən”.

 

Sportal.az xəbər verir ki, bu sözlər klubun rəsmi saytına açıqlama verən Kərim Diniyevə məxsusdur. Vərəqə limiti səbəbindən ötən tur “Rəvan” ilə oyunu buraxmış “Kəpəz”in yarımmüdafiəçisi cəzasını artıq başa vurub. Bu mənada onun Azərbaycan Premyer Liqasının XXIII turunda “Xəzər Lənkəran” ilə səfər matçında meydana çıxmasına əngəl qalmayıb:

 

“Futbolçunun istəyi bütün oyunlarda komandasına kömək etməkdir. Düzdü, bəzən cəza və ya zədəyə görə oynaya bilmirsən. Mənim yoxluğuma baxmayaraq “Rəvan”a qarşı görüşdə “Kəpəz” yaxşı oyun nümayiş etdirib, qələbə qazandı”.

 

Diniyev qarşıdakı oyun haqda da fikirlərini bölüşüb: “Çempionat sona yaxınlaşır, artıq hər oyun vacib xarakter daşıyır. O cümlədən “Xəzər Lənkəran” ilə matç bizim üçün həlledici görüşlərdən olacaq. Bu komanda gənclərdən qurulsa da, heyətdə Premyer Liqa təcrübəsi olan futbolçular var. Döyüşkən komandadır, son oyunlarına baxmışam. Meydanda səylə mübarizə aparırlar, buna görə bizə çox çətin olacaq. Bütün gücümüzü ortaya qoymaqla səfərdən üç xalla ayrıla bilərik. Başqa nəticə bizi qane etmir”.

Xəbər xətti