Türkiyədə yaranan əlverişsiz hava şəraiti ucbatından qardaş ölkəyə yollana bilməyən “Sumqayıt” bu gün təlim-məşq toplanışını keçirmək üçün Antalyaya üz tutub. "Kimyaçılar" birbaşa reyslə adıçəkilən şəhərə gedəcək.
Sportal.az xəbər verir ki, baş məşqçi Samir Abasov əvəzedici komandanın 3 futbolçusu Xaliq İbrahimov, Ülvi Süleymanov və Tural Bayramlını da Antalyaya gedən heyətə daxil edib. Mütəxəssis bu barədə saytımıza açıqlamasında söyləyib:
“Əvəzedicidən 3 futbolçu bizimlə gedir. Xaliq İbrahimov, Ülvi Süleymanov və Tural Bayramlını sınamaq fikrimiz var. Əvəzedici heyət də özümüzündü, gözümüzün qarşısındadırlar. Bu uşaqları fakt tanıyıram. İstəyirəm onları daha yaxından görüm. Tural kubok oyununda da oynamışdı. Bütün oyunçular diqqətimizdədir. Amma bu o demək deyil ki, onlar təlim-məşq toplanışından sonra əsas heyətdə oynayacaqlar. Özləri də buna hazır olmalıdırlar. Özünüz də bilirsiz ki, Samir Abasov gənclərə şans verir və bunu xoşlayır. Əgər gənc futbolçular zərrə qədər özünü göstərsə, mən şans verəcəm. Ehtiyatda kimin oturmasının fərqi olmaycaq, 100 faiz oynayacaqlar. Amma oynamasalar, deməli, hazır deyillər. Hazır olanları sınamağa hər zaman hazıram”.
Bundan əlavə, komandanın müdafiəçisi Ayaz Mehdiyev müalicə aldığı üçün Antalyaya yollanmayıb.
Qeyd edək ki, "Sumqayıt"ın Antalya toplanışı yanvarın 21-də başa çatacaq.
saytlarin hazirlanmasi