PAOK-un baş məşqçisi: "Qrupdan çıxmaq üçün digər komandalardan asılıyıq" MÜSAHİBƏ

12:56 - 4 Noyabr 2016

"Qoldan öncə qapımız önündə heç bir təhlükəli vəziyyət yox idi. İkinci hissəyədək üstünlük bizdə idi. “Qarabağ” bizi əks-hücumda yaxaladı və bunun qarşısını ala bilmədik".

 

Sportal.az xəbər verir ki, bunu Avropa Liqasının qrup mərhələsində evdə “Qarabağ”a uduzan (0:1) PAOK-un baş məşqçisi Vladimir İviç oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

 

- "Qarabağ” cəmi bir təhlükəli epizod yaratdı və bu, qələbəyə kifayət etdi. PAOK-u bundan sonra nə gözləyir?

- Qoldan öncə qapımız önündə heç bir təhlükəli vəziyyət yox idi. İkinci hissəyədək üstünlük bizdə idi. “Qarabağ” bizi əks-hücumda yaxaladı və bunun qarşısını ala bilmədik. Artıq qrupdan çıxmaq üçün digər komandalardan asılıyıq.

 

- Komanda bu oyunda qələbə üçün yetərincə xarakter göstərdimi?
- Deməzdim ki, futbolçular bu gün xarakter göstərmədilər, döyüşmədilər. Bunu deyənlər oyuna baxmayıblar. Bazar günü çempionatda oyunumuz olmuşdu. Bütün qarşılaşma ərzində qol imkanları yaradırdıq. Ancaq rəqib əks-hücumda oynamağa hazır gəlmişdi. Onlar buna hazır idilər. Son 20 dəqiqədə biz ümumiyyətlə fiziki cəhətdən çox yorğun göründük. Bu, həlledici oldu.

 

- Avropa Liqasında qrupdan çıxmamaq təhlükəsi var. Çempionatda da digər rəqiblərdən bir qədər geridə qalmısız. Komandadakı gələcəyiniz üçün təhlükə görürsüz?
- Çempionat hələ yeni başlayıb. Cəmi bir neçə oyun oynamışıq. Bir neçə gün sonra çətin səfər qarşılaşmamız var. Futbolçularım o vaxta qədər dincəlib, özünə gəlməlidir. Çətinliklər bizi qorxutmur. Növbəti oyuna hazırlaşırıq. Bundan sonra da meydanda var gücümüzlə mübarizə aparacağıq.

 

- Komandada nə baş verir? Əvvəllər çox qol vəziyyəti yaradırdız, indi isə fərqli vəziyyətdir. Həm cinahlardan, həm də mərkəzdən təhlükə hiss olunmur. Nə baş verir?

- Rəqiblər oyunumuzu öyrənir, bizə qarşı tədbir görürlər. Biz də, vəziyyəti dəyişməyə çalışırıq. Bu gün 5-6 oyun vəziyyətində, 2-3 dəfə də standart vəziyyətlər zamanı təhlükəli olduq. Heç bir komanda bizim kimi 25-30 qol vəziyyəti yaratmır.


- PAOK sanki standart oynayır. Oyunu öz üzərinə götürəcək futbolçu yoxdu. Bunu necə dəyişməyi düşünürsüz?
- Səhvlərimizi bilirik. Hər dəfə onları təhlil edib, aradan qaldırmağa çalışırıq.

 

- Malezas bu gün niyə oynamırdı?

- Malezas ardıcıl 3 oyunda 90 dəqiqə meydanda olub. Bizim əlimizdə 4 eyni səviyyəli müdafiəçi var. Buna görə, onları əvəzləyirik ki, özlərini bərpa edə bilsinlər. (report)

Xəbər xətti