Dünya futbolunu Almaniyasız təsəvvür etmək mümkün deyil. Almaniya yığması və alman klubları həmişə öz dəst-xətləri ilə seçiliblər, futbola yüzlərlə ulduz bəxş ediblər. Frans Bekkenbauer, Herd Müller, Lotar Matteus, Mixael Ballak, Andreas Köpke, Mixael Şumaxer... Onların hamısı karyeralarını bitirsələr də, bu gün də ehtiramla xatırlanırlar. Belə futbolçulardan biri də Oliver Kandır. İyunun 15-də Almaniya millisinin və "Bavariya"nın sabiq qapıçısının 47 yaşı tamam oldu. Bu üzdən ötən sayımızın posteri Oliver Kan idi. Onun haqqında yazını söz verdiyimiz kimi bu sayımızda dərc edirik.
Oliver Rolf Kan 1969-cu il iyunun 15-də Amaniyanın Fransa ilə sərhəddində, Reyn çayının sahilində yerləşən Karlsrue şəhərində dünyaya gəlib. Oliverin ata babası latış olub. Atası Ralf Latviyanın Liepaye şəhərində dünyaya gəlib. Uşaq vaxtı çənəsinin düzgün inkişaf etməməsi səbəbindən danışmaqda çətinlik çəkən Oliveri çoxları anlaya bilmirdi. Bu, hərdən yadışları arasında onun məsxərəyə qoyulması ilə nəticələnirdi. Çox vaxt onlara fikir verməyən balaca Oliver hərdən yumruqları ilə ona lağ eləyənlərin cavabını verirdi. Ralf Kan peşəkar futbolçu idi. O, 1962-65-ci illərdə "Karlsrue"də oynamışdı. Məhz atasının futbolçu olması Oliverin gələcək həyatına təsir göstərib. Atasının istəyi ilə idmanın bu sahəsinə qədəm qoyan balaca Kan ilk vaxtlar qapıda dayanmırmış. Bu mövqedə sonradan oynayıb.
"Karlsrue"
Oliver Kanın ilk peşəkar klubu doğma şəhərinin eyniadlı komandası olub. 19 yaşında əsas komandaya düşən qapıçı daha çox ehtiyatda qalırdı. Onun "Karlsrue"də ilk oyunu faciəvi alınıb. "Köln" ilə matçda rəqib Kanın qoruduğu qapıdan 4 top keçirib. Əsas qapıçı Aleksandr Famullanın cəzalanması səbəbindən ilk mövsümdə cəmi 3 oyunda qapını qoruyan Kan ümumilikdə 9 qol buraxıb ki, bu da çox pis nəticə idi. Üstəlik, azarkeşlərlə söz davasına çıxması da onun əleyhinə işləyən amillərdən idi. Gözləmək olardı ki, bu nəticədən sonra Kan komandadan göndəriləcək. Lakin ehtiyat qapıçının olmaması onun işinə yarayıb. Qəhrəmanımız "Karlsrue"də 7 mövsüm oynayıb və hansısa nailiyyət qazanmayıb. Onun bütün uğurları başqa komandanın adı ilə bağlı olacaqdı. Statistikaya gəldikdə, bu komandada keçirdiyi 140 oyunda qapısında 187 top görüb. "Karlsrue"nin əvəzedici komandasında keçirdiyi oyunların sayı isə 73-cür.
"Bavariya"
1994-cü ilin yayında "Bavariya" rəhbərliyi 4,6 milyon marka qarşılığında Kanı transfer etdi. Oliver həmin vaxt Raymond Aumannın əvəzləyicisi kimi komandaya götürülmüşdü. "Bavariya"ya keçiddən sonra dizindən ağır zədələnən qapıçı yarım ilə yaxın futbolsuz qalsa da, dönüşü uğurlu alındı. Növbəti mövsüm o, artıq, komandanın əsas qapıçısı idi. Kanın "Bavariya" karyerası haqqında geniş yazmağa ehtiyac görmürük. Onun statistikasına, qazandığı uğurlara nəzər salsaq, necə bir qapıçı olduğunun şahidi olarıq. Kan peşəkar karyerası ərzində 864 oyunda qapıda dayanıb. Onlardan 554-ü Bundesliqada, 141-i avrokuboklarda və 86-ı millidə olub. Avrokuboklarda 34 oyunda qapısını toxunulmaz saxlaya bilib. Bundesliqada belə oyunların sayı isə 188-dir. Yeri gəlmişkən, Kan 803 dəqiqə qapısını toxunulmaz saxlamaqla Bundesliqa tarixində 2-ci göstəriciyə sahibdir. Üçüncülük də ona məxsusdur - 736 dəqiqə.
