"Kəpəz"in oyununa qalmaqallı hakim

13:29 - 4 İyul 2016

Oyunu Laşa Silaqava idarə edəcək
 
Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Daçiya” – "Kəpəz” matçını gürcüstanı referi Laşa Silaqava idarə edəcək.
 
Sportal.az xəbər verir ki, 40 yaşlı referi klublarımızın avrokuboklardakı matçlarına ilk dəfədir ki, təyinat alır. Laşa milli komandamızın 2 yoldaşlıq oyununu idarə edib. 2008-ci ilin noyabrın 11-də ölkəmizdə keçirilən Azərbaycan - Albaniya matçının baş hakimi məhz Laşa Silaqava olub. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunda 1 - 1 hesablı heç-heçə qeydə alınıb. Həmin oyunun fasilə ərəfəsində xoşagəlməz anlar yaşanıb. Gürcüstanı referi albaniyalı futbolçu Elvin Beqiriyə qırmızı vərəqə göstərib. Fasiləyə yollanan Albaniya yığması etiraz olaraq 2-ci hissəyə 5 dəqiqə gec çıxmışdı.
 
Bundan əlavə, Silaqava millimizin ötən ilin dekabrında Moldova ilə keçirdiyi yoldaşlıq matçını idarə edib. Gürcüstanlı referi millimizin 1, moldovalıların isə 5 oyunçusuna sarı vərəqə göstərmişdi.
 
Laşa Silaqava klublarımızdan "Xəzər Lənkəran"ın oyununu idarə edib. Silaqava 2008-ci ildə "Birlik kuboku"nun qalibi olan cənubluların qrup mərhələsindəki "Kaunas"la matçını idarə edib. Gürcüstanlı hakim "Xəzər Lənkəran" 3, "Kaunas"ın isə 2 futbolçusuna sarı vərəqə göstərib. Laşa Silqava rəqibin 1 futbolçusuna qırmızı vərəqə də göstərib. Oyun isə təmsilçimizin 3:0 hesablı xeyrinə başa çatmışdı.

Xəbər xətti