Argentinalı futbol əfsanəsi Dieqo Armando Maradona növbəti dəfə Peleyə "ilişib".
"Napoli"nin tarixində qazandığı 2 liqa çempionluğundan böyük əməyi olan Maradona 1986/87-ci il mövsmündə qazanılan ilk çempionluğun 30 illik yubileyində iştirak edib.
Sportal.az "La Repubblica" qəzetinə istinadən xəbər verir ki, 56 yaşlı mütəxəssis verdiyi açıqlamalarla gündəmi zəbt edib:
"Burada həmişə özümü evimdəki kimi hiss etmişəm. Gələn hər kəsə təşəkkür edirəm. Bu tədbirdə biletlərin qiymətləri 300 avro təyin edilmişdi. Bilirsiz bunu niyə belə etdik? Çünki Pelenin şoularında biletlərin qiyməti maksimum 200 avro olurdu. O, həmişə 2-ci olmaq məcburiyyətində olub".
Qeyd edək ki, Maradona 1984-91-ci illərdə "Napoli"nin heyətində 188 oyuna 81 qol vurub. 1 UEFA kuboku, 2 Seriya A çempionluğu, 1 İtaliya kuboku və 1 İtaliya Superkubokunu qazanan Maradona adını klubun tarixinə qızıl hərflərlə yazdırıb.
Əlavə edək ki, tədbir zamanı klub prezidenti Aurelio De Laurentiis Maradonanı "Napoli"nin səfiri təyin edib.
Xatırladaq ki, Maradona bir müddət əvvəl klub prezidentini Qonsalo İquani "Yuventus"a satdığı üçün "O, imkanı olsa, pula görə arvadını da satar" - deyərək aşağılamışdı.
saytlarin hazirlanmasi