Kan karyerasını rəsmən 2 sentyabr 2008-ci ildə başa vurub. Onun şərəfinə Almaniya yığması ilə təşkil edilmiş oyun 1:1 hesabı ilə başa çatıb. Oyunun 33-cü dəqiqəsində Traxovski Oliver Kanın sonuncu qolunu buraxmasına səbəb olan qolu vurmuş, 51-ci dəqiqədə isə Kloze hesabda tarazlığı bərpa etmişdi - 1:1. Matçın 75-ci dəqiqəsində baş hakim Markus Merk oyunu dayandırmış və Kan azarkeşlərlə vidalaşaraq meydanı tərk etmişdi. Bu dəfə birdəfəlik.
Almaniya millisi
Kan 1994-cü il dünya çempionatında iştirak edən Almaniya yığmasının heyətinə daxil edilsə də, dizindəki zədə səbəbindən ABŞ-a yollana bilməmişdi. Onun yığmada debütü 23 iyul 1995-ci ilə təsadüf edir. Həmin oyunda rəqib İsveçrə idi və matç almanların qələbəsi ilə başa çatmışdı - 2:1. Avro-1996 və DÇ-1998-in final mərhələlərində siyahıya salınsa da, heç bir oyunda iştirak etməyib. Səbəb isə qapıda Andreas Köpke kimi təcrübəli qapıçının olması idi. Məhz Köpkenin millidən gedişindən sonra Kan Almaniyanın əsas qapıçısı oldu. 2000-ci ildə isə Oliver Birhoffun karyerasını bitirməsindən sonra Almaniya millisinin kapitanı seçildi. O, millidə son oyununu 2006-cı il iyulun 8-də Portuqaliyaya qarşı keçirib. Dünya çempionatında 3-cü yer uğrundakı həmin matç almanların qələbəsi ilə başa çatmışdı - 3:1. Ümumilikdə, Kan Almaniya yığmasının heyətində 86 oyunda iştirak edib və qapısında 71 qol görüb.
Şəxsi həyatı
1999-cu ildə Simone adlı xanımla ailə həyatı qurub. Cütlüyün 2 övladı var - Katrina-Mariya (28 dekabr, 1998) və Devid (7 mart, 2003). 2003-cü ildə Simone ilə ayrılan Oliver 2009-cu ildə onunla yenidən bir araya gəlsə də, bu dəfəki barışıq cəmi bir neçə ay çəkib. 2011-ci il iyulun 8-də 2-ci dəfə evlənən Kanın bu dəfəki seçimi rəfiqəsi Svenya idi. Onların Culian adlı (1 fevral, 2011) oğlu var.
Nailiyyətləri:
"Bavariya": 8 dəfə Almaniya çempionu, 6 dəfə Almaniya Kubokunun, 5 dəfə Liqa Kubokunun, 1 dəfə UEFA Kubokunun, 1 dəfə Çempionlar Liqasının, 1 dəfə isə Qitələrarası Kubokun qalibi.
Almaniya millisi: Avropa çempionu (1996), DÇ-nın gümüş (2002) və bürünc (2006) mükafatçısı.
Şəxsi: 3 dəfə dünyanın, 3 dəfə Avropanın, 5 dəfə Bundesliqanın ən yaxşı qapıçısı, 2 dəfə Almaniyanın ən yaxşı futbolçusu, DÇ-2002-nin ən yaxşı futbolçusu. FİFA-nın "100 ən yaxşı futbolçu"su siyahısına daxil edilib.
Maraqlı faktlar:
- 1991-ci ildə "Karlsrue"də olarkən o vaxt üçün ən tez qol Kanın qapısına vurulub. "Sankt-Pauli" ilə oyunun 12,1-ci saniyəsində Oliver qapısında qol görüb. Bu, hazırda Bundesliqa tarixində 6-cı nəticədir.
- 2008-ci ildə işıq üzü görmüş "Uğur daxildən gəlir" avtobioqrafik kitabının müəllifidir.
- Hazırda alman telekanalları ilə əməkdaşlıq edir, Bundesliqa və yığmanın oyunlarına şərh verir.
- Madam Tüsso muzeyində Oliver Kanın mum fiquru nümayiş olunur.
- Qəzəbli və qorxunc görünüşünə görə azarkeşlər ona "Titan" ləqəbini veriblər.
- 2011-ci ilin aprelində vergidən yayındığına görə məhkəmə tərəfindən 125 min avro cərimələnib.
- Qolf oynamağı sevir və boş vaxtlarını qolf meydanında keçirir.
Hazırladı: AZƏR
"Het-trik news” qəzeti
saytlarin hazirlanmasi