"Hər bir gəncəli futbolçunun arzusu "Kəpəz"də oynamaqdı"
“Kəpəz”in Türkiyə toplanışı bu gün sona çatıb. Komanda 10 gün ərzində Ərzurumda Avropa Liqasına hazırlığın ilk mərhələsində iştirak edib.
Sportal.az xəbər verir ki, “sarı-göylər”in məşq prosesində əvəzedici heyətdən əsas komandaya cəlb olunan Fərid Məmmədov ilə Elcan Rəhimov da vardı. Klubun rəsmi saytı hər iki gənc futbolçunun Türkiyə toplanışı haqda fikirlərini öyrənib.
Fərid Məmmədov: “Əsas komandaya dəvət aldığım üçün sevinirəm. Hər bir gəncəli futbolçunun arzusu “Kəpəz”də oynamaqdır. Ərzurumda özümü ən yaxşı tərəfdən məşqçilərə göstərməyə çalışdım. Hələ çox gəncəm, bununla belə istəkliyəm, oynamağa həvəsim var. Əlimdən nə gəlirsə, ondan artığını da etməyə hazıram. Baş məşqçimiz Şahin Diniyev gənclərə şans verən məşqçidir. Mənə bəslənən etimadları doğrultmağa çalışacağam. Bu mənada Türkiyə toplanışı yaxşı bir fürsət oldu”.
Elcan Rəhimov: “Komandanın tərkibində Türkiyəyə təlim-məşq toplanışına yollanmağım mənim üçün gözlənilməz oldu. Əvəzedici heyətdə bəzi oyunlarda yaxşı çıxış etmişdim. Ümid vardı ki, məni də əsas komandaya çağırarlar. Ötən mövsümün sonunda “Qəbələ” ilə ev oyununda “18-liy”ə düşməyim sürpriz olmuşdu. Ondan sonra yenidən əsas komandaya dəvət almağım sevindirici oldu. Toplanışda verilən bütün tapşırıqları səylə yerinə yetirməyə çalışdım. Əsas komandada yerimi möhkəmləndirmək üçün səylərimi davam etdirəcəyəm”.
saytlarin hazirlanmasi