Cari mövsümün ikinci yarısına hazırlığı “Kəpəz” Mərdəkan qəsəbəsindəki AFFA Futbol Mərkəzinin ərazisində inşa edilmiş Milli Komandaların Təlim-Məşq Bazasında keçirib. Komanda toplanış müddətində fiziki, taktiki və texniki hazırlıq üzərində işləyib.
Sportal.az xəbər verir ki, “sarı-göylər”in hücumçusu Tural Qürbətov çempionata hazırlıqla bağlı klubun rəsmi saytına fikirlərini bölüşüb:
“Təlim-məşq toplanışı bir həftə davam etməsinə baxmayaraq, iki həftəlik fiziki yükləməni götürdük. Səhərlər dəniz kənarında, günortadan sonra isə meydanda toplarla keçirilən məşqlər çox ağır idi. Məşqlərin bizim üçün faydası çox olacaq və bunun bəhrəsini çempionatda görəcəyik. Şikayətlənməyə dəyməz, əksinə bu, bizim xeyrimizədir. Bu cür toplanış fiziki hazırlığı artırmaq baxımından lazım idi”.
Bakıda “Kəpəz” 4 yoxlama oyunu da keçirdi ki, Qürbətov 2 belə görüşdə əsas heyətdə meydana çıxmışdı:
“Baş məşqçimiz bildirmişdi ki, bu matçlar bizə özümüzü göstərmək yox, daha çox fiziki yükləməni necə qəbul etdiyimizi görmək üçün idi. Odur ki, nəticə önəmli deyildi. Ağır məşqlər keçdiymizdən ayaqlarımız çox yorğun idi. Meydanda çətinlik çəkirdik. Düşünürəm ki, çempionata yaxşı hazırlaşmışıq. Belə toplanışdan sonra məncə, fiziki problemimiz olmayacaq. Hər şey özümüzdən asılıdır, psixoloji cəhətdən oyunlara hazır olmalıyıq. Meydana qələbə üçün çıxmalıyıq”.
saytlarin hazirlanmasi