"Futbolçu gərək özünü oynamağa, mübarizə aparmağa hazır saysın"
Bu gün “Kəpəz”in əsas komandasının qapıçısı Eyyub Əliyevin doğum günüdür. Gənc qolkiperin 21 yaşı tamam olur.
Sportal.az xəbər verir ki, ad günü ilə bağlı kapazpfc.az saytı isə çərçivə qoruyucusundan açıqlama alıb. Eyyub əvvəlcə təbrikə görə təşəkkürünü çatdırıb: “Diqqətinizə və təbrikinizə görə sağ olun. Ad günüm üçün əsl hədiyyəni komanda mənə Lənkəran səfərində etmişdi. Avropa Liqasına vəsiqə qazanmağımızı nəzərdə tuturam. Avroliqaya çıxmağımız futbolçu üçün elə ən böyük hədiyyədir. İnşallah, çempionatda üçüncü yeri tutarıq və bu da ikinci hədiyyə olar”.
Əliyev “Kəpəz”dəki durumundan da danışıb: “Bu klubda olmaq ürəyimcədir. Mehriban kollektivimiz, gözəl azarkeşlərimiz var. Hər bir futbolçunun arzusu meydanda oynamaqla komandasına kömək etməkdir. Amma oyuna çıxmaqla bağlı qərarı məşqçi verir və mən də onun istəyinə hörmətlə yanaşıram. Şans versə də, verməsə də sağ olsun. İndi əsas olan “Kəpəz”in uğurlarıdır. Hamımızın istəyi budur”.
Gənc qapıçı zamanla əsas heyətdə yer almaq istəyinə nail olacağını da bildirib: “Düzdü, indi yaşım azdır, hələ gəncəm. Karyeram, oyunlarım irəlidədir. Amma futbolda yaş elə də önəm daşımır. Futbolçu gərək özünü oynamağa, mübarizə aparmağa hazır saysın. Özümə güvənirəm. Yaşa dolduqca, oynadıqca təcrübəmi artırmağa çalışıram”.
saytlarin hazirlanmasi