"CBC Sport"dan daha bir sürpriz

12:43 - 27 May 2016

"Copa America" "CBC Sport"da
 
"CBC Sport" futbol azarkeşlərinə daha bir sürpriz etdi. Kanal Azərbaycan teleməkanında ilk dəfə olaraq, "Copa America" turnirini tamaşaçılara təqdim edəcək. Messi, Neymar, Aleksis Sançes, Aquero kimi ulduzların mükəmməl futbol tamaşası 24 gün ərzində "CBC Sport"un efirində olacaq. 
 
Sportal.az xəbər verir ki, kanalın rəsmi saytına açıqlama verən "CBC Sport"-un baş direktoru Volkan Üst artıq bir müddətdir ki, bununla bağlı danışıqların aparıldığını deyib:
 
“Dünən Türkiyə kubokunun finalını birbaşa Antalyadan şərh edən əməkdaşlarımız da elan etdilər ki, "Copa America" turniri "CBC Sport"la yayımlanacaq. Yarışın  bütün oyunlarını canlı yayımla təqdim edəcəyik. "Copa America" zəngin ənənələri olan və azarkeşlər üçün olduqca qiymətli və maraqlı yarışdır. Bu il turnir AÇ-2016-ı ilə üst-üstə düşür. Bu da futbol həvəskarları üçün iki qat bayram deməkdir.  Amerika qitəsi futbol keyfiyyəti baxımından tamamilə ayrı dünyadır. Argentina, Braziliya, Uruqvay, Çili kimi dünyanın öndə gedən böyük futbol ölkələrinin matçlarını azərbaycanlı azarkeşlərə təqdim etmək qərarına gəldik. Bununla da biz Avropa çempionatına bir alternativ təqdim edirik. Yəni artıq azarkeşlərin geniş seçim imkanı olacaq. "CBC Sport" yeni yayımları ilə tamaşaçıları sevindirməkdə davam edəcək. Amerika qitəsi ilə saat fərqini nəzərə alsaq, ola bilsin ki, heç də hamı üçün oyunları canlı izləmək asan olmayacaq. Ancaq gündüz saatlarında da gecə yayımlanan bütün matçların təkrarını izləyə biləcəksiniz. Qeyd edim ki, "CBC Sport"un ən yaxşı şərhçiləri "Copa America"nı yüksək səviyyədə təqdim edəcəklər".

Xəbər xətti