Xalafo.az YAZI

17:28 - 18 İyun 2016

Fransız xalqı yenə kef edir. Avropanın ən güclü milliləri yığışıb gəliblər bu ölkədə keçirilən növbəti Avropa çempionatına. İndi Fransada kimlər top qovmur... Lap az qalır ki, adamın fransızlara paxıllığı tutsun.

 

Bütün Avropa Fransada keçirilən çempionatla nəfəs alan günlərdə bizim dərd-sərimizə baxın da... Premyer Liqamızın yeni mövsümündə oynamağa 10 klub tapa bilmədik. AFFA 8 yarımbədbəxt kluba calaq eləməyə 2 bədbəxt klub tapa bilmədi ki, bilmədi. Necə deyərlər, hamı gedir quş gətirir, Şahqulunun heç bayquş gətirməyə də duxu çatmır.

 

Nə isə, harda qalmışdım? Yadıma düşdü, fransızların yanında. Nə yaxşı ki, texnika var, evdə rahat oturub, Avropa nəhəngləri arasında keçirilən yarışı canlı izləyə bilirik. Balaca bir düyməyə toxunan kimi... Texnikanın möcüzəsi budu da, adam özünü lap Parisin "Bayıl Arena" stadionundakı kimi hiss edir.

 

Sözün açığı, mən ötən əsrdən qaldığımdan, hələ texnikanın bütün üstünlüklərindən düz-əməlli istifadə edə bilmirəm. Qonşumuz Elxan Abdullayevin 5 yaşında bir oğlu var. Allah saxlamış, elə bil od parçasıdı, bu yaşında kompyuter-filanı 10 barmağı kimi bilir. Dünən səhər tezdən liftin qabağında qarşımı kəsib deyir ki, əmi, təzə sayt açıblar, satmaq istədiyinin şəklini göndərirsən həmin sayta. Bir göz qırpımında məsələ həll olunur. Görüm, saytın adını necə dedi, xalafo.az-dı, nədi, indi dəqiq yadımda deyil. Amma qonşunun oğlunun dediyi beynimə batıb. Deyirəm bəzi şeyləri göndərim getsin xalafo.az-a...

 

Azərbaycan futbolu ilə maraqlanmaq zorunda qalanların yadına gələr yəqin, AFFA İcraiyyə Komitəsi bir zamanlar stadionlarda "istefa" şüarı səsləndirməyi yasaqlayan qərar qəbul etmişdi. Qərarın əslini tapıb elə əlüstü xalafo.az-a göndərmək olar.

 

Bir vaxtlar AFFA yalvar-yaxarla Berti Foqtsu yığmamıza baş məşqçi gətirmişdi, onun buralarda gəzib-dolanıb baş qatması üçün milyonlar xərcləmişdi. Sonrası sizə yaxşı məlumdu, alman yığmamızı quru yurdda qoyub qayıtmışdı dədəsinin villasına. AFFA ilə Foqts arasında bağlanan həmin o tarixi müqavilənin surətini xalafo.az-a göndərmək pis olmaz məncə.

 

Daha bir gəlmə məşqçi vardı, Mirça Rednik. Onun rəhmətlik "Xəzər Lənkaran"a baş məşqçilik etdiyi dövr yəqin yadınızdadı. Futbolumuzdakı haqsızlığa etiraz edib papağını yerə çırpdığına görə tifilin az qaldı başını qoparsınlar. Axırda da yekə bir "torba" tikdilər. Həmin o "torba"nı bu dəqiqə xalafo.az-a göndərsəm, heç bilirsiz nə həngamə qopar...

 

Buralarda Tahir Süleymanov adında birisi var. "Neftçi"nin vitse-prezidenti də olub. Həmin dövrdən söhbət düşəndə düzlükdən-dürüstlükdən elə danışır ki, adam istəyir Batumidə Əli və Nino abidəsinin əvəzinə onun heykəlini qoysun. Tahir əfəndinin rəhbərliyi dönəmində Tovuzda "Turan"la "Neftçi" arasındakı məlum "oyun" çox mətləblərdən xəbər verir. "Neftçi"nin vitse-prezidenti həmin "oyun"un şıdırğı yerində aradan çıxıb Bakıya qayıtmışdı. Onu Bakıya gətirən maşının sol arxa təkərini çıxaracam xalafo.az-a, onda görəcəyik camaat nə deyir...

 

Azərbaycan başımızı hər yerdə ucaldan futbol hakimləri də yetişdirib, başımıza qaxanc olan referilər də. Bizim Tofiq Bəhramovumuz, Eldar Əzimzadəmiz, Rüstəm Rəhimovumuz da olub, Xaqani Məmmədovumuz, Anar Niyazovumuz, Ramil Diniyevimiz də. Sonuncunun sonuncu turda elədiyi hərəkətə ad tapmaq çətindi. Hakimlik adına ləkə gətirdiyi həmin qarşılaşmada Ramil Diniyevin geydiyi referi formasını nə xalafo.az-a göndərmək olar...

 

Yaxşı ki, bu texnika var. Fransadakı Avropa çempionatında baş verənləri canlı-canlı izləyə bilirik. Qoy, bu yarış bitsin, bir-iki maraqlı planım var. Avropa çempionatının finalından sonra bu planlara vaxt ayırmaq olar. Sizdən nə gizlədim, istəyirəm elə birinci elə öz çempionatımızdan başlayım. Deyirəm, bəlkə elə adı-adlara qalmış Premyer Liqamızın özünü xalafo.az-a göndərim...

 

Etibar Cəbrayıloğlu, "Het-trik news" qəzeti

Xəbər xətti