Tadas Simaitis: "Türkiyə və ya İspaniyada da olsaydıq, belə hazırlaşacaqdıq"

11:35 - 28 Yanvar 2017

“Çempionatın ikinci hissəsi üçün təlim-məşq toplanışını Bakıda keçsək də, hər şey ideal oldu. Bizim üçün yaxşı şərait yaradılmışdı. İstədiyimiz kimi də hazırlaşa bildik”.

 

Sportal.az xəbər verir ki, bu sözləri "Kəpəz"in əsas komandasının üzvü Tadas Simaitis klubun saytına verdiyi açıqlamasında deyib. Litvalı qapıçı Premyer Liqanın qış fasiləsində “Kəpəz”in hazırlığı haqda danışarkən belə söyləyib. Tadas sözlərinə bu cür davam edib:

 

"Türkiyə və ya İspaniyada da olsaydıq, belə hazırlaşacaqdıq. Mən fərq görmürəm. Əsas olan toplanışdan səmərəli yararlanmaqdır. Düşünürəm ki, biz fasilə dövründən güclənməyimiz üçün ən yaxşı şəkildə istifadə edə bildik. Fiziki kondisiyalarımızı artırdıq, taktiki və texniki yöndə məşq etdik, yoxlama oyunları keçirdik. Biz sözlə, təlim-məşq toplanışı uğurlu alındı”. 

 

Simaitis “sarı-göylər”i çempionat üçün hazır saydığını da vurğulayıb:

 

“Fikrimcə, Premyer Liqaya hazırıq. Bütün komanda yoldaşlarım hazırlıq dövründə verilən tapşırıqları yerinə yetirməklə üzərinə düşəni etdi. Tətil günlərində də boş oturmamışdıq. Formamızı qorumaq üçün fərdi qaydada hazırlaşmışdıq”. 

 

“Kəpəz” III dövrənin ilk oyununda səfərdə “İnter” ilə görüşəcək. Çərçivə qoruyucusu bu matç haqda da fikirlərini klub saytı ilə bölüşüb:

 

“Komanda qələbəyə oynayacaq. Düzdür, rəqibimiz də eyni məqsəd üçün meydana çıxacaq. Odur ki, bizi qarşıda çətin oyun gözləyir. İlk iki dövrədə onlarla keçirdiyimiz görüşlərdə qalib müəyyənləşməyib. Bakıdakı qarşılaşmada qələbəyə daha çox yaxın idik. Təəssüf ki, artırma dəqiqəsində mənim səhvimdən sonra qapımızda qol gördük və hesab bərabərləşdi. İndi daha yaxşı oynamalıyıq”.

 

Tadas “sarı-göylər”in Avropa Liqasına vəsiqə qazanmaq üçün mübarizə aparacağını amma bunun heç də asan olmayacağını bildirib:

 

“Əgər qitə miqyaslı turnirə yenidən vəsiqə qazanmağı düşünürüksə, yersiz yerə xal itirməməliyik. Bütün oyunlara maksimum nəticə üçün çıxmalıyıq. Rəqiblərimiz də eyni istəklə mübarizə aparırlar. Ona görə də bu mövsüm daha çətin olacaq. Şans həmişə var, sədəcə, imkandan düzgün yararlanmaq lazımdır. Bizi qarşıda daha 14 oyun gözləyir. Marafon uzundur, layiqli şəkildə çıxış edib azarkeşlərimizi bir daha sevindirməliyik”. 

Xəbər xətti