Mövsümün ilk qolunun müəllifi: "Hər şey əla alındı" MÜSAHİBƏ

23:50 - 6 Avqust 2016

Bu gün Azərbaycan Premyer Liqasının yeni mövsümünə start verilib.

 

Çempionatın açılış matçında AZAL doğma meydanda "Neftçi"ni qəbul edib.  Qarşılaşma qonaqların 2 - 0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda hesabı açan Elvin Bədəlov həm də mövsümün ilk qolunu vurmuş oldu. Matçdan sonra gənc müdafiəçisi jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az Elvin Bədəlovun müsahibəsini təqdim edir:

 

- Mövsümə qəbələ ilə start verdiniz. Amma fərqli hissələr izlədik. İzah edə bilərsinizmi?
- Çox çətin oyun oldu. Ümumiyyətlə, mövsümün ilk oyunları hər zaman çətin, ağır keçir. Havanın isti, meydanın süni örtüklü olması da təsirini göstərdi. Qırmızı vərəqəyə baxmayaraq, fasilədən sonra toparlanmağı bacardıq. Bunun da sayəsində qələbə qazandıq.

 

- Havanın isti, meydanın süni olması oyunun bu saatda keçirilməsinin düzgün olmadığını deməyə əsas verirmi?
- Düz qeyd edirsiniz. Saat 6-da oynamaq olmur. Hava çox istidi. Heç olmasa matçı 8-də başlamaq olardı. Amma bizim bunu dəyişmək səlahiyyətimiz yoxdu. Təqvim açıqlandı, biz də çıxıb oyunumuzu oynadıq. Peşəkarlıq bunu tələb edir.

 

- Mövsümün ilk qolunu vurdunuz. Bunun xüsusi bir önəmi varmı sizin üçün?
- Təbii ki, buna çox sevindim. Künc zərbəsindən ötürməni qola çevirdim. Bu “ev tapşırığı” idi. Hər şey əla alındı.

 

- Müdafiə xəttində müəyyən dəyişikliklər olub. Bir-birinizə adaptasiya olmusunuz, yoxsa hələ vaxta ehtiyac var?
- Arxa xətdə çox dəyişiklik olmayıb. İki müdafiəçi komandaya qoşulub. Toplanış zamanı məşq prosesində, eləcə oyunlarda bir-birimizi tanıdıq. Bu gün meydana kim çıxsa, komandanın uğuru üçün çalışacaq. 

 

- "Neftçi" bu mövsüm hansı məqsəd uğrunda mübarizə aparacaq?
- "İlk 3-lük"də qərarlaşmalıyıq. Bu yerlərdən birini tutmaq bizim üçün əla olacaq.

 

- İki fərqli hissə izlədik. Fasilədə nə dəyişdi ki, oyununuzda dönüş yarandı?
- Birinci hissədə isti bizə mane olurdu. Həm də meydana hazır deyildik. Həm hazırlıq prosesini, həm də son məşqlərimizi təbii örtüklü meydanda keçmişdik. Birdən birə süniyə uyğunlaşmaq olmadı. Adaptasiya olduqdan sonra oyunumuzda da dönüş yarandı.

Xəbər xətti