“Gazelli Group”-un təşkilatçılığı ilə qeyri-adi “SUN+ CUP 2016”adlı voleybol turniri keçirilib.
Sportal.az xəbər verir ki, burada Qarabağ müharibəsi zamanı döyüşərək, əlil olmuş şəxslər öz aralarında mübarizə aparıblar. Paralimpiyaçılara dəstək olaraq, bu mübarizəyə “Gazelli Group”-un əməkdaşları da qoşulublar, onlarla voleybolu oturaraq oynayıblar.
Tədbiri açan “Gazelli Group”-un İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Yelena Eyvazlı bildirib ki, turnirin keçirilməsində məqsəd, paralimpiyaçılarımıza dəstək verməkdir, onların cəmiyyətin çox vacib üzvlər olduğunu bir daha xatırladmaqdır. “Şirkətimiz daim sosial layihələrə önəm verir. Və bu layihələr zamanı insanların sevincini görərək, biz daha da ruhlanırıq”. -deyə o bildirib. Daha sonra çıxış edən Paralimpiyaçılar komitəsinin vitse-prezidenti Şaiq Həmidov bu tip layihələrin önəmindən danışıb. Bildirib ki,bu cür tədbirlər idmançılarımızın özünəinamını daha da artırır, onlara ruh və böyük güc verir. 3 setdən ibarət olan yarış maraqlı anlarla yadda qalıb.
İlk setdə “ Qarabağ” komandası irəli çıxib. Fasilədə isə paralimpiyaçı Vüsalə Kərimova öz tərəf müqabili Fərid Mehdiyevlə əlil arabasındakı rəqsi ilə hamını heyran edib. Ikiqat Paralimpiya çempionu, 2 dəfə dünya, 6 dəfə avropa çempionu , eləcə də Avropa oyunlarının qalibi İlham Zəkiyev də yarış iştirakçılarını ruhlandırıb, onlarla fəxr etdiyini bildirib. 2-ci və 3-cü setdə isə vəziyyət dəyişib. Nəticədə “Qazilər” komandası 2-1 hesabı ilə qalib olub. Yarışın yekununda bütün iştirakçılara “SUN+ Cup” loqotipi ilə medallar və SUN+ adlı günəşdən qoruyucu krem hədiyyə olunub, qalib komandaya isə kubok təqdim edilib.