“Sabahkı oyunda yaxşı nəticə qazanmaq istəyirik. Bu komandaya qarşı birinci matç bəlkə də mövsümdəki ən pis oyunumuz idi. Ancaq bu, artıq geridə qalıb. Bu müddətdə çox ciddi hazırlaşmışıq. Rəqibi daha yaxşı tanıyırıq. Hər şey həmişə biz gözlədiyimiz kimi olmur. Sabah daha effektiv oyun göstərməliyik. Daha intizamlı və müdafiə planında çox diqqətli olmalıyıq”.
Sportal.az xəbər verir ki, bu sözləri PAOK-un baş məşqçisi Vladimir İviç deyib.
UEFA Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la qarşılaşacaq yunan klubunun serb çalışdırıcısı matçdan öncəki mətbuat konfransında yerli jurnalistlərin suallarını cavablandırıb.
Komandasındakı zədəli oyunçular haqqında məlumat verən İviç fikirlərini belə davam etdirib: “Calma Kampos məşq vaxtı zədələndi. İstəyərik ki, tez qayıtsın, ancaq tibb personal qərar verəcək. Pelkas artıq məşqlərə başlayıb, özünü yaxşı hiss edir. Yəqin ki, növbəti oyunlarda meydana çıxa biləcək. Tzavellas isə sabah oynaya biləcək oyunçuların arasında olacaq”.
Bakıdakı oyundakı məğlubiyyətlə bağlı da danışan çalışdırıcı fərdi səhvlərdən bəhs edib: “İlk görüşdə oyunçularımın fərdi qüsurları da var idi. Bunu danmaq olmaz. Ancaq oyunu analiz etmişik, səhvlərimiz üzərində işləmişik. Hələ heç nə bitməyib. Qarşıda 3 oyun var. Bəzən 4 xalla qrupdan çıxmaq şansın olur, bəzən 6 xalla mümkün olmur. Bu dəfə isə 4 xal bizə davam etmək şansı yaradır. Çalışacağıq ki, mütləq qələbə qazanaq”.
“Mən və oyunçularım həm Superliqada, həm də Avroliqada uğurla davam etmək istəyirik. Əgər sənin inamın varsa, deməli qələbə şansın da var. Qorxmuram, çəkinmirəm. Biz göstərmişik ki, əgər xüsusi problemimiz yoxdusa, lap yaxşı oynaya bilərik. Sabah əsl derbi olacaq. Bəlkə də rəqibin adı sizə çox şey demir, ancaq biz gördük ki, “Qarabağ” çox keyfiyyətli heyətə malikdi. Ancaq ümid edirəm ki, sabah tam hazır olacağıq” – deyə İviç sözlərinə davam edib.
Yekunda isə yunan klubunun baş məşqçisi məyusluğunu gizlətməyib: “Kamposun vacib oyun öncəsi zədələnməsinə çox məyus olmuşuq. O, istənilən komandanı narahat edə biləcək hücumçudu. Ancaq istifadə edə bilmiriksə, əlavə nəsə düşünməliyik. Bir neçə variantımız var. Komandada fərq yarada biləcək oyunçularımız çoxdu”.