"Komandanın ev matçını mütləq izləməyə gələcəyəm"
“Çempionatın yekunlarına əsasən doğma komandamızın Avropa Liqasına vəsiqə qazanmasına hamı kimi mən də çox sevindim. “Kəpəz” bununla minlərlə azarkeşin arzusunu həyata keçirmiş oldu. Buna görə komandaya minnətdarıq”.
Sportal.az xəbər verir ki, bu sözləri Olimpiya çempionu Toğrul Əsgərov deyib. Gəncə klubunun rəsmi internet saytına danışan güləşçi daha sonra bunları əlavə edib: “Hələ çempionat başlayanda komandamızdan çox şey gözlənilmirdi. Çünki heyət yeni yığılmış, sıfırdan komanda formalaşdırılmışdı. Bu səbəbdən də heç kim inanmazdı ki, “Kəpəz” Avropaya vəsiqə əldə edəcək. Amma klub üzərinə düşəni lazımınca edib, ümidləri doğrultdu. Əslində azarkeşlər həmişə sevimli komandadan uğur gözləyib. Düzü, bu il mükafatçılar sırasına da düşə bilərdik. Amma son turlarda önəmli xallar itirməyimiz buna mane oldu. Məncə, təəssüflənməyə dəyməz. “Kəpəz” bu gedişlə tezliklə əvvəlki əzəmətini özünə qaytaracaq”.
Gəncə güləş məktəbinin yetirməsi olan Əsgərov “sarı-göylər”in sadiq azarkeşi kimi tanınır. Uşaqlıqdan Nizami yurdunun təmsilçisinə könül verən pəhləvan ötən mövsüm ərzində komandanın bəzi ev və səfər oyunlarını tribunadan canlı izləyib: “Gəncədə həmişə futbola maraq böyük olub. Klub yüksək liqaya çıxan kimi komandaya diqqət daha da artdı. Azarkeşlər oyundan-oyuna şəhər stadionunu doldurmağa başladılar. Ən çox tamaşaçı da məhz “Kəpəz”in oyunlarına gəldi. Mən özüm də imkan tapan kimi görüşləri stadiondan izləməyə can atırdım. Məşqlər və yarışlarla bağlı həmişə buna imkan olmasa da, ürəyim daim “Kəpəz”lə idi”.
Toğrul Avropa Liqasında komandaya uğurlar da arzulayıb: “16 ildən sonra komanda qitə miqyaslı turnirdə çıxış edəcək. Bu məqam olduqca qürurvericidir. “Kəpəz”in Avroliqaya çıxmasının özü bir uğurdur. İkinci nailiyyət mərhələ adlamağımız olar. Mən kollektivə uğurlar arzu edirəm, inanıram ki, çempionatda olduğu kimi Avropada da üzümüz güləcək. Azarkeşləri komandaya dəstək olmağa çağırıram. Özümə gəlincə, qarşıda Rio Olimpiya Oyunları var, hazırda bu yarışa gərgin məşqlər gedir. İmkan olarsa, komandanın ev matçını mütləq izləməyə gələcəyəm”.
saytlarin hazirlanmasi