Yaşar Vahabzadə: "Almaniyaya qarşı mübarizə aparmaq mümkündü"

15:54 - 26 Yanvar 2017

“Qrupumuzdan razı qalıb-qalmamağımız heç bir önəm kəsb etmir. Kimlərsə bizimlə eyni qrupa düşməli idi”.

 

Sportal.az xəbər verir ki, bu sözləri apasport.az saytına açıqlamasında 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Yaşar Vahabzadə deyib.
 
U-21-lər arasında AVRO-2019-un seçmə mərhələsinin püşkü atılıb. V qrupda yer alan millimiz Almaniya, İsrail, Norveç, İrlandiya və Kosovo ilə mübarizə aparacaq.
 
Püşkün nəticəsini dəyərləndirən Vahabzadə rəqiblərdən Almaniyanı xüsusi fərqləndirib. O, digər millilər barədə hələlik geniş məlumata sahib olmadığını qeyd edib: “Püşkatmada biz məşqçilərin istəyi rol oynamır. Odu ki, bu qrupa düşməyi normal qəbul edirəm. Almaniya yığması barədə nəsə deməyə ehtiyac yoxdu. Hamı bu ölkənin milli komandalarının hansı gücdə olduğunu bilir. Qrupun favoriti Almaniyadı. Digərləri barədə isə informasiyam azdı, məlumat toplamaq lazımdı. Onu deyə bilərəm ki, onlara qarşı mübarizə aparmaq olar. Elə Almaniyaya qarşı da mübarizə aparmaq mümkündü, sadəcə, onlar qrupun ən güclüsüdülər. Rəqibimiz olacaq bütün yığmaların potensiallarını, nəyə qadir olduqlarını araşdıracağıq. Hər bir oyuna yaxşı hazırlaşmalıyıq”.
 
Qeyd edək ki, Avropa çempionatının seçmə mərhələsinə martda start veriləcək.

 

Xəbər xətti