“Kəpəz”in əsas komandası üçün qış fasiləsinin bitməsinə bir gün qalıb. “Sarı-göylər” yanvarın 11-də məşqlərə başlayacaq.
Sportal.az xəbər verir ki, hazırlıqda komandanın zədəsini artıq sağaltmış üzvləri də iştirak edə biləcək. Belə futbolçulardan biri də Davud Kərimidir. Qapıçı çempionatda fasilə yaranmamış məşqlərin birində sıradan çıxıb. Ona dizin iç yan bağının burxulması diaqnozu qoyulub.
Qolkiper klubun saytına açıqlamasında problemlərin geridə qaldığını deyib: “İstirahət müddətində müalicəmlə məşğul olmuşam. Diz bağlarımda problem vardı deyə günüm həkim yanında keçib. Tibb personalı ilə birlikdə zədəmin tez sağalması üçün əlimdən gələni etdim. İnşallah, ayın 11-də komanda ilə məşqlərə başlaya biləcəyəm. Bildiyiniz kimi, fasilə yaranmamışdan öncə uşaqlardan ayrı düşmüşdüm. İndi hər şey yaxşıdır. Müalicə prosesi ilə yanaşı, zədə imkan verdiyi qədər fərdi şəkildə məşqlər də etmişəm. Hələ dostlarla öz aramızda keçirdiyimiz oyunlarda qapıda da durmuşam. Zədəm yaxşılığa doğru gedir. Az da olsa ağrılar var, amma bu mənə qrup halında məşqlərə qoşulmağa mane olmayacaq”.
Kərimi ötən mövsümün əvvəlində “Kəpəz”ə keçsə də, hələ komandada debüt edə bilməyib. O, Premyer Liqa və kubok oyunlarında ehtiyatda qalıb. Bununla belə, ruhdan düşməyən Davud öz vaxtını gözləyir: “Komandaya kim kömək edə, xeyir verə bilirsə, məşqçilər həmin futbolçuları da oynadır və düz də edirlər. Əsas olan bir oyunçunun yox, “Kəpəz”in uğurudur. Mənim oynayıb-oynamamağım önəmli deyil, əsas olan komandanın məqsədinə çatması, mövsümün sonunda Avropa Liqasına vəsiqə qazanmasıdır. İndi hamımız buna çalışırıq. İnanıram ki, çempionatın ikinci hissəsində məşqçilər korpusu mənə də güvənəcək. Həmişə oynamağa hazıram, təlim-məşq toplanışında özümü göstərməyə çalışacağam. Bunu baş məşqçimiz Şahin Diniyevə də demişəm. Seçim məşqçinindir və hələ ki, onun şans verdiyi qapıçı ümidləri doğruldur. Belə də mən seçimin düzgün olduğunu deyə bilərəm. Qismət olacaqsa, mən də heyətdə yer alacağam. Özümü heç kimdən zəif və ya güclü hesab etmirəm. Rəqabətdən də çəkinmirəm. Komandaya ehtiyatda oturmaqla yox, oynamaqla kömək etmək istəyirəm”.
saytlarin hazirlanmasi