"Daçiya" güclü olsa da, "Kəpəz"i də unutmaq olmaz"

13:13 - 27 İyun 2016

"İndi də rəqib güclüdür"
 
Sonuncu dəfə 16 il öncə qitə miqyaslı turnirdə çıxış etmiş "Kəpəz”in heyətində hazırda əvəzedici komandada məşqçi işləyən Vasif Vəliyev də olub.
 
Sportal.az xəbər verir ki, sabiq müdafiəçi o vaxtkı adı ilə desək, UEFA Kubokunda "Antalyaspor”a qarşı hər iki oyunda forma geyinib. 
 
Vəliyev "sarı-göylər”in "Daçiya” ilə matçı öncəsi klub saytına açıqlama verib:
 
"Kəpəz”in uzun aradan sonra Avropa turnirinə vəsiqə qazanmasına hamımız sevinirik. Bu, bütün Gəncə futbolsevərlərinin uğurudur. 16 il öncə püşk komandamızın qarşısına güclü rəqib çıxarmışdı. Türklərlə oyun bizim üçün çətin keçdi. Xatırlayırsızsa, "Antalyaspor” bizdən sonra tur adlamasa da, Almaniyanın "Verder” klubunu evdə məğlub etməyi bacarmışdı. Düzdü, indi də rəqib güclüdür. "Daçiya”nın heyətində legionerlər, yığma üzvləri cəmləşib. Amma "Kəpəz”i də unutmaq olmaz. Şahin Diniyev təcrübəli məşqçidir, yaxşı komanda yaradıb. Azarkeşlərin də dəstəyi ilə komandamızın uğur qazanacağına inamımız böyükdür. Fanatlar "Antalyaspor”a qarşı Bakıdakı matçda bizi lazımınca dəstəkləmişdilər, onların dəstəyinə indi də ehtiyac var”.

Xəbər xətti